çap et  
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Sentyabrın 17-25-də ölkə musiqi ilə nəfəs alacaq
Şənbə, 12.09.2009

Zəminə

Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Musiqi Həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın məlumatına görə, tədbir 17-25 sentyabr günlərini əhatə edəcək. Bu çərçivədə ilk proqram sentyabrın 17-də Niyazinin ev muzeyində bu muzeyin yaradılmasının 15 illiyi və Azərbaycanın klassik bəstəkarlarından biri olan Zülfüqar Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə keçiriləcək. Həmin gün filarmoniyada Meksikadan dəvət olunmuş tanınmış musiqiçi Enrike Batisin dirijorluğu ilə konsert olacaq. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə pianoçu Murad Hüseynov solist olacaq. Sentyabrın 18-də isə həm paytaxtda, həm də regionlarda dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibəti ilə tədbirlər nəzərdə tutulur. Ənənəvi olaraq bu il də mədəniyyət xadimləri sentyabrın 18-də Fəxri Xiyabanda bəstəkarın və digər musiqiçilərin məzarlarını ziyarət edəcəklər. Daha sonra isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının qarşısında böyük konsert proqramı təşkil ediləcək. Fərəh Əliyevanın məlumatına görə, tədbirlər Üzeyir bəyin ev muzeyində, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında davam etdiriləcək. Həmin gün həm Üzeyir Musiqi Günü, həm də Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində TÜRKSOY çərçivəsində Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdiriləcək.

Sentyabrın 18-19-da isə Musiqili Komediya Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının premyerası planlaşdırılır. Sentyabrın 18-də Bədii Sərgi Salonunda "Azərbaycan təsviri sənətində musiqi obrazları" sərgisi açılacaq. Ağcabədidə fəaliyyət göstərən Qarabağ Muğam Mərkəzində sentyabrın 19-da Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycanın incəsənət xadimlərinin iştirakı ilə Musiqi Gününə həsr olunmuş konsert proqramı var.

Musiqi Həftəsi çərçivəsində sentyabrın 20-də Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun 125 illiyi münasibəti ilə "Aşıq Qərib" operası nümayiş etdiriləcək. Sentyabrın 22-də tarzən Əhsən Dadaşovun 85 illiyi münasibəti ilə mərasim, sentyabrın 23-də Üzeyir Hacıbəyovun ev muzeyində Mir Mövsüm Nəvvaba həsr olunmuş mərasim və ayın 25-də filarmoniyada tanınmış dirijor Maksim Vinqerevin rəhbərliyi altında konsert proqramı planlaşdırılır.