"Texnikabank"da pul mənimsəyənlər hakim qarşısında
 |
10 milyon manatın taleyi sual altındadır
Şənbə, 12.09.2009
|
|
Müştərilərin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan "Texnikabank" Bakı Filialının sabiq rəhbəri Zal Yusifov və daha 14 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır və prosesə hakim Əlövsət Abbasov sədrlik edir.
Nə az, nə çox - 10 milyon...
İttihama görə, "Texnikabank" Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin banka qoyduğu təxminən 10 mln. manat pulu mənimsəyiblər. İttiham olunanlar ötən il sentyabrın 25-də həbs ediliblər. Bankın Bakı filialının fəaliyyəti isə dayandırılıb.
Bu adamlar CM 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və israfetmə) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə) maddələri ilə ittiham olunurlar.
İttiham aktında göstərilir ki, Raciyə Sultanova, Mehrac Qurbanov, Kəmalə Sultanova, Faiq Məmmədov, tanınmış kinorejissor Ənvər Əblucun oğlu Abbasqulu Əbluc, eləcə də, Teymur Aslanov, Səyyad Kazımov, Məcid Məmmədov, Samit Qafarov, Süleyman Qasımov, Rəfael Ağayev, Namil Rzaquliyev, Mehman Qafarov, "Bakcell" Şirkəti İdarə Heyətinin sabiq sədri, hazırda isə "Rabitə" ASC-nin səhmdarı və Müşahidə Şurasının üzvü Kamal Mədətov və başqa şəxslər "Texnikabank" Bakı filialına pul qoyaraq, hər ay bankdan depozit gəlir götürüblər. Lakin bankın rəhbər şəxsləri dələduzluq edərək onların pullarını mənimsəyiblər.
Bankı müştərilər məhkəməyə verib
Pullarını ala bilməyən zərərçəkmişlər Nərimanov və Yasamal Məhkəmələrinə müraciət ediblər. Rayon məhkəmələri müştərilərin xeyrinə qərar çıxarıb və bankdan pulları qaytarmaq tələb edilib. Lakin bank rəhbərliyi məhkəmə qərarından apellyasiya şikayəti verib. Apellyasiya şikayətində qeyd ediblər ki, bankın Bakı filialının rəhbəri Zal Yusifov və onunla birlikdə işləyən şəxslər həbs ediliblər və buna görə də bank rəhbərliyi icraatın dayandırılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsi "Texnikabank" rəhbərliyinin apellyasiya şikayətini təmin edib və icraatın dayandırılması və işin baxılmaq üçün MTN-ə göndərilməsi barədə qərar qəbul ediblər. Bu qərardan əmanətçilər Ali Məhkəməyə kassasiya şikayəti versələr də, şikayətləri təmin edilməyib.
Daha sonra ittihamda qeyd olunur ki, Raziyə Sultanova bu banka 127 min manat, Səyyad Kərimov 130 min manat, Məcid Məmmədov 100 min manat, Mehman Qafarov 55 min manat qoyub. Müştərilərdən bəziləri hətta evlərini satıblar və hazırda kirayədə qalırlar.
"Texnikabank" ASC "Bakcell" BM-in keçmiş rəhbəri Kamal Mədətova 300 min manat və 300 min ABŞ dolları əsas borc, 36 min manat və 68 min dollar faiz borcu ödəməlidir. Ona bank tərəfindən etiraf olunan məbləğin 250 min dolları qaytarılıb. Elşən Mədətovun 677 min avro əsas borcu və 100 min manatı, Mehrac Qurbanovun 623 min avro əsas borcu, 24 540 avrosu, 24 min ABŞ dolları və 15 417 manat faiz borcu mənimsənilib.
Bundan başqa, Maral Novruzovaya cəmi 116 min dollar, Namin Rzayevə 428 min 400 manat əsas borc və 71 396 manat faiz borcu qaytarılıb. İlham Rzayevin isə həmin bankdan faizlərlə birlikdə 226.784 dollar alacağı var, hələ ala bilməyib.
Raciyə Sultanovanın 127 min manat, Kamilə Sutanovanın 161 manat, Mehman Qafarovun isə 55 min manat pulunun bank rəhbərliyi tərəfindən mənimsəndiyi qeyd olunur.
Bank isə təqsirləndirilən şəxslərdən pul istəyir
Onu da qeyd edək ki, cinayət işi üzrə "Texnikabank" özü də zərərçəkmiş kimi tanınıb. Bankın hüquqşünasları Balabəy Məlikov və İlhamə Muxtarova prosesdə iştirak edirdilər.
Bank nümayəndələri bildirirlər ki, baş vermiş yeyinti ilə bağlı banka da ziyan dəyib və təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıblar.
Fəqət reputasiyasına xələl gəlmiş bankın hansı üzlə bunu tələb etməsi özü də olduqca maraqlıdır.
Zal Yusifovun qan təzyiqi vardı...
Cinayət işi üzrə təqsirləndirilən "Texnikabank" Bakı filialının sabiq rəhbəri Zal Yusifov məhkəmədə ifadə verməkdən imtina etdi. Bildirdi ki, hazırda qan təzyiqi var və ona görə ifadə verə bilməz. Əlavə etdi ki, prosesin gedişi zamanı suallara cavab verəcək və ittihamlara aydınlıq gətirəcək. Hakimin sualına cavab verən Zal Yusifov dedi ki, səhhəti prosesdə iştirak etməyə imkan verir: "Amma ayaq üstündə dayana bilmirəm. Ona görə də ifadə vermədim. Yerimdə oturaraq, məhkəməni dinləməyə səhhətim imkan verir".
"560 manat əməkhaqqı almışam"
Vüqar Behbudova ifadə verməsi təklif edildi. Vüqar Behbudov bildirdi ki, Zal Yusifov ifadə verəndən sonra ifadə verəcək. Buna görə də məhkəmənin hazırkı mərhələsində ifadə verməkdən imtina edir.
Daha sonra adı müğənni Xatirə İslamla bağlı qalmaqalda hallanan bankir oğlu İslam Yusifov ifadə verdi. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Bildirdi ki, ittihamın mahiyyətini başa düşsə də, həmin cinayətlərdə iştirak etməyib. Onun sözlərinə görə, bankda pulların təhvil verilməsindən və faizlərin hesablanmasından xəbəri olmayıb: "Mən bankda çox az vaxt işləmişəm. Daha sonra hərbi xidmətə yollanmışam. Ona görə də orada baş verənlərdən xəbərsizəm. Müştərilərin banka müraciət etmələrindən və banka pul qoymalarından, ümumiyyətlə, xəbərim olmayıb. Bankda işlədiyim müddətdə hər ay 560 manat əməkhaqqı almışam".
"Müstəntiq məndən məcbur ifadə alıb"
İslam Yusifovun sözlərinə görə, müştərilərlə təmasda olmayıb. Dövlət ittihamçısının müştərilərə faiz pullarının bankdan kənar yerdə çatdırılması barədə ünvanladığı suallara isə bankir oğlu belə cavab verdi: "Mən atamın tapşırığını yerinə yetirmişəm. Həmin pulların faiz və ya borc olmasından xəbərim olmayıb. Ata deyib ki, bu pulu apar filankəsə ver, mən də onun tapşırığı ilə həmin pulları deyilən ünvana çatdırmışam. Atamın əleyhinə ifadə verməklə bağlı istintaqda məndən məcbur ifadə alıblar. Müstəntiq istədiyi formada mənə ifadə yazdırıb. Mənə hüquqlarım izah olunmayıb. Deyilməyib ki, oğul ata əleyhinə ifadə verə bilməz. Mən heç vaxt atamın işinə qarışmamışam. O, kiminlə nə danışıb, kiminlə nə iş görüb, bundan xəbərim olmayıb. İttihamda yazılanlar kimi müştəriləri banka cəlb etməmişəm".
"Xatirə heç vaxt məni şantaj etməyib"
Daha sonra İslam Yusifova ona hədə-qorxu gəlinməsi və 100 min manatdan çox pul alınması barədə suallar verildi..
|
|
|
Oxşar xəbərlər:
"Araz"ın rəqibləri bəlli oldu
Mərahim Fərzəlibəyov: - Yeni tamaşalar sarıdan ciddi planlarımız var
"Gənclər satiranı kütləyə bayağı formada "yedizdirirlər"
Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
Yığma Braziliya ilə oynayacaq
|
|
|