Futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsinin başa çatmasına cəmi iki tur qaldı. Ötən şənbə və həftənin çərşənbə günü Avropa zonası üzrə keçirilən 46 oyundan sonra dünya çempionatının finalına vəsiqə qazanan daha iki komandanın adı bəlli oldu. Cənubi Afrika Respublikasında keçiriləcək dünya birinciliyində iştiraklarını təmin etmiş Hollandiya millisinə İngiltərə və İspaniya futbolçuları da qoşuldular. Seçmə mərhələnin başa çatmasına iki tur qalmış Danimarka, İsveçrə, Almaniya, Slovakiya, İtaliya və Serbiya finala vəsiqə qazanmağa çox yaxındırlar. Əksinə, Portuqaliya, Polşa, Çexiya, Norveç, Fransa və Türkiyə kimi güclü Avropa komandalarının aqibəti hələ bəlli deyil.
Yığmamız seçmə mərhələdə daha iki oyununu keçirdi. Komandamız Lənkəran şəhər stadionunda Finlandiya yığmasını qəbul etdi. Hesabı ikinci hissədə Elvin Məmmədov açdı. Lakin finlər Azərbaycan yığmasının üstünlüyü ilə barışmadılar. 74-cü dəqiqədə Markus Heykinen hesabı bərabərləşdirdi, 85-ci dəqiqədə isə Petri Pasanen fərqi 2 topa çatdırdı. Beləliklə, Azərbaycan-Finlandiya qarşılaşması 1:2 hesabı ilə başa çatdı. Matç futbol tarixinə yığmanın paytaxtdan kənarda keçirdiyi ilk rəsmi oyun kimi düşdü.
Matç başqa bir məqamla da yadda qaldı. Belə ki, yığmamız 657 gündən sonra rəsmi oyunda qol vurdu. Komandamız cari seçmə mərhələdə axır ki, rəqib qapısına yol tapa bildi. Yeri gəlmişkən, Avropada bu seçmə mərhələ oyunlarında qol vura bilməyən yalnız bir yığma qaldı - Malta. Maraqlıdır, milli komandamız rəsmi oyunlarda son qolunu da məhz finlərə vurmuşdu.
Qeyd edək ki, millinin bir həsrətinə son qoyulsa da, digəri hələ davam edir. Bu da rəsmi oyunlarda qələbə qazanmamaqla bağlıdır. Yığmamız sonuncu dəfə 2007-ci il martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda elə Finlandiyaya qalib (1:0) gəlmişdi.
Yığma son görüşünü səfərdə Almaniyaya qarşı keçirdi. Hannover şəhərindəki "AVD-Arena" stadionunda baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatdı - 4:0.
Beləliklə, Berti Foqtsun başçılıq etdiyi yığma bu seçmə mərhələdə keçirdiyi 8 oyunda 7-ci məğlubiyyəti ilə barışdı. Futbolçularımız yeganə xalı Bakıda Lixtenşteynlə oyunda qazanıblar. Bu uğursuzluqlardan sonra hesabında vur-tut 1 xal olan yığmamız qrup sonuncusudur. Komandamızın çıxış etdiyi qrupda Almaniya 22 xalla birincidir. İkinci pillədə qərarlaşan Rusiya yığmasının 21 xalı var. Finlandiya 14 xalla üçüncü, Uels yığması isə 9 xalla dördüncü pillədə yer alır. Finlandiya ilə matçda heç-heçə oynayan Lixtenşteyn sonuncu pilləni Azərbaycana təhvil verib. Yığmamız oktyabrın 10-da keçirəcəyi növbəti matçda məhz Lixtenşteynin qonağı olacaq.
Milli komandamız seçmə mərhələdə qarşıdakı rəsmi oyununa Almaniyada hazırlaşacaq. Yığma oktyabrın 10-da Lixtenşteynlə sərəfdə keçirəcəyi görüş ərəfəsində Frankfurtda təlim-məşq toplantısı keçəcək. Həmin toplantının sentyabrın 29-da başlanması planlaşdırılıb. Lixtenşteynə də elə Almaniyadan yollanmaq nəzərdə tutulub. Toplantı ərəfəsində Bakda bir araya gələcək milli komandamız Frankfurtda alman baş məşqçi Berti Foqtsun köməkçisi Vaqif Sadıqovun rəhbərliyi altında yollanacaq.
Almaniya ilə oyundan sonra köməkçiləri ilə vətənində qalan Foqtsun dəstəsi Bakıya oktyabın 11-də, yəni Lixtenşetynlə səfər oyunundan sonra qayıdacaq.
|