Məhbəslərdən gələn səslər
 |
Azərbaycanlı hüquq müdafiəçiləri mənəvi və cismani işgəncələrə məruz qoyulur
Şənbə, 12.09.2009
|
|
Beynəlxalq qurumların irad və etirazlarına məhəl qoymayan teokratik hakimiyyət istər seçki məhbuslarına, istərsə də Güney Azərbaycan türklərinin milli haqlarının təminatını istəyənlərə qarşı basqıları artırmaqdadır.
Ötən gün yayılan xəbərə görə, Güney Azərbaycandan olan yazıçı-publisist Məhəmmədrza Ləvaidən 2,5 aydır xəbər yoxdur. Ailə üzvləri və tanışları ondan soraq ala bilməyiblər. Ailəsi onun "ETTELAAT" tərəfindən tutulduğunu ehtimal edir və bu mənhus qurumun müdhiş təcridxanalarında işgəncəyə məruz qaldığından narahatdır.
Məhəmmədrza Ləvai hakimiyyət tərəfindən qapadılmış "Şəms Təbriz" qəzetinin redaktoru olub. Təbrizdə nəşr olunan bu qəzetdə sosial və milli məzmunlu publisistik yazılarla çıxış edirdi. "Dərinliyimdir dəniz", "Qəzzada Xocalı faciəsi", "Terror və Azadlıq", "Gözlərin doğum günü" kimi yazıları və şeirləri ilə yanaşı, araşdırma səciyyəli məqalələr də yazırdı. Elə ötən il Azərbaycan Milli Hərəkatı təəssübkeşlərindən Qulamrza Əmaninin iki qardaşı ilə birlikdə müəmmalı avtomobil qəzasında həlakını dəyərləndirərkən, bu işin daha dərindən araşdırılmasını vacib bilmişdi.
Bir müddət öncə də həbs olunmuşdu. Ancaq hakimiyyətin irəli sürdüyü ittiham sübut olunmadığından və ürək çatışmazlığından əziyyət çəkdiyinə görə sərbəst buraxılmışdı.
"Amerikanın səsi" radiosunun yaydığı xəbərə əsasən, güneyli siyasi məhbuslara işgəncələr verilir. Umudoğlu kimi tanınan təbrizli türkoloq, dilçi Həsən Abdullahi və Həbib Avəriydənin vəkili Nağı Mahmudinin sözlərinə görə, Həbib Avəriydə mənəvi və cismani işgəncələrə məruz qalır. Vəkil bildirir ki, ETTELAAT müvəkkilləri bu adama münasibətdə "İslam Respublikasına qarşı təbliğat və təhlükəsizliyin pozulması" kimi ağır ittihamlar irəli sürüb. Təhlükəsizlik idarəsi iddia edir ki, Həbib Avəriydə "Babəkin itgin əsgərləri" adlı vebbloq və CD düzəldib. ETTELAAT deyir ki, sonra həmin diski Umudoğluna aparıb, disk "zəif olduğundan Umudoğlu bunu bəyənməyib. Onun məqsədi daha güclü və keyfiyyətli CD hazırlamaq imiş".
Həbibi tutulandan sonra ETTELAAT işgəncə altında ondan Umudoğluna qarşı ifadə alıb. Bunun ardınca SAVAMA-çılar onun evinə basqın edərək, əlyazmalarını, telefon dəftərini, əl telefonunu və bəzi şəxsi əşyalarını aparıblar. Dilçinin bacısı Zəkiyyə xanımın dediyinə görə, onu apararkən qardaşının axşama evə qayıdacağını deyiblər: "Qardaşım mülki geyimli məmurlardan tutulmasına dair dəfələrlə sənəd göstərmələrini istədi, ancaq onlar Həsənin tələbinə məhəl qoymadılar. Onu hara apardıqlarını da demədilər. Səhəri Həsən telefon açaraq, "ETTELAAT-dayam" dedi ".
Vəkil isə bu iki məhbusu ETTELAAT-ın Təbriz şöbəsində deyil, zindanda gördüyünü deyir. Mahmudiyə müvəkkillərinə qarşı irəli sürülən ittihamlarla tanış olmağa icazə verməyiblər: "Hər iki məhbus onlara qarşı irəli sürülən ittihamları rədd edib. Vəkil olaraq, mənim dosye ilə tanış olmağıma imkan verilmir. Müvəkkillərimə qarşı irəli sürülən ittihamlar doğru olsa belə, onların ağır şəraitdə saxlanması ölkə qanunlarının kobud şəkildə pozulmasıdır". Mahmudinin fikrincə, onların məhkəməsi yaxın dörd ay ərzində başlaya bilər: "Əgər ittihamlar vebbloq və CD yaratmaqdırsa, o zaman bu ittihamlar mətbuata aiddir. Onda gərək hər iki tutuqlu mətbuat məhkəməsində mühakimə olunsun".
Mənbənin bildirdiyinə görə, bu məhbuslar iki aydan çoxdur həbsdədir. Bu müddətin bir hissəsini ETTELLAT təcridxanasında təkadamlıq kamerada saxlanıblar. Hazırda isə Təbrizin mərkəzi həbsxanasındadırlar. Onların istintaq müddəti başa çatıb və müddət bitib. Ötən bu vaxt ərzində Umudoğlu bir dəfə anası və bacısı ilə görüşüb, amma Həbib Avəriydə isə hələ də ailəsi ilə görüşə bilməyib.
Ötən gün Zəncan şəhər məhkəməsi azərbaycanlı hüquq müdafiəçisi Yaşar Həkkakpur barəsində 6 ay şərti cəza hökmü çıxarıb. O, "milli təhlükəsizliyə qarşı çıxmaqda", "ictimaiyyətin düşüncəsini, zehnini pozmaqda" və "qanunsuz təşkilatlarla əməkdaşlıqda" suçlandırılır.
Yaşar Həkkakpur Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyənlərdən biridir. 2005-ci ildə bu istiqamətdəki fəaliyyətinə görə bir ay Marağa və Təbriz zindanlarında saxlandıqdan sonra mülk girovu qarşılığında sərbəst buraxılıb. Yaşar Həkkakpur əvvəllər Güney Azərbaycanın Zəncan şəhərində çıxan "Qızılüzən" və "Zəngan sözləri" tələbə dərgilərinin baş redaktoru, Marağa şəhərində isə "Azərbaycan övladlarının evi" adlı qeyri-hökumət qurumunun təsisçilərindən idi.
|
|
|
|
|
|
|