Yaponiyanın Mie şəhərində bədii gimnastika üzrə dünya çempionatı keçirilir. Yarışlarda iştirak edən Azərbaycan gimnastları bu günədək iki medal qazanıblar. Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayevadan ibarət yığmamız komanda yarışlarında 3-cü olublar. Fərdi yarışlarda isə Aliyə Qarayeva fərqlənib. Topla hərəkətlərin icrasında o, gümüş medala layiq görülüb.
Hakimlər briqadası Azərbaycan gimnastının topla hərəkətlərinə 27,325 balla qiymətləndiriblər. Bu, idmançımıza müasir bədii gimnastikanın öncüllərindən sayılan və 28,575 bal toplayan rusiyalı Yevgeniya Kanayevadan sonra 2-ci yer tutması üçün kifayət edib. Topla yarışlarda 27,250 bal nəticə ilə ukraynalı Anna Bessonova üçüncü olub. Maraqlıdır ki, komanda birinciliyində Azərbaycan Ukraynadan üstün olub. Yığma komandamız ümumilikdə 258,525 bal toplayıb. Ukraynalılar 257,750 balla 4-cü olublar. Komanda yarışlarında 33 komanda iştirak edib. Komandamızın digər üzvü Anna Qurbanova lentlə hərəkətlərdə 26,350 balla 7-ci yeri tutub. Yarışların bu bölümündə də qələbəni Yevgeniya Kanayeva bayram edib. Bundan başqa, Aliyə Qarayeva və Anna Qurbanova 24 gimnastın iştirak etdiyi çoxnövçülük yarışlarında təsnifat mərhələsini uğurla dəf edərək finala çıxıblar. Zeynəb Cavadlı isə 73,300 balla 142 iştirakçı arasında 29-cu olub.
Çoxnövçülük üzrə final yarışları dünən keçirilib, bu gün və sabah isə qrup yarışları keçiriləcək.
|