Obama Xamneyiyə ikinci bir məktub göndərib
 |
Əhmədinejadın bəyanatına isə Qərbdə inanmırlar
Şənbə, 12.09.2009
|
|
ABŞ prezidenti Barak Obamanın ayətulla Xamneyiyə ikinci məktub yolladığı barədə xəbərlər yayılıb. Birinci məktubu isə İsveçrənin Tehran səfirliyi vasitəsi ilə İranın ali rəhbəri ayətulla Xamneyiyə hələ seçkiyə bir ay qalmış göndərmişdi. Faktı İran dövlətinin başçısı bu yaxınlarda təsdiqləyib. İyuldakı cümə xütbəsində Xamneyi ABŞ liderinin məktubunu xatırlatsa da, Ağ Ev rəsmiləri hələ də bu sənədi şərh etməkdən yayınırlar.
"Vaşinqton rost"un bildirdiyinə görə, İsveçrə səfirliyi məktubu mayın 4-ü və 10-u arasında İran Xarici İşlər Nazirliyinə çatdırıb. Həmin sənəddə "bölgədə ikitərəfli əlaqələrin və əməkdaşlığın" qurulması təklif olunur, eləcə də İranın nüvə proqramı ilə bağlı məsələnin həllindən bəhs olunurdu.
Ayətulla Xamneyi seçkidən sonrakı çıxışlarının birində bu birinci məktub barədə danışmışdı: "Bir yandan bizə məktub yazaraq, İslam Respublikasına hörmət etdiklərini, münasibətlərin bərpa olunacağını bəyan edir, o biri yandan isə başqa əməllər törədirlər (etirazçıların dəstəklənməsini nəzərdə tutur - S.S.). Belə bir şəraitdə biz hansına inanmalıyıq? Ölkəmizdə onların casusları fəallaşıb. Vəhşilik törədilir. Dükanlar, banklar yandırılır, ictimai asayiş pozulur. Bunu törədənlər muzdlulardır, Qərb kəşfiyyatının agentləridir".
İranın "tabnak" saytı Obamanın Xamneyiyə ikinci bir məktub göndərdiyini təsdiqləyir. Fəqət məktubun göndərilmə tarixi haqda məlumat verilmir. Bu məktubun da əvvəlki məzmunda olduğu güman edilir. "Vaşinqton rost" məsələyə aydınlıq gətirmək üçün Ağ Evə müraciət edib. Ancaq oradan xəbərin şübhəli olduğunu bildirsələr də, təkzib də etməyiblər. "Neşnl İranian-Amerikan Konsul"un başçısı Trita Parsi isə öz növbəsində bu xəbəri təsdiqləyərək deyib ki, ayətulla Xamneyi birinci məktuba cavab verib, Obama da ona ikinci bir məktub göndərib.
Xəbərlərə görə, ikinci məktub "altılığ"ın görüşü ərəfəsinə təsadüf edib. Bu xəbərin yayılmasında Əhmədinejadın təmsil etdiyi qüvvələr də maraqlı görünür.
Belə bir xəbər zahiri də olsa ABŞ-ın onlarla hesablaşdığını nümayiş etdirir. Yaxud bu kimi yazışmaların başlanmasının vacibliyini Ağ Evin nəzərinə çatdırırlar.
Sentyabrın 15-də isə BMT Baş Assambleyasının növbəti sessiyası başlanır. Mahmud Əhmədinejadın sessiyaya qatılmaq üçün ABŞ-a səfəri gözlənir. O, Nyu-Yorkda, BMT Baş Assambleyasında çıxış etməyi planlaşdırır. Həftənin əvvəlində isə Ağ Evin indiki yiyəsi Barak Obama ilə görüşə və aşkarlıq şəraitində müzakirələr aparmağa hazır olduğunu bildirmişdi. Nazirlər Kabineti formalaşdıqdan sonra Tehranda keçirdiyi ilk mətbuat konfransında Əhmədinejad qeyd etmişdi ki, beynəlxalq münasibətlərin əsasları dəyişməlidir: "Hazırkı şəraitdə 2-3 dövlətin öz arasında dünyanın taleyini müəyyənləşdirə bilmədiyi məlum oldu. Ədalət prinsipini əsas götürmədən beynəlxalq problemlərin heç birinin həlli mümkün deyil".
Əhmədinejad əlavə edib ki, onun təmsil etdiyi hakimiyyət beynəlxalq ictimaiyyətə mənəviyyat və insanlıq prinsipini rəhbər tutmaq təklifini irəli sürür. Onun sözlərinə görə, İran atom-nüvə proqramına dair ədalətli və məntiqi danışıqları beynəlxalq vasitəçilər, "altılıq"la müzakirə etməyə hazırdır. O, İslam Respublikasının dinc məqsədli nüvə texnologiyasından imtina etməyəcəyini də vurğulayıb. Bununla belə, İranın hökumət başçısı bir daha bəyan edib ki, onlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığı davam etdirəcəklər.
Ötən həftə isə İran rəsmiləri nüvə proqramına dair yeni təkliflər paketi hazırladıqlarını və bunu dünyanın aparıcı dövlətləri ilə müzakirə etməyə hazır olduqlarını açıqlamışdılar. ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin məsələnin həlli ilə bağlı danışıqlar aparmaq üçün diplomatiya yolunun Tehrana hələlik açıq olduğunu bildiriblər. "Altılıq" Tehrandan sessiya açılanacan görüşlə bağlı razılıq verəcəyini gözləyir. Agentliyin baş direktoru Məhəmməd əl-Baradey İranın atom-nüvə proqramı ətrafındakı durumu "pat" və "çıxılmaz" vəziyyət adlandırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov bütün bu baş verənlərə dair bildirib: "İran tərəfi Rusiyanı əmin edib ki, "altılığ"ın təkliflərinə cavab hazırlanıb və bizə veriləcək. Biz onların bu cavabını gözləyirik. Bundan sonra atacağımız addımları müəyyənləşdirəcəyik". Bununla belə, rusiyalı diplomat problemin danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını söyləmişdir.
ABŞ müdafiə naziri Robert Geyts Qətərin "əl-Cəzirə" televiziyasında çıxış edərək, İranın nüvə proqramına duruş gətirmək üçün ərəb dünyasını öz müdafiə qabiliyyətlərini artırmağa və bu istiqamətdə ABŞ-la əməkdaşlığa çağırıb. Pentaqonun başçısı vurğulayıb ki, Tehran hakimiyyəti nüvə proqramını gerçəkləşdirmək cəhdlərinin daha çox özlərinə təhlükə olduğunu bilməlidir. "İranla qonşu ərəb dövlətlərinin müdafiə qabiliyyətini gücləndirməsi Tehran hakimiyyətinə özünəməxsus şəkildə xəbərdarlıq olacaq", - deyə amerikalı nazir söyləyib. Geytsin sözlərinə görə, ABŞ İranın nüvə proqramının həlli yolunu diplomatik təzyiqlər və iqtisadi sanksiyaların tətbiqində görür.
Qeyd edək ki, sentyabrın 14-də Vyanada Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) toplantısı keçiriləcək. Toplantıya məlum məsələ üzrə hesabatın təqdim ediləcəyi gözlənir. Sentyabrın 24-də isə Barak Obamanın təşəbbüsü ilə BMT Təhlükəsizli Şurasının yığıncağında İranın nüvə təhdidləri müzakirə ediləcək.
Dünya KİV-i Əhmədinejadın bu bəyanatını dəyərləndirməkdədir. Belə bir fikir var ki, bu kimi bəyanatların arxasında heç nə dayanmır. Bəyanat daha çox ölkə ictimaiyyəti üçün nəzərdə tutulub və bununla onlar vaxt udub, danışıq aparan dövlətlər arasında öz xeyirlərinə parçalanma yaratmaq ümidindədir. ABŞ və onun Qərb müttəfiqləri hesab edirlər ki, İran hakimiyyəti dinc atom-nüvə proqramı adı altında gizli şəkildə nüvə silahı hazırlayır. Bununla belə qərblilər Tehranı problemin diplomatik yolla həllinə çağırmaqda davam edirlər.
|
|
|
Oxşar xəbərlər:
İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər
İran hakimiyyətinin legitimlik problemi
Ayətulla Müntəziri ayətulla Xamneyiyə qarşı
|
|
|