![]() |
çap et |
|
|||
Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov sentyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətindən APA-ya verilən bilgiyə görə, Türkmənistanın dövlət başçısı öz həmkarını və qardaş Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Azərbaycan dövlət başçısı minnətdarlığını bildirib, Türkmənistan prezidentinə və xalqına bayram münasibətilə təbriklərini çatdırıb. Prezidentlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar. Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, prezidentlər ikitərəfli əməkdaşlığa dair aktual məsələlər, qarşılıqlı maraq doğuran mövzular, o cümlədən yaxın vaxtlarda Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya prezidentlərinin Qazaxıstanın Aktau şəhərindəki qeyri-formal görüşündə gündəmə çıxarılası məsələləri müzakirə ediblər. Qurbanqulu Berdimühəmmədov İlham Əliyevi "İpək Yolu - 2009" avtorallisinin yekun mərhələsi münasibətilə keçiriləcək təntənəli mərasimə dəvət edib. Mərasim sentyabrın birinci yarısında Türkmənistanın Balkan vilayətində keçiriləcək. Azərbaycan prezidenti dəvəti qəbul edib. Dövlət başçıları diplomatik xidmətlərə bu barədə müvafiq tapşırıqlar vermək barədə razılığa gəliblər. Bəlli olduğu kimi, bütün təəssüflərimizə rəğmən iki qardaş ölkə arasında münasibətlər heç də ürəkaçan deyil. Bu vəziyyət 1991-ci ildən, yəni hər iki ölkə müstəqilliyini elan edəndən sonra Xəzərin dərinliklərindəki bəzi yataqlar üzündən yaranıb. Xüsusilə Türkmənistanın "Sərdar", Azərbaycanın "Kəpəz" adlandırdığı yataq bu gün də mübahisə predmeti olaraq qalır. Aradakı bəzi illərdə iki ölkə arasında diplomatik münasibətlər də dayanmış kimiydi. Bir müddət əvvəl diplomatik münasibətlər bərpa edilsə də, bu günlərdə Xəzərdəki yataqla bağlı mübahisələr yenidən gündəmə gəldi. Bu arada Türkmənistanın Xəzərdə öz hərbi dəniz donanması yaratmaq niyyətini açıqlamasını təhdid kimi, əzələ nümayişi kimi qiymətləndirməyə girişənlər oldu. Halbuki, digər Xəzəryanı dövlətlər kimi, Türkmənistanın da buna tam haqqı vardır. Kimlər isə dedi ki, Türkmənistanın bu qərarının arxasında Rusiya dayanır, guya Türkmənistan Rusiya oriyentasiyalı siyasət yürüdür. Əslində isə Türkmənistan tamamilə müstəqil, bitərəf və sülhsevər siyasət yürüdür. Üstəlik də bu ölkənin xalqında qardaş Türk ölkələrinə münasibətdə bir sevgi və sayğı, etimad duyğuları yaşayır. Belə düşünmək olar ki, iki qardaş ölkənin prezidentlərinin söhbətləri, Aktau görüşü, daha sonra prezident İlham Əliyevin Türkmənistana qarşıdakı səfəri aradakı etimadlı münasibətləri daha da möhkəmlədəcək, texniki xarakter daşıyan mübahisə isə beynəlxalq hüquq əsasında öz ədalətli həllini tapacaqdır. Hətta bu iki qardaş ölkə Xəzərdə mübahisə predmeti olan yatağı şərikli də istismar edə bilər. Gec-tez Aşqabat və Bakı bölgəmizdə bir çox həyati önəm daşıyan məsələlərdə bir platformada dayanacaqlar. Analitiklərə görə, Aşqabatdan vurulan bu zəng Rusiyanın təşəbbüsü ilə Aktau şəhərində prezidentlər arasında baş tutacaq qeyri-formal görüşə hazırlıq xarakteri də daşıya bilər. Aktau görüşündə isə yataqlarla bağlı uzun sürən mübahisənin taleyinə də aydınlıq gətirilə bilər. |