Hakimiyyətin içindən çıxan müxalifət öz çıxışlarını getdikcə sərtləşdirir. Həftənin əvvəlində belələrindən biri, bir vaxt ayətulla Xomeyninin canişini olmuş ayətulla Müntəziri güclü islahatçı tələbə qurumu sayılan "Vəhdəti Möhkəmləndirən Təşkilat"ın mərkəzi şura üzvləri ilə görüşündə mövcud hakimiyyəti kəskin tənqid edib.
"Mediaforum"un məlumatına əsasən, o, ayətulla Xomeyninin söylədiyi "Meyar - xalqın rəyi və səsidir" deyiminə toxunaraq, indi vəziyyətin tam tərsinə olduğunu vurğulayıb: "İndi açıq-aydın deyirlər ki, meyar bir nəfərin rəyi və səsidir. (Bu sözləri deyərkən ayətulla Xamneyini nəzərdə tutur - S.S.) Təəssüflər olsun ki, insanları islam adı altında həbs edirlər. İnqilabın qələbəsində rolu olmuş, tanınmış şəxslər zindanda saxlanır. İşgəncə yolu ilə onlardan saxta "etiraflar" alınır. Bütün bunlar islama zidd hərəkətlərdir".
Ötən həftə isə ayətulla Hüseynəli Müntəziri yeni fitva verib: "Vilayəti-fəqihin (ayətulla Xamneyinin tutduğu vəzifə - S.S.) legitimliyi yalnız xalqın azad və düzgün seçimi ilə gerçəkləşdirilə bilər. Azad seçim olmadan o nə qanunidir, nə də məqbul". Müntəziri islam hakimiyyətinin zorla sürdürülməsinin əleyhinə olduğunu deyib: "İslam hüququndan və məsum imamların ənənəsindən açıq-aydın bəlli olur ki, islam xalq üzərində hakimiyyətin zor və ikrahla sürdürülməsinə qarşıdır". Müxalif ayətulla sözlərinə əlavə edir: "Hakimiyyəti və rəhbərliyi Allah tərəfindən verilməsinə baxmayaraq, islam peyğəmbəri xalqın və cəmiyyətin taleyi ilə əlaqədar ictimai işlərə gəldikdə xalqın razılığı ilə hərəkət edir, öz hökmranlığını həyata keçirirdi. Həzrəti Əli belə söyləmişdi: "Xalq səndən üz çevirsə, onları öz halına burax". Qüdrət və hakimiyyət Həzrəti Əli və başqa imamların ilahi haqqı sayılsa da, onlar hakimiyyət uğrunda heç vaxt zordan və silahdan yararlanmadılar, belə bir olay tarixdə qeydə alınmadı".
Canişinliyi illərində edamları tənqid edərək, ayətulla Xomeyniyə bu məzmunda məktub yazmışdı. Elə bu kimi açıq fikirləri üstündə Xomeyni onu canişinlikdən uzaqlaşdırmışdı.
|