çap et  
Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası
Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası
Bütün bunların arxasında nələr durur?
Şənbə, 12.09.2009


Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar M

Rusiya və Avropa mətbuatında, siyasi çevrələrində "Quzey Qafqaz" məsələsi gündəmə gəlməkdədir. Bir sıra təhlilçilərin fikrincə, ilk öncə çeçen məsələsi kölgədən çıxaraq yenidən günün mövzusuna çevrilib. Belə ki, mühacirətdə olan İçkeriya-Çeçen Hökumətinin baş naziri Əhməd Zakayevin və 2003-cü ildə Kreml tərəfindən yaradılmış Çeçenistan hakimiyyətinin parlament spikeri Dukvax Əbdürəhmanovun Oslo, Sürix və London görüşlərini Kreml bir cür, Avropa siyasi çevrələri isə başqa cür yozmaqdadır. Kreml bu görüş və anlaşmalardan ehtiyatlanır. Düşünür ki, Çeçenistan və Quzey Qafqazda etibar etdiyi hökumətlər gizlində "separatizm"lə bağlı ola bilərlər.

Bundan ehtiyat edən, üstəlik də regionda insan hüquqları təşkilatlarının fəaliyyətini genişləndirməsindən narahatlıq keçirən güclər məhz bu qurumların regional liderlərini terror etməyə başlayıblar. Çox maraqlıdır ki, hüquq müdafiəçilərinin vəhşicəsinə qətlə yetirilməsini Kreml və regiondakı "Qafqaz İslam Əmirliyi" sükutla qarşılayıb. Bütün bunların arxasında nələr durur? Quzey Qafqazın daimi savaş meydanına çevrilməsində kimlər maraqlıdır?

Diametrik qarşıdurmalardan çıxış yolu

Bu gün Quzey Qafqazın Dağıstan, İnquşetiya, Çeçenistan və Kabarda-Balkar respublikalarında RF DİN Daxili Qoşunları və FSB-yə bağlı olan xüsusi təyinatlılar, eləcə də yerli polis antiterror əməliyyatları aparır. Bunun gedişində çox zaman günahsız qurbanlar olur. Bu kimi halların qarşısının alınmasında Rusiya hüquq müdafiə təşkilatlarının çox böyük əməyi var. "Memorial", Rusiya İnsan Hüquqları Cəmiyyəti, Moskva "Helsinki İnsan Hüquqları Komitəsi", Rusiya İnsan Hüquqları Hərəkatı və onlarca digər təşkilatların indi Quzey Qafqazın bütün bölgələri üzrə yerli özəkləri yaranıb. Digər tərəfdən, bu təmsilçiliklər həm də beynəlxalq təşkilatlarla ortaq layihələr əsasında fəaliyyət göstərir. Bununla da faktiki olaraq regionda insan hüquqlarının durumu ilə bağlı hər gün beynəlxalq birlik anındaca məlumatlandırılır.

Hər halda, belə bir fəaliyyət bölgədə müharibə və uydurma "antiterror əməliyyatları" tərəfdarlarının qanunsuz əməllərinin ifşası ilə müşayiət edilir. Məhz buna görə də hüquq müdafiəçiləri hər addımda təhdid olunur və onların terrora məruzqalma, öldürülmə riskləri artır. Bunu son ayların təhlilləri də sübut edir. Çeçenistan, İnquşetiya və Dağıstanda hüquq müdafiəsilə məşğul olan insanların terror olunması, ofislərinin yandırılması, ailə üzvləri və yaxın qohumlarının daim təhdid olunmaları adi haldır. İnquşetiyada hüquq müdafiəçisi Roza Malsaqova ölüm təhlükəsindən yayınmaq üçün Fransada qaçqın statusu almışdır. İnquşetiya İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının lideri Məhəmməd Evloyev birbaşa prezident Yunusbəy Evkurovun gözləri qarşısında polislər tərəfindən döyülərək öldürüldü. Dağıstanda "Əsgər Anaları Komitəsi" təşkilatının mərkəzi ofisi günün günorta çağında yandırıldı. Zülfiyə Məhəmmədova, Zamirə Qasımova, Svetlana Bəymirzəyeva və digərlərinə qarşı təhdidlər müntəzəm şəkil alıb. Bir sıra qəzetlərə qarşı saxta dəlillərlə məhkəmə ittihamları bu mətbu orqanları hər an qapanma təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu kimi faktların sayı artmaqdadır.

Çeçenistanda Nataliya Estemirova, Zarema Sadullayeva, Əli Cəbrayılov və digər məşhur hüquq müdafiəçilərinin terror olunaraq öldürülmələri mədəni dünyanı həyəcana gətirmişdir. Bütün bunları diqqət mərkəzində saxlayan Quzey Qafqazdakı siyasi, dini liderlər, politoloqlar, eləcə də Avropada mühacirətdə olan qafqazəsilli liderlər fərqli düşərgələrə mənsub olsalar da, problemlərin birlikdə həlli üçün təşəbbüslər irəli sürməyə başlayıblar. Əsas məqsəd qarşıdurmaların həllidir. Bu prosesin başlanmasına qarşı savaş ocaqlarının yenidən alovlanması da gözdən qaçmır. Çünki çıxış yolu olaraq bölgədə vətəndaş cəmiyyəti qurulmasının gərəkən şərtlərinə önəm verilməkdədir.

Maraq doğuran səbəblərdən biri də odur ki, məhz radikal islamçı hərəkatlar və Rusiyanın korrupsioner gücləri Quzey Qafqaz üçün yeni siyasətə çevrilməkdə olan vətəndaş cəmiyyəti anlayışının inkişafına qarşı birləşiblər.

Soyuq savaşın qırıntıları

Quzey Qafqazda vətəndaş cəmiyyəti qurma cəhdləri və ötən yüzilin mirası kimi qəbul edilən "soyuq savaş" qırıntıları bu gün eyni vaxtda təzahür edir. Sonuncular problemlərin həllinə göstərilən cəhdlərə sarsıdıcı zərbələr endirir. İnformasiya texnologiyaları Quzey Qafqazda, xüsusilə Çeçenistanda baş verənləri ənənəvi "ağ-qara" qavramında gündəmə gətirir. Quzey Qafqaz proseslərini süni şəkildə iki qütbə ayırmağa cəhdlər edilir. Əslində isə çağdaş dünyada hər hansı bir barışın əldə olunma imkanları nəzəri cəhətdən hüdudsuzdur.

Bu baxışlara münasibətləri təhlil etdikdə maraqlı olan güclərin istənilən an hər hansı barış cəhdinə informasiya məkanında dağıdıcı zərbələr vurduğunu görürük. Bununla da barışın əldə olunmasında, vətəndaş cəmiyyəti qurulmasında qütbləri yaxınlaşmağa qoymaq istəməyən güclərin maraqları "ictimailəşmiş" olur.

Müxtəlif texnologiyalar tətbiq etməklə proseslər daim böhran həddində saxlanır. "Savaş partiyası"nın iştahı hüdudsuzdur. Yüz minlərcə insanın ağır həyat tərzi hesabına savaşın daha da gəlirli bir məşğuliyyətə çevrilməsində onların maraqlı olduqları açıq görünür.

Qəribə burasıdır ki, beynəlxalq qurumlar Quzey Qafqazla bağlı hər hansı təşəbbüs göstərməyə tələsmir. Bu laqeydlik isə bölgədə vətəndaş cəmiyyətinin qurulması, barış təşəbbüslərinin inkişaf etdirilməsi yönündə atılan ciddi addımların mənasız olması qənaəti formalaşdırır. Qərb tərəfindən dumanlı bir şəkildə irəli sürülən təşəbbüslər çox zaman bölgədə mənasız bir cəhd kimi qəbul olunur.

Neft maqnatları və "savaş partiyası"

1994-cü ildə ABŞ və Avropa çevrələri Qafqazda ümumi prosesləri təhlil edərək "ortaq neft bazarı" yaradılması təşəbbüsü ilə çıxış etmişdilər. Belə ki, Azərbaycan, Dağıstan və Çeçenistan, eləcə də Xəzər hövzəsi dövlətlərinin neft yataqlarının birlikdə istismarı, dünya bazarına çıxarılması istiqamətində gündəmə bir sıra ciddi layihələr gətirilmişdi.

O zaman "qara bazar" prinsipi əsasında daha çox mənfəət əldə etməyə önəm verən mafiyalar birinci rus-çeçen müharibəsini alovlandırmaqla bütün bu təşəbbüslərin üstündən qara xətt çəkdilər.

Bunun ardınca "qeyri-sabit və biznes üçün riskli olan Qafqaz" anlayışı yarada bildilər. İndinin özündə belə həmin siyasət davam etdirilməkdədir. "Qafqaz İslam Əmirliyi"nin elan olunması, radikal təmayüllü məzhəb və təriqətlərin inkişaf etdirilməsi həmin siyasətin məntiqi davamı kimi dəyərləndirilir.

Qərbin strateji araşdırma mərkəzlərinin tədqiqatlarında açıq şəkildə qeyd olunur ki, Quzey Qafqazda neftlə zəngin olan Çeçenistandakı radikal silahlı birləşmələrin əsas maliyyə dəstəyi "qara bazar"da neft hesabına milyardlar qazanan maqnatlara məxsus şirkətlər vasitəsilə həyata keçirilir. Quzey Qafqazdakı savaşın gizlinlərini məhz burada aramaq lazımdır. Bunun əzabını isə bu diyarın xalqları çəkir.

Qəribədir ki, Rusiya hüquq-mühafizə orqanları həmin neft maqnatları barədə cinayət suçluları kimi axtarış elan etməkdə həvəsli görünmür. Digər tərəfdən, Qafqaz problemlərinin həllində Qərb Rusiya ilə açıq qarşıdurmalardan ehtiyat edir. Çeçenistanda Rusiya tərəfindən 1994-1996 və 1999-2004-cü illərdə aparılan müharibələrdə öldürülən on minlərcə günahsız insana görə də Qərb çox ehtiyatlı davrandı. Halbuki hələ prezident Cövhər Dudayevin hakimiyyəti illərində dəfələrlə Çeçenistan və Rusiya arasında mövcud olan problemlərin həlli yönündə bir sıra təşəbbüslər olmuşdu. Moskva o vaxt bu təşəbbüslərin qarşısında, sadəcə, susqunluq nümayiş etdirirdi.

Bu prosesdə neft sektorunda qara bazarı idarə edən mafioz güclər Boris Yeltsinin liderliyində inkişaf etdirilən rus demokratiyasına qarşı idi və onlar Rusiyanı tədricən totalitar dövlət şəklinə saldılar. Bir sözlə, Quzey Qafqaz xalqlarının demokratiya dayanıqlı inamı Abxaziya, Güney Osetiya, Dağlıq Qarabağ sindromlarının tanınmamasında təsirli faktor idi. Son mərhələdə isə Rusiyanın Abxaziya və Güney Osetiyanı "tanımasına" mane ola bilmədi.

Bu gün "savaş partiyası" daha da siyasiləşdirilib və dini müstəviyə gətirilib. Bununla da Qafqaz xalqlarının özgürlük uğrunda demokratik şərtlər daxilində apardıqları mübarizə unutdurulmuş kimidir.

Beynəlxalq terrorizm və yeni sülh təşəbbüsləri

1999-cu ildən bəri Rusiyada törədilən bir sıra teraktlar, bunun davamı kimi "Dağıstan İslam Ordusu"nun Çeçenistan üzərindən Dağıstana həbri yürüşləri Quzey Qafqaz respublikalarını çox ağır duruma saldı. Başdan-başa silahlanmış və saqqallı dindarların sıralarında təmsil olunan "cihad tərəfdarları" bölgəni süni şəkildə çalxaladıqdan sonra üzlərini rahatca təraş edərək bu dəfə Rusiyanın elitar hərbi birliklərinin sıralarında görünməyə başladılar. Onlardan hətta "Rusiya Qəhrəmanı" adını, orden və medal alanlar da oldu.

Məhz bu aksiyadan sonra Quzey Qafqazda "şəbəkə savaşı" anlayışı gündəmə gətirildi. Quzey Qafqazın azad bir bölgəyə çevrilməsini istəyənlər ya susduruldu, ya da bölgədən uzaqlaşmağa məcbur edildilər. "Şəbəkə savaşı"nın tərəfdarları kimi çıxış edən radikal islamçı qüvvələr çeçen xalqına və Quzey Qafqazdakı proseslərlə bağlı aparılan beynəlxalq təşəbbüslərə daim ağır zərbələr vurmaqla həmin adamların susdurulmasına xidmət ediblər. Moskvada teatr binasının partladılması, Beslanda məktəb uşaqlarının terror olunması kimi çoxsaylı örnəklər var.

Hazırda Çeçenistanla yanaşı Kabarda-Balkar, İnquşetiya, Dağıstan və Qaraçay-Çərkəzdə ortaya çıxan radikal cərəyanlar və onlara qarşı Kreml tərəfindən aparılan "antiterror əməliyyatları" Qərbin sülh təşəbbüslərinin qarşısının alınması kimi dəyərləndirilməlidir. Öz milli kimlikləri, hüquq və azadlıqları yolunda təşkilatlanmaq istəyən hər bir kəs antiterror əməliyyatları müstəvisində məhv edilir. Ölüm maşını artıq işə salınıb. Abxaziya və Güney Osetiyanın "mafiozlaşmış sindikatlar tərəfindən idarə olunması modeli" Kremlin indiki hakimiyyətinin məhsuludur.

Mühacirətdəki İçkeriya-Çeçen Hökumətinin baş naziri Əhməd Zakayev tərəfindən ortaya atılan sülh təşəbbüslərinə cavab olaraq Çeçenistan, Dağıstan və İnquşetiyada teraktların sayı da artmağa başlayıb. Halbuki Rusiya rəsmi şəkildə elan etmişdi ki, Çeçenistanda xüsusi hərbi vəziyyət tam dayandırılıb. Bununla yanaşı, "Qafqaz İslam Əmirliyi" tərəfdarları Əhməd Zakayevə qarşı şəriət məhkəməsinin qərarı ilə ölüm hökmü çıxarmışdı.

Qafqazda sülh təşəbbüsləri yönündə atılan addımların bu şəkildə amansızlıqla qarşılanmasını tədqiq edən Qərb mərkəzləri bunu eyni zamanda NABUCCO layihəsinə qarşı adekvat addım sayırlar. Çünki neft kəmərlərinin ardınca qaz boru xətlərinin də Gürcüstandan keçməsi mafioz oliqarxlarda qorxu törədir. Bu baxımdan düşünmək olar ki, sülh təşəbbüslərinin bütün Qafqaz bölgələrini əhatə edən faktora çevrilməsi günün zərurətinə çevrilib.