![]() |
çap et |
|
|||
Qadınlara qarşı zorakılıqla bağlı ötən il 4270 cinayət faktı qeydə alınıb. Bu statistika "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tezliklə qəbulunun vacibliyini bir daha təsdiqləyir. Ancaq bu qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim olunanda ona münasibət birmənalı olmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, çoxları qanunun mahiyyətinə varmadan, onun müddəalarını anlamadan belə bir yanlış fikir yürüdürlər ki, bu qanun bizim milli xüsusiyyətlərimiz, mentalitetimizlə üst-üstə düşmür: "Elə bil ki, bizim mentalitetdə kiminsə qadını, uşağı, yaşlı adamı, zəif, köməksiz insanı döymək haqqı var. Qanuna hörmət bizim ölkənin hər bir vətəndaşının davranış normasına çevrilməlidir. Əgər insanlar sonsuz hüquqlar və azadlıqlarla yanaşı, həm də öhdəliklərinin olduğu ruhunda tərbiyə olunsaydılar, belə neqativ faktlar gündəlik həyatımızdan silinərdi". Hicran Hüseynova təəssüflə qeyd edir ki, çoxlarında bu vacib anlayış hələ formalaşmayıb. Ona görə də bu aspektdə xüsusi qanunvericilik və xüsusi milli fəaliyyət planı hazırlamaq zəruridir. Məlumat üçün bildirək ki, son onillikdə bir çox dövlətlər qadınlara qarşı zorakılığın müxtəlif formalarının ləğvi ilə əlaqədar qanunlar qəbul etmişlər. Sözügedən qanun layihəsi parlamentə təqdim edilməzdən öncə problem fərqli auditoriyalarda gündəmə çıxarılıb. Eyni zamanda, komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər də araşdırılıb. Hicran Hüseynova deyir: "Bəzən nəinki qadın, ailənin digər üzvləri də zorakılığa məruz qalır. Bu insanlar sosial, psixoloji dəstəyə ciddi ehtiyac duyur. Onlara operativ yardım göstərilməlidir. Psixoloji reabilitasiya mərkəzlərinin, sığınacaqların yaradılması çox vacib addım olmalıdır. Bu qurumlar ehtiyacı olanlara real kömək etməli, onları böhran vəziyyətindən çıxarmalıdır. Həmin mərkəzlər müxtəlif regionlarda, elə paytaxtın özündə kiçik məntəqələr formasında fəaliyyət göstərə bilər. Bu təcrübə uzun illərdir sivil ölkələrin təcrübəsində özünə yer alır. Məsələn, Türkiyədə bu tip müəssisələr yüzlərlə insanı müdafiə edir, onları çətin vəziyyətdən qurtarır". Zorakılığın əsas səbəbləri qadının maddi və psixoloji asılılığı, ailədə münasibətlərin aşağı səviyyədə olması, erkən nikahlar, qadınların öz hüquqlarını bilmədiyi, yanlış stereotiplərdir. Müəyyən sosial problemlər, Qarabağ müharibəsi, cəmiyyətdəki təbəqələşmə, nəsillərin konflikti də məişət zorakılığını doğuran səbəblər sırasında göstərilir. |