Dünya maliyyə böhranı Azərbaycanın fond bazarına da təsir edir. Bunun bir əlaməti səhmdar cəmiyyətlərinin səhmlərinin xeyli ucuzlaşmasıdır. Müəssisələrin səhmləri aşağı düşüb. Ən çox azalma bank səhmlərində müşahidə edilir. İndi təkrar bazarda səhmləri alınıb-satılan bankların səhmi təqribən 2 dəfə ucuzlaşıb. İndi qiymətlər bir qədər sabitləşib. Səhmlərin yenidən bahalaşması gələn ilə gözlənir.
Ekspertlərin mülahizələrinə görə, səhmlərin təkrar bazarında qiymətlərin düşməsinin bir neçə səbəbi var. İş ondadır ki, bütün sahələrdə olduğu kimi burda da pul qıtlığı yaranıb. Səhmlərin əsas alıcıları səhmdar cəmiyyətlərinin əsas sahibləri idi. Böhran və maliyyə çətinliyi ilə əlaqədar onların öz səhmlərini almağa marağı azalıb. Həm də iri investisiya layihələri azaldığına görə, bəzi səhmdar cəmiyyətləri sifarişləri ala bilməyiblər. Və nəhayət, tikinti sektorundakı durğunluq bu sahədəki səhmdar cəmiyyətlərinin işini azaldıb. Tikinti materialları istehsal edən səhmdar cəmiyyətlərinin məhsullarının satışı azalıb.
Yeri gəlmişkən, Bakı müəssisələri səhmlərinin qiymətinin dəyişməsi rayonlara da təsir edir. İctimai Televiziyanın məlumatına əsasən, Bakı və Abşeron yarımadasında yerləşən müəssisələrin qiymətlərində olan dəyişiklik təbii olaraq bölgələrdə yerləşən müəssiəslərin səhmlərinin qiymətinin artıb-azalmasına bu və ya digər formada təsir göstərir.
Bu gün ən gəlirli sahələr metallurgiya müəssisələridir. Rentabelli nəqliyyat və tikinti müəssisələridir. Amma bunlar barmaqla sayılacaq qədər azdır. Müəssisənin dividend verib-verməməsi də səhmlərin qiymətinə təsir edir. Dividend verməyən müəssisənin səhmlərinə maraq da azdır.
Qiymətli kağızlar bazarı inkişaf etdikcə, səhmlər həm gəlirli investisiya aləti, həm də maliyyə cəlb etmək üçün investorların əlində bir vasitəyə çevrilə bilər. Məsələn, indi banklar şirkətin hansısa bir səhm zərfinə malik şəxslərindən həmin səhmləri girov kimi qəbul etməyə tərəddüd göstərirlər. Bu da investorların maliyyə imkanlarının azalmasına və bazarın ümumi dinamikasına mənfi təsir edir.
|