Daxili İşlər Nazirliyi (DİN) respublikanın kənd, qəsəbə və məhəllələrində sahə rəisi institutu yaradacaq. APA-nın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.
Onun sözlərinə görə, nazirlik artıq iki aydır bununla bağlı iş aparır: "Əgər əvvəllər sahə müvəkkilləri fəaliyyət göstərirdisə, indi sahə rəisi institutu yaradılacaq. İnstitutda üç nəfər təmsil olunacaq. Buraya azyaşlılar üzrə bir, ictimai asayişin təmin olunması üzrə isə iki nəfər daxildir. Bu institutun yaranmasında əsas məqsəd ictimaiyyətlə əlaqələri genişləndirmək, yerlərdə, xüsusilə məhəllələrdə, kənd və qəsəbələrdə polis-ictimaiyyət əlaqələrini yaxşılaşdırmaqdır".
Nazir müavini bildirib ki, bəzi hallarda elə problemlər olur ki, onları rayon səviyyəsinə qaldırmadan yerində həll etmək mümkündür. Sahə rəisləri də məhz belə problemlərlə məşğul olacaq.
Oruc Zalov yerlərdə ictimai şuraların yaradılması istiqamətində iş aparıldığını da qeyd edib. Onun sözlərinə görə, bu şuralar icra nümayəndəliklərində hörmətli, sözü keçən insanlardan yaradılacaq və 8-12 nəfərdən ibarət olacaq. Şuralar polis orqanlarına müraciət etmədən həlli mümkün olan məsələlərlə məşğul olacaq. я Oruc Zalov həmçinin bildirib ki, Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı Daxili İşlər Nazirliyində təqvim planı hazırlanıb. Nazir müavini deyib ki, bununla bağlı olaraq mühüm dövlət obyektlərinin mühafizəsinin gücləndirilməsi, mümkün terror və təxribatların qarşısının alınması üçün profilaktiki işlərin həyata keçirilməsinə başlanıb.
Oruc Zalov deyib ki, plana müvafiq olaraq namizədlərin təhlükəsizliyinin təmin olunması, ictimai qaydaların pozulması hallarının aradan qaldırılması, razılaşdırılmamış aksiyaların qarşısının alınması, qanunsuz silahların yığılması və s. tədbirlər həyata keçiriləcək. Nazir müavini yaxın günlərdə DİN əməkdaşlarının seçki prosesinə hazırlanması üçün bütün bölgələrdə seminar məşğələlər keçiriləcəyini deyib. Onun sözlərinə görə, nazirlikdə seçkilərlə bağlı "qaynar xətt" də yaradılacaq.
|