çap et  
Bu il Azərbaycan 46 hərbçi itirib
Bu il Azərbaycan 46 hərbçi itirib
Qeyri-nizamnamə və intihar halları artır
Şənbə, 12.09.2009

Cəsur Sümərinli

Hərbyönlü QHT-lər Koalisiyası 2009-cu ilin avqust ayında və ümumilikdə ilin 8 ayı ərzində Azərbaycan Silahlı Qüvvələrində baş verən itkiləri açıqlayıb. Koalisiyanın məlumatına görə, avqust ayında 8 hərbi qulluqçu həyatını itirib. Ötən ay 3 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Araşdırmalar göstərir ki, 1 hərbi qulluqçu intihar edib. Müvafiq dövrdə qeyri-nizamnamə hallarından, bədbəxt hadisələrdən həyatını itirənlər də var.

Xronologiya

3 avqust. Bakıdakı N saylı hərbi hissədə xidmət edən əsgər Fuad Məlikzadə dünyasını dəyişib. O, iyulun 22-də ağır dərəcəli yanıq xəsarəti ilə hospitala yerləşdirilmişdi.

5 avqust. Füzuli ərazisində təmas xəttində yerləşən N saylı hərbi hissənin əsgəri, Goranboy rayon Hərbi Komissarlığından çağırılmış (2008, iyul) Səyyad Həsənov (1990-cı il təvəllüdlü) əsgər yoldaşı tərəfindən güllələnib.

12 avqust. Füzuli rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin Füzuli rayon şöbəsinin "Vaz-2107" markalı avtomobildə olan, 1976-cı və 1980-ci il təvəllüdlü əməkdaşları həlak olublar.

13 avqust. İyul ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgərlərin zabitləri güllələməsi nəticəsində xəsarət alan mayor Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib.

18 avqust. 1985-ci il təvəllüdlü, Ağstafa rayon (Soyuqbulaq kəndi) Hərbi Komissarlığından çağırılmış gizir Qurbanov Elçin Camal oğlu Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində ağır yaralanıb.

22 avqust. Müdafiə Nazirliyinin Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində xidmət edən, 2009-cu ilin aprelində İsmayıllı rayon Hərbi Komissarlığından çağırılmış əsgər, 1991-ci il təvəllüdlü Rəşad Talıbov özünü xidməti silahı ilə öldürüb.

27 avqust. Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində 1978-ci il təvəllüdlü Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin tibbi xidmət leytenantı Şiriyev Zaur Şahin oğlu ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

28 avqust. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsində təlim zamanı faciəli hadisə baş verib. T-72 markalı tankın aşması nəticəsində tankın komandiri, gizir, 1983-cü ildə Ağstafada anadan olmuş Ramal Şofer oğlu Yusifov və müddətdən artıq xidmət göstərən hərbi qulluqçu, Naxçıvan Muxtar Respublikasının sakini, 1979-cu il təvəllüdlü Rahib Alim oğlu Qədimli həlak olublar. 1 hərbçi isə yaralanıb.

Nəticə

Beləliklə, 2009-cu ilin yanvar - avqust aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 46 nəfər təşkil edir. Hərbyönlü QHT-lər Koalisiyasının koordinatoru, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirir ki, cari ildəki itkilərin 11-i döyüş (8-i düşmən gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləridir.

Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 18, xəstəlikdən isə 4 hərbi qulluqçumuz dünyasını dəyişib. Yanvar - avqust aylarında 4 hərbi qulluqçumuzun intihar etdiyi bildirilir.

Ötən müddətdə dünyasını dəyişmiş hərbi qulluqçuların 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, qalanları isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Beləliklə, ekspertlərin fikrincə, Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr artan xətt üzrə inkişaf edir. Hərbyönlü QHT-lər Koalisiyası ekspertlərinin hesablamalarına görə, 2003-2009-cu illərdə 80 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 377 hərbi qulluqçusunu itirib. Onun 145 nəfəri döyüş (120 nəfəri düşmən gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 232 nəfəri isə qeyri-döyüş (48 nəfər intihar, 31 nəfər qəza, 77 nəfər qeyri-nizamnamə hərəkətləri, 36 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum vəziyyətlər, 25 nəfər müxtəlif xəstəliklər) itkiləridir.

Cari ildə 19 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayı 286 nəfərdən çoxdur.

Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış monitorinq nəticəsində ortaya çıxıb. İtkilərin əksəriyyəti rəsmi strukturlar tərəfindən təsdiqlənib.я Silahlı Qüvvələrdə baş verən itkilərin statistikasının rəsmi şəkildə açıqlanması praktikası Azərbaycanda hələlik yoxdur.

"Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri Üzeyir Cəfərov Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin sayının ildən-ilə artmasından narahat olduğunu bildirir. Onun sözlərinə görə, rəsmi strukturlar bu məsələyə xüsusi diqqət ayırmalıdırlar.

Qeyd edək ki, Hərbyönlü QHT-lər Koalisiyası 2005-ci ildən etibarən fəaliyyət göstərir. Koalisiyanın tərkibində 20-yə yaxın hərbyönümlü qeyri-hökumət təşkilatı cəmləşib.