![]() |
çap et |
|
|||
Dünya bazarlarında neftin qiyməti yenə bahalaşmaqdadır. "Reuters" agentliyinin məlumatına görə, Nyu-Yorkda qiymət cüzi şəkildə artsa da, Londonda ucuzlaşıb. Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neftin qiyməti 0,06 dollar qalxaraq 68,02 dollar təşkil edib. Londondakı "ICE" birjasında isə Brent markalı neftin qiyməti 0,30 dollar düşərək 66,82 dollar olub. Xatırladaq ki, bir həftə öncə London birjalarında neftin bir barrelinin qiyməti 74,47 dollara çatmışdı. Nyu-Yorkda isə neftin bir barreli 0,48 dollar bahalaşaraq 74,37 dollara satılırdı.
OPEK isə qara qızılın hasilat həcmini dəyişməz saxlayacaq. Buna əsas səbəb dünya bazarında neftin qiymətində sabitliyin yaranmasıdır. Məsələ ondadır ki, bir-iki ay öncə neftin qiyməti ucuzlaşaraq 40-45 dollara qədər çatmışdı. İndiki artımlar isə neftin qiymətinin bundan sonra bahalaşacağına ümid yaradır. Məlumat üçün bildirək ki, OPEK-in son toplantısında iştirakçı ölkələrin rəhbərləri neftin ən ədalətli qiymətinin 70 dollar civarında olması fikrini səsləndiriblər. Amma indi neftin qiyməti bu həddi keçib və son on ayın rekord həddi qeydə alınıb. Maraqlıdır, budəfəki bahalaşmanı şərtləndirən amillər hansılardır? İqtisadçı ekspert Azər Mehtiyev bu qənaətdədir ki, hazırda baş verən proseslər heç də OPEK ölkələrinin rəhbərləri səviyyəsində ciddi konsensusa gəlinməsi kimi başa düşülməməlidir. Onun fikrincə, neftin qiymətinin qalxıb-enməsi normaldır: "Bu, bazara təsir edən amillərin nəticəsi kimi xarakterizə olunmalıdır. Bu amillər sırasında son zamanlar hətta Amerika iqtisadiyyatının özündə də canlanma meyillərinin görünməsi, dolların məzənnəsinin aparıcı valyutalara nisbətən aşağı düşməsi dayanır. Təbii ki, dolların məzənnəsinin düşməsi neftin qiymətində özünü göstərir və bu, həlledici amil rolunu oynayır". Hər zaman səsləndirilən ehtimallar, məsələn, Amerikanın neft ehtiyatlarının azalması, Şimali Koreya, İranla bağlı xəbərlər neft bazarına təsirsiz ötüşmür. Bu baxımdan bazar iştirakçılarının həmişə qiymətləri dəyişmək imkanı var. Ekspert hesab edir ki, neftin qiymətinin bahalaşıb-ucuzlaşmasında yuxarıda qeyd edilən müəyyən qərarlara reaksiya forması da ola bilər. Çünki bazarda iştirak edən dəllalların öz maraqları var. Bu artım onların maraqlarının qorunmasını güdür. Azər Mehtiyev onu da vurğuladı ki, neftin qiymətinin yenidən əvvəlki kimi rekord həddə qalxması yalnız dünya iqtisadiyyatında böhran tam aradan qaldırıldıqdan sonra mümkün olacaq. Əks halda, neftin qiymətinin kəskin qalxması mümkün deyil. Hətta 100 dollara qalxması da gözlənən deyil: "Əgər neftin bir barrelinin qiyməti 2007-ci ildəki kimi 147 dollar səviyyəsinə qalxarsa, bu, növbəti böhranın başlanğıcı olacaq". Bəzi ekspertlər hesab edirlər ki, yanacağın bahalaşması müsbət haldır. Azər Mehtiyevin fikri isə belədir: "Bəlkə də büdcədən maliyyələşən təşkilatlara neftin qiymətinin cüzi artımı təsir edə bilər. Bütün bunlarla bərabər, neftin qiymətinin qalxmasının sadə vətəndaşlara elə bir xeyri yoxdur. Azərbaycanda neftin qiyməti 40-50 dollar olanda da, hələ üstəlik ötən il 147 dollara qalxanda da vətəndaşlar həmin məvacibi alırdı". Qiymət artımı Azərbaycan istehlak bazarında baş verən bahalaşma üçün stimul ola bilərmi? Məlum məsələdir ki, neftin dünya qiymətləri ilə Azərbaycanın istehlak bazarındakı qiymətlər arasında bir bağlılıq var. Çünki əksər ərzaq və qeyri-ərzaq malları xaricdən gətirildiyi üçün neftin bahalaşması məhsulların da qiymət artımına səbəb olur. Amma bu, dərhal baş vermir, müəyyən dövr keçdikdən sonra bu artım qiymətlərin qalxmasında özünü göstərir. İndi bazarlardakı məhsullar neftin qiymət artımlarından əvvəl gətirilmiş məhsullardır. Deməli, indi neftin qiymət artımının bazara ciddi təsiri gözlənilən deyil. Azər Mehtiyev isə deyir ki, bazardakı qiymətlərin çoxu inhisarçılar tərəfindən təyin edilir. Neftin qiymət artımı davam edərsə, büdcəyə yenidən baxılma ehtimalı doğulur. Azərbaycanda büdcəyə yenidən baxılma praktikası özünü 2007-2008-ci illərdə göstərdi. Bu, neftin büdcədə proqnozlaşdırılan qiymətdən baha olması ilə əlaqədar idi. Bu il isə gözləniləndən artıq neft gəlirləri daxil olmayıb. Bu səbəbdən də hökumət büdcəyə yenidən baxmadı. Əksinə, parlamentdən kənar icra hakimiyyəti qurumlarına səlahiyyət verdi ki, öz büdcələrinə qənaət etsin. |