A/H1N1 təhlükəsinə qarşı vaksin üçün dünya mütəxəssisləri baş sındırsalar da, hələlik müsbət nəticə əldə olunmayıb. "Olaylar" agentliyinin məlumatına əsasən, bu günlərdə icad olunun vaksin müsbət nəticə verməyib. Yeni icad edilmiş vaksinlə bağlı aparılan araşdırmalar göstərib ki, onun istifadəsi insanda "Qiyena-Barre" sindromu yarada bilər. Bu sindrom əsəb sistemində təhlükəli xəstəlik doğurur ki, bu da təngnəfəsliyə səbəb olur və sonda ölümlə nəticələnir. Yeni vaksin uşaqlar üçün daha təhlükəli sayılır.
ÜST bildirir ki, vaksin tapılmadıqca virusun əhatə dairəsi kenişlənir. Belə ki, virusdan dünya üzrə ölüm halları 2200-ə çatıb. Sübuta yetirilib ki, "donuz qripi"nə yoluxma ehtimalı digər viruslara yoluxan insanlar üçün daha çoxdur. Əgər bir şəxs vərəm, malyariya və digər yoluxucu xəstəliklərə yoluxubsa, onun orqanizmində A/H1N1 üçün daha münbit şərait var.
"Vaksin tapılarsa, bütün ölkə əhalisi peyvəndlənməyə cəlb olunacaqmı?" sualına cavab almaq üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, ölkədə "donuz qripi" keniş yayılmadığından vaksin tapıldığı halda belə, əhalinin kütləvi peyvəndlənməsi gözlənilmir. Hələlik ancaq bütün zəvvarların vaksin olunması planlaşdırılır.
Ölkədə bu virusla bağlı vəziyyət sabit sayılır. İndiyədək virusa 2 yoluxma halı qeydə alınıb. SN xarici ölkələrdən qayıdan bütün vətəndaşlara səhhətlərində problem yarandıqda həkimə müraciət etməyi tövsiyə edir.
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov da hazırda ölkədə A/H1N1 virusu ilə bağlı vəziyyətin sabit olduğunu təsdiqlədi. Şair Qurbanov deyir: "Ölkədə virusa yeni yoluxma halları qeydə alınmayıb. Profilaktik tədbirlər davam etdirilir. Ölkənin sərhəd məntəqələri gücləndirilmiş iş rejimində işləyir. Azərbaycanda virus tapıldığı anda onun qarşısının alınması üçün bütün tədbirlərə imkanlar var. Qeyd edim ki, virusa qarşı vaksin tapılana kimi vəziyyət gərgin olaraq qalacaq".
|