Dünən ATƏT-in Bakı ofisində bu qurumun rəhbərliyi və Avropa Komissiyasının Azərbaycandakı nümayəndələri ilə "Qarabağ və Respublika Uğrunda" vətəndaş hərəkatına daxil olan 6 müxalifət partiyası liderləri arasında görüş keçirilib ("Turan").
Görüşdə Müsavat Partiyasının lideri İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasını sədri Əli Kərimli, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, "Ümid" Partiyasının sədri İqbal Ağazadə və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak edib.
Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiyanın inkişafı məsələləri, dekabr ayının ortalarında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə edilib.
Bu görüşün detalları barədə məlumat verməsələr də, "Ayna"ya daxil olan məlumata görə, görüşdə əsasən 2009-cu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri müzakirə olunub. Müxalifət partiyalarının nümayəndələri Azərbaycanda hazırkı şərtlərlə azad, ədalətli seçki keçirilməsini qeyri-mümkün hesab ediblər. Avropa Komissiyasının nümayəndələri isə müxalifətçiləri hər bir seçkiyə növbəti siyasi şans kimi yanaşmağı xatırladaraq seçkilərin boykot edilməsini çıxış yolu hesab etməyiblər. Siyasilər isə hələ bu istiqamətdə qəti qərar vermədiklərini, amma hazırkı seçki komissiyalarının tərkibi və digər problemləri sadalayaraq bu seçkilərdə iştirakın mənasız olduğunu bildiriblər.
|