Şəhər səhiyyəsinin süründürməçiliyi
 |
Heydər Əliyev Fondunun müraciətinə də məhəl qoyulmur
Şənbə, 12.09.2009
|
|
Azı hər gün oxuyub görürük ki, hardasa hansısa obyektin açılışıdır. Bu obyektlər sırasında təhsil, səhiyyə və s. də olur. Dünyanın ən mütərrəqqi texniki avadanlıqları ilə təchiz edilmiş tibb ocaqlarının açılışında xeyli sayda ağ xalatlı adamın da yığışıb alqışladığını müşahidə edirik. Bu isə o deməkdir ki, xətəxanalarımız, tibbi avadanlıqlarımız, hətta həkimlərimiz də var. Amma görünür ki, bu ölkədə heç də hər şey göründüyü kimi deyil. Bu səbəbdən də demaqogiyadan bir qədər çəkilib fakta keçmək istərdik.
Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda Azərbaycanın mağmun vətəndaşlarından biri mətbuat konfransı keçirdi. Ağsu şəhər sakini olan 49 yaşlı Yolçuyeva Sahabxanımın verdiyi məlumata görə, həyat yoldaşı Yolçuyev Mehman ağır dərəcəli açıq vərəm xəstəsidir. Təxminən 5 il əvvəl vərəmli ailə başçısını müalicə etmək üçün ailə xeyli borc-xərc edib, ailə başçısı işləmədiyindən Yolçuyevlər borca düşüblər. Borcları qaytarmaq üçün evlərini cəmi 5 min dollara sata bilən ailə Ukraynadakı həmşəhərlilərin şirin təklifləri ilə əllərində qalan pulla bu ölkəyə gediblər. Amma Ukraynada hökm sürən sosial-iqtisadi böhran qarşılığında ailə burada da dolana bilməyib və əllərində olan qəpik-quruşu xərcləyib qurtarıblar. Xırda ticarətlə məşğul olan Yolçuyevlər ailəsi burada da qazandığını həftədə bir bazarı dağıdan "qara maskalılara" və "reketlərə" paylayıb. Nəhayət, vəziyyətlərinin böhran həddə yaxınlaşdığını və həyat yoldaşı Mehman Yolçuyevin səhhətinin bir qədər də pisləşdiyini görən Sahabxanım Yolçuyeva Azərbaycanın Ukraynadakı səfirliyinin yaxından köməyi ilə təxminən 2 ay əvvəl Azərbaycana dönüb.
Ana həyat yoldaşı, qızı və 4 yaşlı nəvəsi ilə Binəqədi rayonunun Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivində cəmi 1 otaqlı daxmada həyat yoldaşı və 3 yaşlı körpəsi ilə kirayə qalan oğlu Müseyib Yolçuyevin yanına pənah gətirib. Ağır vərəmli xəstə ilə təxminən 1 həftə cəmi 12 kvadratmetrlik otaqda yaşayan böyük bir külfət həyatları ilə necə risk etdiklərini anlamayıblar. Nəhayət, adının çəkilməsini istəməyən bir qonşunun köməyi ilə Mehman Yolçuyev Buzovnada yerləşən 7 saylı vərəm əleyhinə dispanserə yerləşdirilib, ailə üzvləri isə 10 saylı şəhər poliklinikasının həkimləri tərəfindən müayinədən keçirilib.
Xoşbəxtlikdən ailənin digər üzvlərində vərəm qeydə alınmayıb.
"Sən demə qara günlər hələ qabaqda imiş. Ev yiyəsi ərimin vərəmli olduğunu eşidən kimi bizi evdən çıxardı. Yenə sağ olsun, yoldaşımı xəstəxanaya aparan həmin qonşunun bizə yazığı gəldi, bizə ikiotaqlı bir ev tapıb oranı özü bizim üçün kirayələdi. Çünki bizim ev kirayələməyə imkanımız yoxdur", - deyə ağlaya-ağlaya həyat tarixçəsini nağıl edən ana oğlunun da heç bir yerdə işləmədiyini, günəmuzd fəhləlik edərək xəstə atanı xəstəxanada və əlavə 6 baş ailəni dolandırmağa çalışdığını dedi.
"Bir də görürsən uşaq bir həftə iş tapa bilmir, özü də cılız uşaqdır, ağır işin öhdəsindən gələ bilmir. Təxminən 10-15 gün əvvəl qızım da iş tapdı. O, metronun "Əcəmi" stansiyası tərəfdə mağazada ayda 150 manat maaşa satıcı işləyir. Daha başqa heç bir gəlirimiz və ya əl tutanımız yoxdur. Özüm də ağır xəstəyəm, ağır dərəcəli fibromadan əziyyət çəkirəm", - deyə qeyd edən Sahabxanım Yolçuyevə kömək üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edir.
"Mehriban xanım çox sağ olsun, heç bir həftə keçmədi ki, məktubuma reaksiya verdi. Həyat yoldaşıma xəstəxanada daha yaxşı baxmağa başladılar, mənim isə cərrahiyyə əməliyyatı olunmağım üçün Bakı Baş Səhiyyə İdarəsinə tapşırıq verildi", - deyə vurğulayan Sahabxanım Yolçuyevanın sözlərinə görə, əsl müsibət də bundan sonra başlanıb.
"Əvvəl məni Xocasən Sağlamlıq Mərkəzinə dəvət etdilər və orada sağ olsunlar ki, məni necə lazımdırsa müayinə etdilər və təcili cərrahiyyə əməliyyatından keçməli olduğumu təsdiqlədilər. Sonra mənə 6 saylı şəhər xəstəxanasına göndəriş verdilər. Amma həmin xəstəxana məni qəbul etmədi. Yenidən məni Bakı Baş Səhiyyə İdarəsinə yolladılar. Orada da bir gənc xanım var idi. Əvvəl o mənə dedi ki, get icra nümayəndəliyindən kağız al ki, sən Xocasənin qeydiyyatında deyilsən. Xocasən icra nümayəndəliyindən isə mənə belə bir kağızı verməyə ixtiyarlarının olmadığını bildirdilər. Yenə ora qayıdanda isə o xanım dedi ki, get 3 qonşudan ərizə al və Notariusda təsdiqlət ki, sən Xocasənin qeydiyyatında deyilsən. Mən şəxsiyyət vəsiqəmi göstərib dedim ki, bax, bunun arxasında mənim Ağsunun qeydiyyatında olduğum göstərilib də, bu kağız-kuğuz nəyə lazımdır axı? Axı ölürəm, ağrıdan gəzə bilmirəm. Məni niyə başınızdan edib ora-bura göndərirsiniz? Bundan sonra deyəsən onun mənə yazığı gəldi və bir neçə xəstəxanaya yanımda zəng edib məni qəbul etmələrini xahiş etdi. Amma hamı imtina etdi. Sonra məni Səhiyyə Nazirliyinə göndərdilər. Dedilər ki, səni saat 3-də orada gözləyirlər. Amma Səhiyyə Nazirliyində məni heç kim gözləmirdi, dedilər ki, get, saat 3-dən sonra gələrsən. Saat 3-də gələndə isə dedilər ki, get, sabah gələrsən. Sabahsı gün də gəldim, yenə dedilər ki, saat 3-dən sonra gəl və bu get-gəl 3-4 gün davam elədi. Axı mən indi nə edim? Artıq ayaqlarım da tutulub, yeriyə bilmirəm, bir həftədir həyat yoldaşıma xəstəxanada baş çəkə bilmirəm, daha yol pulum da qalmayıb ki, ora-bura qaçım", - deyə qeyd edən Sahabxanım Yolçuyeva imdad dilədi.
Belə ki, mətbuat konfransı zamanı Sahabxanım Yolçuyevanın əl telefonuna Heydər Əliyev Fondundan zəng gəldi. Zəng edən xanım Yolçuyevanın vəziyyəti ilə maraqlanırdı. O isə onu heç bir xəstəxananın qəbul etmək istəmədiyini və məsələ ilə bağlı mətbuat konfransı keçirdiyini dedi. Həmin xanım bir daha sənədlərinin Bakı Baş Səhiyyə İdarəsinə göndərildiyini bildirərək ora ilə əlaqə saxlamağı Sahabxanım Yolçuyevaya məsləhət bildi.
Sözsüz ki, xanımın budəfəki cəhdləri də boşa çıxdı. Hətta "Ayna"nın da müxbiri Bakı Baş Səhiyyə İdarəsinə zəng edib vəziyyəti aydınlaşdırmağa cəhd edib. Amma nə şəhər telefonlarına cavab verən məlahətli səsli xanımlar, nə də Baş Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyova vəziyyətə aydınlıq gətirdi. Leyla Seyidbəyova əl telefonuna zəng edən şəxsin jurnalist olduğunu eşidən kimi toplantıda olduğunu bildirərək, telefonu bağladı. Gün ərzində həmin nömrəyə bir neçə dəfə zəng etsək də, daha sonra dəstəyi qaldıran olmadı...
|
|
|
Oxşar xəbərlər:
İlkin Nəzərov: Səhiyyə xərclərində dövlətin payı çox aşağıdır - cəmi 25 faiz
Səhiyyə xidmətlərindən yoxsullara düşən pay
|
|
|