![]() |
çap et |
|
|||
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ACİ Budapeşt Fondunun institusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi "Alternativ inflyasiya səviyyəsinin hesablanması" proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu ilin avqust ayı ərzində qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib.
Mərkəzin idarə heyətinin sədri Qubad İbadoğlunun sözlərinə görə, bu ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 1,09 faiz artıb. Bakıda qiymətlər 1,65 faiz, regionlarda isə 0,54 faiz bahalaşıb. Ay ərzində qeyri-ərzaq məhsullarının qiymətində və xidmətlərdə azalma müşahidə edilsə də, ərzaq məhsullarının qiymətindəki 2,27 faizlik bahalaşma ümumi yekunda ayın inflyasiya ilə başa çatmasına səbəb olub. Avqustda əmtəə qrupları üzrə ən çox bahalaşma ərzaq məhsullarında: toyuq yumurtasında - 48,60 faiz, çiyələkdə - 26 faiz, yer pomidorunda 15,13 faiz baş verib. Xidmət sektorunda son bir ildə 6,8 faiz bahalaşma müşahidə olunub. İTM rəhbəri hesab edir ki, ilin sonunadək qalan müddətdə qiyməti hökumət tərəfindən tənzimlənən xidmətlərdə tariflər dəyişməsə, 2009-cu ilin yekununda Azərbaycanda 5 faiz civarında illik inflyasiya qeydə alınacaq. Hazırda qiymətlərə təsir göstərən amilləri sadalayan Qubad İbadoğlu ilk növbədə Ramazan ayını, mövsümi dəyişiklikləri, gömrük orqanlarında qeyri-rəsmi rusumların xüsusilə son 1-2 həftə ərzində ciddi şəkildə artırılması və yeni tədris ilinin başlanmasını qeyd etdi. Onun sözlərinə görə, daha bir amil dünya maliyyə böhranı və onun təsiri ilə ölkədə büdcə prosesində baş verən neqativ tendensiyalardır. Qubad İbadoğlu "Ayna"ya açıqlamasında bildirdi ki, İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri eyni zamanda bu ilin avqust ayının qiymətləri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında istehlak səbətinin dəyərini hesablayıblar. Hesablamalara əsasən, avqustda Azərbaycanda yaşayış minimumu adambaşına 130,16 manat təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 123,58 manat, pensiyaçılar üçün 114,87 manat, 0-15 yaşlı uşaqlar üçünsə 152,02 manat olub. Avqust ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 72,57 manat, pensiyaçılar 68,69 manat, 0-15 yaşlı uşaqların valideynləri isə 83,7 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri müvafiq olaraq 25,35 manat, 23,35 manat və 50,86 manat, minimum xidmət haqqı xərcləri isə 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib. Avqustda 0-15 yaşlı uşaqların minimum xərclərinin əmək qabiliyyətli əhalinin müvafiq xərclərindən yüksək olması faktına xüsusi diqqət çəkən Qubad İbadoğlunun sözlərinə görə, bunu bir neçə amillə izah etmək olar: "Əvvəla, Nazirlər Kabinetinin adambaşına istehlak normalarını təsdiqləyən qərarına əsasən, yumurta, süd və süd məhsulları normaları 0-15 yaşlı uşaqlar üçün əmək qabiliyyətli əhalidən daha artıqdır. Məsələn, yumurta norması əmək qabiliyyətli əhali üçün 135 ədəddir, 0-15 yaşlı uşaqlar üçün 169 ədəd. Yaxud süd və süd məhsulları əmək qabiliyyətli əhali üçün 193 kq-dır, uşaqlar üçün 247 kq. Bu, təbiidir, çünki uşaqların qida rasionunda qeyd edilən məhsullar böyüklərə nisbətən çoxdur. Avqust ayında məhz bu növ məhsullar daha çox bahalaşıb və bu da minimum istehlak xərclərində ciddi fərq yaranmasına gətirib çıxarıb. Digər tərəfdən, avqustun ikinci yarısında yeni tədris ilinə hazırlıqla bağlı uşaqlar üçün geyim mallarının bahalaşması baş verib ki, bu da həmin kateqoriya üçün minimum xərclərin artımına təsir edib". Mərkəz rəhbəri hesab edir ki, bu fakt hökuməti ciddi şəkildə narahat etməlidir. Çünki UNICEF-in hesablamalarına görə, Azərbaycanda yeni doğulan körpələrin cəmi 12 faizi ana südü ilə qidalandırılır. Qalan hissə isə bilavasitə qiyməti sürətlə bahalaşan süni qidalara möhtacdır. Belə bahalıq bir tərəfdən uşaqların normadan aşağı qidalanmasına və onların səhhətində problemlərə səbəb ola bilər. Digər tərəfdən isə xərclərin çoxluğu ailələrin daha az sayda yeni övlad dünyaya gətirmələri ilə nəticələnər: "Təsəvvür edin ki, 15 yaşadək 3 uşağı olan bir ailənin aylıq gəliri minimum 850-900 manat aralığında olmalıdır. Nəzərə alsaq ki, hazırda ölkədə orta aylıq əmək-haqqı 300 manat ətrafındadır, görərik ki, indiki şəraitdə buna nail olmaq çox çətin, əksəriyyət üçünsə qeyri-mümkündür. Azərbaycan hökuməti 2009-cu ili uşaq ili elan edib. Bu baxımdan, hökumətin dediyimiz məqama diqqət yetirməsi çox vacibdir". |