Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu
 |
Sürücü əməyi - kölə əməyi
Şənbə, 19.09.2009
|
|
Paytaxtın sərnişin nəqliyyatı, onun problemləri və bu problemlərin həll yolları haqqında çox danışılır, qanunlar qəbul olunur, qərar və sərəncamlar verilir. Mövcud problemləri nizamlamaq üçün xüsusi qurumlar da yaradılıb. Amma... Hələ də sərnişin nəqliyyatında xaos və özbaşınalıq qalır.
Sərnişin nəqliyyatının problemləri ilə Nəqliyyat Departamenti məşğul idisə, indi həmin qurum ləğv olunmuş, onun bazasında Nəqliyyat Nazirliyinin "Bakı Sərnişin Nəqliyyatı" yaradılmışdır. Yenə də amma...
Görünür, ya problemin birdəfəlik həlli kimlərəsə sərf etmir, ya da sadəcə, müvafiq qurumlar vəzifələrinin öhdəsindən gələ bilmir. "Ayna" qəzeti olaraq dəfələrlə bu mövzuya toxunmuşuq və bu cümlələrin müəllifi də problemlə bağlı jurnalist araşdırması aparmaq fikrinə düşdü. Həmin araşdırmanın nəticəsində məlum oldu ki, əslində sərnişin nəqliyyatında baş verənlərin arxasında çox böyük büdcədənkənar pullar durur. Ayrı-ayrı şəxslərin cibinə gedən bu pullar də sərnişinlərin rahat və problemsiz mənzil başına çatmasına mane olur.
... Bir neçə marşrut üzrə hərəkət edən avtobusların gündəlik "plan"ı sentyabrın 15-dən artırılıb. Gündəlik planı artan marşrutlar sırasında Sulu-təpə yaşayış massivi istiqamətində hərəkət edən 156 A saylı marşrut da vardı. Bir neçə sürücü gündəlik "plan"ın artırılmasına etiraz edərək həmin gün kortəbii tətil təşəbbüsü ilə çıxış etmişdi.
Sürücülərdən Rüstəm Temurşahovun "Ayna"ya söylədiyinə görə, marşrut xəttinin Əhmədov Qəmbər Məcid oğlu ad-soyadlı sahibi əvvəl etirazçıları Nəqliyyat Departamenti ilə hədələyib və onları tətili dayandırmağa çağırıb. Buna məhəl qoymayan sürücülərin idarə etdikləri avtobuslar təxminən 30 dəqiqədən sonra həqiqətən SN əməkdaşları tərəfindən cərimə meydanına aparılıb. Dərisi boğazından çıxmış qardaşlarından ibrət alan digər sürücülər səslərini çıxarmadan "plan"a uyğun işləməyə başlayıblar. Daha sonra taleləri ilə barışan "tətilçilər" də avtobuslarını SN cərimə meydanından çıxarmağa gediblər.
"Bizə dedilər ki, 103 manat cərimə ödəməlisiniz. "Nəyə görə və həmin pulu hardan gətirək?" sualını isə cavablandıran olmadı", - deyə R.Temurşahov bildirmişdi.
Onun dediklərini digər sürücülər də təsdiqləmişdilər. Bunun həqiqətə nə dərəcədə uyğun olduğunu aydınlaşdırmaq üçün "Ayna"nın müxbiri srağagün avtobusların saxlandığı cərimə meydanında oldu. Burada yalnız 156 deyil, 206, 235 və digər marşrutlardan da avtobuslar "həbsdə idi".
"Biz bütün telekanallara, radiolara zəng edib bu biabırçılıq barədə məlumat vermişik. Bizdən avtobusu cərimə meydanından çıxarmaq üçün 203 manat pul istəyirlər və heç çek də vermirlər". Bunu isə "Ayna"nın müxbirinə 206 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü Sədi Bağırov dedi.
"Bizə deyirlər dayanacaqdan kənar saxlama, amma axşam da plan ver, gün boyu da hamıya pul payla. Axı biz nə edək? İndi də maşınları salıblar bura. Elə məbləğ cərimə tələb edirlər ki, onu verməyə heç cür imkanımız çatmır. Etiraz edəndə isə bizi qovurlar, söyürlər...". Bunu isə 235 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü Şamil Yüsifov bildirdi.
Bu deyilənləri dinləyən "Ayna" əməkdaşı SN rəsmilərinin də fikrini öyrənməyə çalışdı. Amma qəbul otağında əyləşmiş xanım müdirin otaqda olmadığını, onun mobil telefonunun nömrəsini bilmədiyini dedi. Yenidən cərimə meydanına qayıdan əməkdaş orada sürücülərin və cərimə meydanındakı avtobusların şəklini çəkməyə başladı. Aha... Bu zaman bir polis çavuşu və SN-in iki əməkdaşı jurnalistə hücum etdi. Onu "qanunsuz və gizli çəkiliş aparmaqda" ittiham edən həmin şəxslər jurnalistin vəsiqəsini, fotokamerasını, mobil telefonunu, hətta əlindəki dəftərçə və qələmi də zorla aldılar. Bax belə! Özünü isə zorla içəri, qurumun texniki nəzarət şöbəsinin müdiri Niyazi Rüstəmovun otağına apardılar.
Öz peşə vəzifəsini yerinə yetirən jurnalist burada sözün hərfi mənasında ciddi psixoloji təzyiqlə üzləşdi, onu "reketçilik", qanunsuz iş görməkdə ittiham etməkdən çəkinmədilər. Jurnalisti hədələyə-hədələyə haralarasa zəng edən N.Rüstəmov telefon danışığının nəticəsi olaraq yumşaldı və jurnalistə münasibətini "dəyişdirdi". Dərhal ondan əyləşməyi xahiş etdi, onun "qarovulunu çəkən" şəxslərə isə əmr etdi çölə çıxsınlar.
Tez-tez "reket" jurnalistlərin "hücumu"na məruz qaldıqlarından gileylənən N.Rüstəmov "Ayna" əməkdaşını onlarla səhv saldığına görə üzr istədi. N.Rüstəmov jurnalistin "müsadirə olunmuş" peşə əşyalarını da özünə qaytardı, onu saxlayan polis çavuşu və SN-in digər əməkdaşları ilə bərabər bir daha üzrxahlıq etdi və hətta sualları cavablandırdı. Məmurdan misli görünməmiş bir şey...
N.Rüstəmov cərimə meydanında hər hansı bir avtobusun "plan"ın qaldırılmasına etiraz etdiyi üçün saxlanmadığını dedi. Onun sözlərinə görə, təmsil olunduğu qurum bu kimi məsələlərə qarışmır. Bu məsələ sahibkarla sürücü arasında həll olunur. Konkret olaraq cərimə meydanına isə dayanacaqdan kənarda saxlayan, sərnişinlərlə kobud davranan, idarə etdiyi avtobus müvafiq tələblərə cavab vermədiyi təqdirdə gətirilir: "Biz heç kimi cərimə etmirik. Biz yalnız müvafiq pozuntulara yol vermiş sürücüləri dəvət edərək onlara yazılı və şifahi şəkildə izahatlar veririk", - deyə N.Rüstəmov vurğuladı.
Üstəlik sərnişin nəqliyyatı sahəsində aparılan "islahatlar" barədə də ağızdolusu danışdı, məqsədlərinin sərnişinlərə "keyfiyyətli və rahat xidmətin təmin edilməsindən ibarət olduğunu" dedi.
...Bu görüşdən təxminən 1 saat sonra cərimə meydanındakı avtobusları "həbsdən" azad etməyə başlayıblar. Həmin sürücülər "Ayna" əməkdaşına srağagün və dünən zəng edərək deyiblər ki, onlardan yalnız 3 manat (!) dayanacaq pulu alınıb.
Amma o çalışqan, sutkanın əksər hissəsini sükan arxasında olan bu yazıqların həmin o "qaldırılmış plan" çiyinlərindəir. Onların əməyi - kölə əməyi. Zəhmət çox, qazanc cüzi. Faktik olaraq, onlar bir qarın çörək üçün çalışırlar. Yolları bərbad vəziyyətdə olan Sulu-təpə istiqamətində hərəkət edən kiçik tutumlu avtobuslardan gün ərzində 22 manat "plan", təxminən 15-16 manat yanacaq pulu, 1 manat həkim pulu, 3 manat departament pulu, 20 manat avtobus kirayə haqqı və s. xərclər çıxır. Kiçik bir qəsəbəyə hərəkət edən xırda bir avtobus gün ərzində bu qədər pulu 20 qəpiklərdən toplamalıdır... Bu pulu çıxarmaq, üstəlik də həmin bir qarın çörəyin pulunu təmin etmək üçün onun gözünə qayda-qanunmu görünər?..
|
|
|
|
|
|
|