çap et  
"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"
"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"
Regionda gərginliyin artacağı proqnozlaşdırılır
Şənbə, 12.09.2009

Cəsur Məmmədov

Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) 2009-cu ilin avqust ayında Azərbaycanın və Cənubi Qafqazın müdafiə və təhlükəsizlik sektorunda baş verənlərə dair növbəti hesabatını açıqlayıb. Hesabatın girişində bildirilir ki, ötən ay Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda qeyri-fəallıq diqqəti çəkib. Amma bunlara baxmayaraq, ötən ay kifayət qədər hadisələr baş verib. Bu xüsusda əsas yeri əsasən Azərbaycanın NATO ilə, eyni zamanda Rusiya ilə hərbi əməkdaşlığının gücləndirilməsi, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həyata keçirilən danışıqlar və s. tutur.

HATM direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov "Ayna"nın əməkdaşı ilə söhbətində ötən ayın əvvəlində Rusiya və İran arasında Xəzərdə birgə hərbi donanma təlimlərinin keçirildiyini xatırlatdı. Onun sözlərinə görə, bu təlimlərdə Rusiya və İranın 30-dan artıq gəmisi, habelə vertolyotları iştirak edib. "Təhlükəsiz və təmiz Xəzər üçün regional əməkdaşlıq" adlanan təlim enerji məhsulları üzərində rəqabət səhnəsi olan dünyanın ən iri gölündə iki ölkənin maraqlarının müdafiəsinə yönəlmişdi.

İ.Məmmədov bildirdi ki, son vaxtlar Rusiya və İran hərbi donanmalarını gücləndirməklə məşğuldurlar və bununla da onlar bir növ ABŞ-a ismarıc göndərirlər. Onun fikrincə, Rusiya Xəzərdə hərbi hegemonluğa can atır, İran isə bu vəziyyətdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində istəyinə çatmaq üçün Azərbaycana aşkar siyasi və hərbi təzyiq göstərir.

Ekspertin fikrincə, Azərbaycan üçün ən asan çıxış yolu Qərblə, NATO ilə, xüsusilə də ABŞ ilə dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirməkdir. İ.Məmmədov düşünür ki, Azərbaycan nə qədər çox ABŞ-la açıq hərbi-dəniz əməkdaşlığına getsə, o qədər Rusiya və İrandan hərbi təzyiqlərin azalacağını proqnozlaşdırmaq olar.

Ekspert Azərbaycanın Pakistanla hərbi əməkdaşlığının gücləndirilməsini zəruri hesab edir. HATM hesab edir ki, Pakistan Azərbaycanın hərbi dəniz qüvvələrinin perspektiv inkişafına dəstək göstərən ölkələr sırasında xüsusi yer tutur.

İ.Məmmədov həmçinin qeyd etdi ki, Rusiyanın Cənubi Qafqaz və Orta Asiya ilə bağlı hərbi strateji planları getdikcə artır. Belə ki, Moskva və Bişkək arasında Qırğızıstanda Rusiyanın əlavə hərbi kontingentinin yerləşdirilməsi və hər iki ölkənin hərbçilərinin hazırlanması üçün təlim mərkəzinin yaradılması barədə memorandum imzalanıb. Razılaşma isə noyabrın 1-dək imzalanmalıdır. O deyir: "Düzdür, Qırğızıstanda yerləşdirilməsi nəzərdə tutulan rus hərbi kontingenti bir taburdan böyük olmayacaq, amma bu özü-özlüyündə bölgədə ABŞ və NATO-nun maraqlarına ciddi əngəldir. Rusiya Qafqaz və Orta Asiyanı heç bir vəchlə NATO-ya güzəştə getmək istəmir, o səbəbdən Kremlin hər iki bölgə ilə bağlı aqressiv addımlarının davamını yaxın vaxtlarda müşahidə etmək mümkün olacaq. İndiki hadisələr yaxın perspektivdə narahatlıq yaradacaq halların baş verəcəyindən xəbər verir"

Hesab edilir ki, avqust ayının əvvəlində Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri Rusiyanın regional planları ilə bağlı olub. Ekspertin fikrincə, Rusiya ilə 3 istiqamətdə: birincisi, hərbi təhsil sahəsində, ikincisi, hərbi texnika ixracında və üçüncüsü, Qəbələ RLS-in icarə müddətinin uzadılması çərçivəsində əməkdaşlıq Azərbaycanın Avroatlantik məkana inteqrasiya prioritetlərinə uyğun deyil.