![]() |
çap et |
|
|||
Şou-biznesdə tanınmış gənclərdən bir xeyli qismi hərbi xidmətdə olmayıb. Bu qəribə halı apardığımız sorğudan öyrənə bildik. Vətənə olan borcunu yerinə yetirənlər isə işğal altında olan torpaqların müdafiəsi üçün hər zaman hazır olduqlarını bildiriblər.
Əvvəlcə öyrəndik ki, xalq artisti Faiq Ağayev əsgərlikdə olmayıb. Bunun səbəbi səhhətindəki problemlərlə bağlıdır. Faiq Ağayev bildirib ki, onun 35 yaşı tamamlandığından əsgərliyə getmək müddəti bitib. Müğənni Eyyub Yaqubov Rusiya Sibirində xidmət göstərib. Müharibə olacağı təqdirdə, döyüşlərdə iştirak etməyə hazır olduğunu vurğuladı. Aktyorlar Coşqun Rəhimov və Rəfael İsgəndərov isə Cəlilabadda əsgərlik çəkiblər. Onlar da işğal altında olan torpaqların azad olunmasında iştirak etməyə hazır olduqlarını bildirdilər. Şoumen Murad Dadaşov BDU-da təhsil alıb və ehtiyatda olan zabitdir. Keçmiş "Bakılı oğlanlar" komandasının üzvləri Bəhram Bağırzadə və Anar Məmmədxanov da ehtiyatda olan zabitlərdir. Meyxanaçı Namiq Qaraçuxurlu isə Kürdəmirdəki N saylı hərbi hissədə, Hərbi Hava Qüvvələrinin tərkibində əsgəri xidmətdə olub. İfaçı Abbas Bağırov isə hələ əsgərlikdə olmayıb və bunun səbəbini açıqlamır. Əməkdar artist Ədalət Şükürov üç il dörd ay Şimal Buzlu Okeanın Novaya Zemlya adasında sualtı gəmidə xidmət edib: "Daxilimdəki vətənpərvər hissləri həmişə göstərməyə hazıram. Əgər işğal altında qalan torpaqlar müharibə yolu ilə azad edilməli olsa, silaha sarılanlardan biri də mən olaram". Rejissor Aqil M.Quliyev isə əsgəri xidmətdə olmayıb. Rejissor bunu ali təhsil alması ilə əlaqələndirir. Rejissor Kənan M.M 1998-99-cu illərdə Naxçıvan Muxtar Respublikasında əsgəri xidmətdə olub: "Müharibə başlayan an Vətənin müdafiəsinə qalxmağa hazıram". Onun həmkarı Fuad Əlişov Rusiyada xidmət edib. "Şeron" qrupunun üzvləri Ülvi, İntizar, Məlikməmməd isə əsgərlikdə olmayıblar. Nadir Qafarzadə 1989-91-ci illərdə Rusiyanın Murmansk vilayətində əsgəri xidmətdə olub. Samir Bağırov isə Bakıda əsgəri xidmətdə olub. Samir Bağırov bildirib ki, müharibə başlasa, əsgərləri öz mahnıları ilə ruhlandıra bilər. Şoumen Fərda Xudaverdiyev Naxçıvanda hərbi xidmətdə olub. "Dəyirman" qrupunun üzvlərindən yalnız Malik Kələntərli Daxili Qoşunlarda əsgərlik çəkib. Qrupun digər üzvləri Elmir Məhərrəmov, Miryusif Mirbabayev və Anar Abdullayev ehtiyatda olan zabitlərdir. Bu gün fəaliyyət göstərən "N brothers", "Qala" və bir çox qrupların bəzi üzvləri də hərbi borclarını yerinə yetirməyiblər. Onlar hələ ki mikrofona daha bərk sarılıblar. |