çap et  
Blogerlər azad edilmədi
Blogerlər azad edilmədi
Məhkəmə sentyabrın 16-da davam edəcək
Şənbə, 05.09.2009

İdrak Abbasov

Həbsdə olan Emin Milli və Adnan Hacızadənin barəsində cinayət işi üzrə Səbayel rayon Məhkəməsində hazırlıq iclası başlayıb. APA-nın xəbərinə görə, hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər və zərərçəkənlərdən ikisi - Ağdam rayon Sarıcalı kənd sakini Vüsal Məmmədov, Gürcüstan vətəndaşı İkin Əlizadə də iştirak edirlər. Proses başlanan kimi müdafiə tərəfi bir neçə vəsatət qaldırıb. Vəkil İsaxan Aşurov prosesin mətbuatın iştirakı ilə keçirilməsi, çəkilişlərə icazə verilməsini istəyib. Dövlət ittihamçısı Ceyhun Kərimov və zərərçəkənlərin vəkili Zaur İbadov vəsatətin təmin olunmamasını xahiş ediblər.

Hakim prosesin məhkəmə tərəfindən videolentə alınacağını, foto çəkməyə isə icazə verilməyəcəyini deyib. Daha sonra prokuror sübutlar siyahısını təqdim edib. Müdafiə tərəfi cinayət işinə xitam verilərək prokurorluğa qaytarılması, Səbayel rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyev və Səbayel rayon prokuroru Şirxan Adıgözəlov barəsində xüsusi qərar çıxarılması barədə vəsatət qaldırıblar. Məhkəmə vəsatətləri təmin etməyib.

Zərərçəkənlərin vəkillərinin prosesin qapalı keçirilməsi vəsatəti də təmin olunmayıb. Daha sonra Emin Milli və Adnan Hacızadə çıxış ediblər. Onlar özlərini təqsirli bilmədiklərini deyib, barələrindəki həbs-qətimkan tədbirinin ləğvini, girov və ya digər şərtlər müqabilində zaminə buraxılmalarını istəyiblər. Məhkəmə vəsatətə baxılması üçün müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra hakim təqsirləndirilənlərin vəsatətlərinin təmin olunmadığını açıqlayıb. Məhkəmə baxışı sentyabrın 16-na təyin olunub.

Prosesdə bir sıra millət vəkilləri, səfirliklərin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçiləri iştirak ediblər.

Belə ki, gənclər və idman naziri Azad Rəhimov Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı sualı da cavablandırıb. O, Emin Milli ilə tanış olduğunu qeyd edib: "Emin fikrini tez-tez dəyişən bir gəncdir. Buna görə də inanıram ki, kafedə gənclər arasında dava ola bilər. Amma bu davanı kim başlayıb, günah kimdə olub, bunu məhkəmə aydınlaşdıracaq. İnanıram ki, məhkəmə ədalətli olacaq".

Qeyd edək ki, E. Milli və A. Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı "Lebanese" restoranında baş verən insidentdən sonra saxlanıblar. Onlar CM 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər.