çap et  
"Bəlkə oğlumu öldürüblər?"
Əsir əsgərin vəziyyətinin ağır olduğu deyilir
Şənbə, 05.09.2009

C.Məzahiroğlu

Beynəlxalq Qızıl Xaç Komitəsindən Ermənistanda əsirlikdə olan Rafiq Həsənovun vəziyyətinin ağır olduğu bildirilib.

Ötən il oktyabrın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülən Azərbaycan ordusunun əsgəri Rafiq Həsənovun atası Rəhman Həsənov iyulun 27-dən oğlu haqqında heç bir məlumat olmamasından narahatdır.

Rəhman Həsənov APA-ya açıqlamasında bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları iyulun 23-də Rafiq Həsənova baş çəkərək onun saxlanma şəraitinin monitorinqini aparıblar. İyulun 27-də isə əsirin məktubu ailəsinə çatdırılıb. O vaxtdan Rəhman Həsənov oğlundan heç bir məlumat ala bilməyib. Rafiq Həsənov oğluna baş çəkilmədiyini onun başında nəsə pis hadisənin olması ilə əlaqələndirir:

"Rafiqin məktubu gəlməzdən qabaq Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisində mənə dedilər ki, onun vəziyyəti ağırdır. Sonra isə məktubunu gətirdilər. Bəlkə onu öldürüblər, mənə demirlər? Mən tələb edirəm ki, oğlumun ölüsü və ya dirisi ilə bağlı mənə düzgün xəbər versinlər".

Rafiq Həsənovun sözlərinə görə, oğlunun əsirlikdə olduğu 11 ay ərzində yerli qurumlar tərəfindən laqeydlik görüb: "Bu müddət ərzində nə hərbi komissarlıqdan, nə Ağdam rayon İcra Hakimiyyətindən bizimlə maraqlanıblar".

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə, Qazax rayonu ərazisində, Ermənistanla təmas xəttində, naməlum şəkildə əsir götürülmüşdür.