"Azərbaycanda 200-ə yaxın "reket" qəzet var. Onlardan 80-ə yaxınının adını ictimaiyyətə açıqlamışıq. Daha 30 "reket" qəzetin adı isə yaxın günlərdə elan olunacaq" . Belə bir açıqlama ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış etmişdir (APA).
Şura sədri deyir ki, "reket" elan olunan qəzetlərin adları və onların rəhbərləri haqqında məlumatlar həm idarə və müəssisələrə, həm də nəşriyyatlara göndərilib. Onun sözlərinə görə, bəzən bir şəxsin 10-dək qəzet açıb dövriyyəyə buraxdığının şahidi olmaq mümkündür. Ə. Amaşov ölkədə 3500 kütləvi informasiya vasitəsinin qeydiyyata alındığını, onlardan 3000-ə qədərinin məhz qəzetlər olduğunu deyib: "Bu qəzetlərdən 2500-ə qədəri ümumiyyətlə fəaliyyət göstərmir. Fəaliyyət göstərməyən qəzetlərin isə qeydiyyatı ləğv olunacaq".
Əflatun Amaşov qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda dövlət qurumlarının verdiyi reklam və elanların media orqanları arasında bölünməsini tənzimləyən xüsusi qurum yaradılacaq. Şura sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ardınca mətbuat sahəsində belə bir qurumun yaradılmasının mühüm əhəmiyyət kəsb edəcəyini deyib. Onun sözlərinə görə, hazırda Mətbuat Şurasında rəsmi qurumların verdiyi reklam və elanların media orqanları arasında bölünməsi ilə bağlı xüsusi qurumun əsasnaməsi üzərində ciddi iş gedir və bu ilin sonuna kimi sənəd hazırlanaraq dövlət başçısına təqdim ediləcək.
Əflatun Amaşov deyir: "Dövlət başçısı belə bir qurumun yaradılması ilə bağlı sərəncam imzalayacaq. Bu, mətbuatın inkişafına böyük bir təkan olacaq. Mətbuat sahəsində belə qurumlar dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Belə bir qurumun yaradılması ölkədə reklam bazarının inkişafına da kömək edəcək".
|