"Uça-uça gələrəm, bircə Allah yol verəydi"
 |
Şənbə, 12.09.2009
Seymur ELSEVƏR, sənətşünas |
mətn ölçüsü |
|
|
|
O, çoxdanın adamıdı. Köhnə kişidi. Yaşı, keçdiyi həyat yolu, xasiyyəti, oturuşu-duruşu, özünü aparmağı belə deməyə əsas verir. Hələ Bakıdaykən Ələddin Abbasov haqqında fikirləşəndə ilk ağlıma gələn bayaq söylədiklərim oldu. Gəncədə teatrda, səhnənin beş addımlığında pəncərədən düşən işığın altında qabaq-qənşər oturub, çatılmış qaşları, sivri burnuyla qartalı xatırladan Ələddin müəllimlə söhbətləşəndə haqqında bir az əvvəl verdiyim qiymət yadıma düşdü. Yanılmamışdım, bu dünyagörmüş kişi necə səciyyələndirmişdimsə, eləcəydi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Qərb bölgəsinə səfəri zamanı Şəmkirdən Gəncəyə gedib Ələddin Abbasovla görüşmək, "Könül söhbətləri"ndə bölüşmək istəyi əvvəlcədən beynimə girmişdi. Hələ səfərə çıxmaq xəbərini eşidən gündən. Və görünür qismətimdə varmış. Qastrolun axırıncı günü iki daşın arasında ağsaqqal sənətkarla görüşmək, məncə, bir naxış məsələsiydi ki, Yaradan taleyimə yazmışdı. Bir gün əvvəldən Gəncə teatrının direktoru Əli Qasımovla danışıb vədələşmişdik. Sağ olsun, son vaxtlar səhhətiylə əlaqədar teatra müntəzəm gələ bilməyən Ələddin müəllimi razı salmışdı. Bircə qalırdı Şəmkirdə keçirəcəyim son saatlardan ən azı ikicəciyini qurban vermək, buna da razıydım. Beləliklə, səfər yoldaşlarım qalaya ekskursiyadaykən, üzümü tutdum Gəncəyə. Məni ora aparıb-gətirməyəsə taksi sürməkdən tutmuş, əkib-becərməyə, dükan işlətməyəcən hər nə desən bacaran Elmidar razılıq verdi.
Biz teatra yetişəndə qəhrəmanım artıq ordaydı, oğlu Oqtayla yolumu gözləyirdi. Əli Qasımov gəlib çatdığıma, ağsaqqala nahaq əziyyət vermədiyinə görə sevindi.
Bir kömək lazım olub-olmadığını dəqiqləşdirdikdən sonra harasa getdi. Ələddin müəllimlə baş-başa qaldıq:
- Sənətkar, bağışlayın ki, nabələdliyimdən vaxtı məsafəyə uyğun hesablayammamışam deyə, yolda bir az yubanmışam...
- Bay, qadan alım (şirin Gəncə ləhcəsiylə deyir bu sözləri - S.E), ayıb döyülmü? Sən ki, məni sayıf, ordan bura gəlifsən, hər şeyə dəyər.
- Allah razı olsun. Necəsiz, canınız-başınız yaxşıdımı?
- Qoja adam nejə olar, eləyəm. (Gülürük). Düşmüşəm, ta həminki adam döyüləm. Əl-ayağım sözümə baxmır. Gördün də, oğlum qoluma girməsə, beş-on pilləkəni çıxammırdım. Beləydimmi mən? (Başını bulaya-bulaya dediklərini təsdiq edir). Yaman şeymiş qojalıx.
- Yox, elə deməyin, maşallah, huşunuz-başınız yerindədi.
- (Xəfifcə gülümsəyir). Hə, yaddaşım hələ ki məni darda qoymur. Sağlığına, hər şey xatirimdədi.
- Məsələn, teatra gəlişiniz... (Sözüm ağzımda qalır).
- O yan, bu yanı yoxdu. Elə xatırlayıram, sanki dünəniydi. Amma üstündən yetmiş il keçif ey. 1938-ci ilin axırında truppaya, sınaq müddətinə götürdülər. Bir neçə ay sonra təsdiqləndim. İlk rolum da yadıma gəlir, inqilabi mövzuda tamaşadaydı. Əvvəl-əvvəl təzəydim, ikinci, üçüncü dərəcəli rollar oynayırdım. Sonra təcrübəm artdı, baş və əsas qəhrəmanları rejissorlar mana etibar elədilər.
- Arada müharibəyə getməyə də vaxt tapmısız.
- Vaxtı, baxtı deyəmmərəm, amma müharibə bizi tapmışdı. (Gülürük). Ayə, heç onu da düz-əməlli yarıdammadım. Yaralandım, qayıdıb gəldim teatrın üstünə.
- Yaxşı söz oldu bu. Teatrın üstünə gəlməyinizi deyirəm. Müharibə sizsiz keçinərdi, səhnəsə çətin.
- Sağ ol, qiymətinə əcrə. Kim itirdi, kim qazandı deyəmmərəm, həyatım belə gətirib.
- Əlbəttə, Allahın yazısını kimsə dəyişəmməz.
- Elədi, qadan alım...
|
|
|
|
|
|
|