çap et  
Arabulun məhkəməsi davam edir
Arabulun məhkəməsi davam edir
Onu sərhədi qanunsuz keçməkdə ittiham edirlər
Şənbə, 05.09.2009

Səid

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Barmek-Azərbaycan" şirkətinin sabiq prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ağstafa rayon sakini Svetlana İsayeva şahid qismində ifadə verib.

Şahid deyib ki, Ağstafada yerləşən "Həsənsu" restoranında çalışır. Təqsirləndirilənləri tanımadığını deyən şahid iyunun 1-də axşam saatlarında Hüseyn Arabula bənzər şəxsi restoranda iki nəfərlə birgə gördüyünü söyləyib. İbtidai istintaqa ifadəsini təsdiq edən Svetlana İsayeva sonradan ifadəsi ilə tanış olmadığını da deyib. Şahid bildirib ki, restoranda gördüyü şəxslər 15-20 dəqiqədən sonra oranı tərk ediblər. Hüseyn Arabul isə şahidi xatırlamadığını, Ağstafadakı restoranda çay içəndən sonra nə baş verdiyinin yadında olmadığını söyləyib: "Özümü pis hiss eləmişəm. Heç nə xatırlamıram". Hakimin, vəkillərin, prokurorun suallarını cavablandıran Hüseyn Arabul onu da deyib ki, özünü pis hiss etməsi barədə həkimə şikayət etmək imkanı olmayıb.

Proses şahidlərdən birinin xəstə olması səbəbindən sentyabrın 7-nə təxirə salınıb.

Qeyd edək ki, Hüseyn Arabul, Türkiyə vətəndaşı Ayhan Dönməz, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Ramal Ələkbərov sərhədi qanunsuz keçməkdə, rüşvət vermədə ittiham olunurlar.

Xatırladaq ki, "Barmek-Azərbaycan" şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar vermişdi.