"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"
 |
Statusun bu tezliklə müəyyənləşəcəyi inandırıcı görünmür
Şənbə, 12.09.2009
|
|
Bu gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstan dövlət başçılarının qeyri-rəsmi sammiti başa çatır. Bu toplantı regional əməkdaşlığın fəallaşması üçün vacibdir. Amma İran artıq bu sammitə dair narazılığını bildirib, çünki onlar bu toplantıya dəvət olunmayıb. Aktau sammitini "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edir.
- Aktau görüşündə hər hansı anlaşmanın imzalanmayacağı əvvəlcədən bəllidir. Bu mənada Aktau görüşündən ciddi nəticələr gözləmək yersiz olardı. Dövlət başçıları, sadəcə, Xəzərin statusu ilə bağlı fikir mübadiləsi aparacaqlar.
O ki qaldı İranın görüşə dəvət olunmamasına, bunun iki səbəbi var: birincisi, Aktau görüşünə MDB-yə üzv olan dövlətlər (Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan) dəvət olunub. İkincisi, Xəzəryanı dövlətlər içərisində statusla bağlı daha çox İranın sərt mövqedən çıxış etməsi də nəzərə alınıb. Yəni bir dövlət ki həmişə etiraz edir, onu konstruktiv müzakirəyə çağırmağa nə ehtiyac var?
Tehran rəsmiləri Aktau görüşünü İranın milli maraqlarına zidd adlandırıblar. Ancaq əgər lap belədirsə, Tehran bunun səbəbini öz siyasətində axtarmalıdır. Tehran beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Xəzərin dibinin bərabər hissələrə bölünməsini tələb edir.
- Rusiya mətbuatı Xəzər məsələlərində Azərbaycanla Türkmənistan arasında gərginliyin mövcudluğuna işarə vurur və qeyd edir ki, məhz bu məsələyə görə Türkmənistanın adı Azərbaycanın Hərbi Doktrinasında düşmən ölkələr siyahısına salına bilər...
- Azərbaycanın Hərbi Doktrinasında Türkmənistanın düşmən ölkə kimi göstərilməsi Rusiya mətbuatının xülyasıdır. Həmin Doktrinada yalnız Ermənistan düşmən dövlət kimi göstərilə bilər. Azərbaycanın Ermənistandan başqa digər qonşu dövlətlərlə normal münasibətləri var. Azərbaycanla Türkmənistan arasındakı münasibətləri gərgin adlandırmağın əleyhinəyəm. Hazırda münasibətlərdə istiləşmə var. Başqa cür olması da çətindir.
İki türkdilli dövlətin paylaşa bilməyəcəyi mövzu yoxdur.
Azərbaycan Xəzərdəki mübahisəli "Kəpəz" yatağını Türkmənistanla birgə işlətməyə hazırdır. Məncə, Aşqabad gələcəkdə bu təklifi qəbul edəcək. Xəzərin statusu ilə bağlı müzakirələr də davam edir. Türkmənistan Xəzərdə hərbi dəniz donanması yaratmaqda sərbəstdir. Başqa Xəzəryanı dövlətlər dəniz donanmalarını inkişaf etdirirlərsə, Türkmənistan da bu hüququndan istifadə edir.
- Tehran Aktau görüşünə dəvət edilməməsi səbəbindən məsələni Beynəlxalq Məhkəməyə çıxarmaqla hədələyir. Sizcə, İran hakimiyyətinin hazırkı istəyi nədən ibarətdir və rəsmi Tehran nədən ehtiyat edir?
- Tehran Aktau görüşünə dəvət olunmamasına görə Beynəlxalq Məhkəməyə baş vurması hədəsi gülünc səslənir. Heç kim İranın hüququnu pozmayıb, sadəcə, onu toplantıya dəvət etməyiblər. Rəsmi Tehran Aktauda hansısa razılaşmanın əldə oluna biləcəyindən ehtiyat edir. Həqiqətən statusla bağlı Rusiya, Azərbaycan və Qazaxıstanın mövqeləri bir-birinə yaxındır və bu 3 dövlət dənizdə enerji resurslarının istismarı ilə məşğuldurlar. Yerdə qalır Türkmənistanı yola gətirmək. İran isə, daha əvvəl vurğuladığım kimi, illərdir bərabər bölgü prinsipindən əl çəkmir.
- Necə düşünürsünüz, yaxın perspektivdə Xəzər üzərində Rusiya və ABŞ arasında hərbi-siyasi gərginlik yarana bilərmi?
- Doğrudur, ABŞ Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinə yardım edir, ancaq bu o demək deyil ki, Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görür. Vaşinqtonun marağı ondan ibarətdir ki, Rusiya Xəzərin enerji resurslarının istismarına və nəqlinə mane olmasın, qalanını isə həzm etməyə hazırdır.
Yəni əgər Rusiyanın Xəzərdə hərbi hegemonluğu Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji resurslarını Rusiyadan yan keçməklə dünya bazarlarına çatdırılmasına mane olmursa, Vaşinqtonun Kremllə Xəzərdə toqquşması mümkün görünmür. Yox, əgər Kreml Xəzərdəki hərbi hegemonluğundan yararlanaraq, qonşu dövlətləri hədələməyə başlarsa, onda, əlbəttə, Vaşinqton düyməyə basacaq.
- Rusiya mətbuatı yazır ki, indiki halda rəsmi Bakı Aşqabadla mübahisələri həll etməyi Qarabağ münaqişəsinin həllindən üstün sayır. Siz necə düşünürsünüz?
- Xəzərin statusunun müəyyənləşdirilməməsi ilə Dağlıq Qarabağ problemi arasında elə bir bağlılıq görmürəm. Azərbaycan bu gün bütün diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə kökləyib. Xəzərin statusu isə tək bizdən asılı olan məsələ deyil. Bir də ki, Xəzərin statusunun müəyyənləşməməsi Azərbaycana enerji resurslarını istismar etməkdə ciddi maneə yaratmır. Doğrudur, Azərbaycan "Kəpəz" və cənubdakı "İnam" yatağını işlədə bilmir, ancaq bu, digər zəngin yataqlarımızla müqayisədə elə böyük itki deyil.
- Sizcə, yaxın perspektiv üçün Xəzərin hüquqi statusu haqqında razılaşmanın əldə olunacağını proqnozlaşdırmaq mümkündürmü?
- İnanmıram ki, yaxınlarda Xəzərin hüquqi statusu müəyyənləşsin. Yenə deyirəm, hazırkı durum Azərbaycan üçün ciddi problem yaratmır. Xəzərdəki bölgü ilə bağlı Azərbaycanın Rusiya və Qazaxıstanla ikitərəfli müqavilələri var və bu, ölkəmiz üçün hələ ki yetərlidir.
|
|
|
Oxşar xəbərlər:
Türkmənistan millisinin qapıçısı "Neftçi"də
Xəzər Sammitinin tarixi müəyyənləşdi
Aktauda "Kəpəz" və ya "Sərdar"a aydınlıq gələ bilər
|
|
|