 |
Baxırıqmı? Hər halda, Gürcüstana baxsaq, pis olmaz
Şənbə, 12.09.2009
|
|
Demə, bu yay mövsümündə bir çox azərbaycanlılar qonşu Gürcüstanda dincəliblər: Bakurianidə, Sxaltuboda, Batumidə, Abastumanidə... Bakurianidə dincəlmiş tanışım xoş bir ovqat içərisindəydi: füsunkar gözəllik, ideal təmizlik, xoş münasibət və bizim Azərbaycandakı istirahət yerləri ilə müqayisədə xeyli ucuzluq... Gələn il də oralara getməyi düşünür. Bu adam çirkab sularının birbaşa çimərliyə axıdıldığı, meşəsində isə natəmizlik və zir-zibil əlindən təmiz yer qalmayan və bütün bunlar bir yana, çox bahalıq olan Nabranın "istirahət mərkəzlərinə" bir daha ayaq basmayacağını deyir.
Rusiya ilə keçənilki avqust savaşına, Rusiya mediasında var qüvvə ilə bu ölkənin mənfi imicinin yaradılmasına can atıldığına baxmayaraq, Gürcüstan xarici turistlər və investorlar üçün cəlbediciliyini günü-gündən artırmaqdadır. Avropadan, varlı ərəb ölkələrindən, Orta Asiyadan, Türkiyədən, Ermənistan və Azərbaycandan iş adamları bu ölkəyə gəlib öz bizneslərini qururlar. Prezident Saakaşvili özü azərbaycanlıların Gürcüstana investisiya qoyduğunu TV ekranından təqdir etmişdir.
Xaricilərin Gürcüstandakı uğurlu biznesləri barədə çoxlu məlumatlar əldə etmişik. Misal, bizim tanıdığımız "İveria" mehmanxanasını indi qazaxıstanlı biznesmenlər alıb. Türkiyəlilərin Gürcüstanın Qara dəniz sahil zolağında yaxşı biznesləri var. Ərəb kapitalının Gürcüstana marağı artmaqdadır. Təbii ki, xaricilərin bu fəallığını gürcülərdən gözü götürməyənlər, mediada "Ay aman, Gürcüstanı qarış-qarış satdılar", - deyə qışqıranlar var. Prezidentin cavabı təqribən belədir: "Bizdə kapital az, onlarda çox. Gedəndə çiyinlərinə götürüb aparmayacaqlar ki, burada qalacaq. Pulunuz olar, onda alarsınız".
Dövlət xarici investisiyalara qarantiya verir. Prezident xaricdəki səfirlərin nə dərəcədə yaxşı işlədiyini onların həmin ölkədən Gürcüstana nə qədər investisiya yönəldə bildikləri ilə ölçür. Oradan Gürcüstana investisiya yoxsa və ya çox azsa, deməli, səfir yarıtmaz işləyir.
Bu səfir o saat işi ilə vidalaşmalıdır.
Adam niyə biznesini Gürcüstana köçürür?
Beləliklə, qonşuya baş çəkmiş soydaşlarımız bu ölkəni tərifləyir və iş adamlarımız öz bizneslərini Azərbaycandan çıxarıb Gürcüstana köçürür. Bu yaxınlarda bir sıra üstün məqamlara biz də şahid olduq.
Köhnə tanışım, adının çəkilməsini istəməyən bir iş adamı Bakıdakı öz biznesini Gürcüstana köçürüb və bunun səbəblərini izah etdi. Bunu üzləşdiyi dözülməz şərait üzündən etdiyini deyir. Özünün söylədiyinə görə, Tbilisidə və Rustavidə öz işini qurması üçün meriyadan ona səkkiz yer göstərilib və seçim etməsi təklif olunub. Və pulsuz, rüşvətsiz, şapkasız. O deyir ki, bu ölkədə qanunlar işləyir və əlavə edir, burada gerçəkdən "qanun şahdır, şah qanun deyil". Məmur özbaşınalığı keçmişdə qalıb.
O təsdiqləyir ki, Gürcüstanda nazir oliqarx yoxdur, nazirlərin vaxtaşırı rotasiyası keçirilir. Heç bir nazir və ya yüksək vəzifələrə təyin olunanlar bir kabinetdə "kök ata bilmir". Həddini aşan, özünü "balaca padşah" sanan naziri prezidentin döyüb işdən qovduğu hallar da olub. Bizə elə gəlir ki, Saakaşvilinin bu metodu Qafqaz praktikasında heç də pis deyildir.
Maraqlanırıq: bizdəki "dözülməz şərait" dedikdə, iş adamları nəyi nəzərdə tuturlar? Birincisi, iddia olunur ki, iqtisadiyyatın bütün sahələrində inhisarçılıq qalır. Yoxlayıcı orqanların sayı artmaqdadır, hətta güc strukturları da onların işlərinə müdaxilə imkanlarını qanuniləşdirməyi bacarmışlar. Ödənişlər, tələb olunan rüşvətin həddi o dərəcədə artıb ki, bəzi hallarda xırda və orta biznesi maddi maraq olmayan bir məşğuliyyətə çevirir. Xaricdən mal gətirdikdə, sərhəd-buraxılış məntəqələrində açıq bir şəkildə soyğunçuluğa məruz qalırlar. Qanunlar əksər hallarda onları müdafiə etməkdə acizdir, tenderlərdə saxtakarlıq edilir və s.
Təzə maşın, yol polisi, nömrə, pasport
"Qonşu qonşuya baxar, canını oda yaxar". Bizdə belə bir türk məsəli var. Fəqət çox təəssüf ki, baxmırıq, Gürcüstana, orada görülən işlərin fəlsəfəsinə, atılan addımlara baxsaq, pis olmazdı. Dünya gör-götür dünyasıdır. Bir-iki faktı misal gətirmək pis olmazdı.
"Gürcülər yaxşı və təzə maşına minməlidir". Onlarda xaricdən gətirilən avtomaşınlara gömrük rüsumu bizdəki ilə müqayisədə 30-40 faiz aşağıdır. Bizdə belədir ki, bir maşın özünə almaq istəsən, gərək birinin də pulunu gömrük rüsumu şəklində hökumətə verəsən.
Bizdə məmurların cibinə axan çox böyük pullar Gürcüstanda qanuni yolla dövlətin büdcəsinə axıb tökülür. Özü də bunlar az pul deyil. Məsələn, bu ölkədə yol polisinin yollardakı hökmranlığına son qoyulub. Onlarda "radara düşmək" dəhşəti yaşanmır. Bizdəki kimi, yol kənarında saxlanmış, qarpız-yemiş yüklü cındır "jiquli"lərdə, palanlı eşşəyin belində radar monitoru gizlədilmir. Yol hərəkət qaydalarının pozulma növləri üzrə cərimələrin məlum tarifləri var..
|
|
|
Oxşar xəbərlər:
Müğənni Zamiq: "Mübarizə üçün strategiya seçməmişəm"
Bölgələrdə soyuducu anbar kompleksləri yaradılır
Sevgilisinin üstündə biznesmeni öldürdü
|
|
|