Erməni - türk barışığı: gərginlik davam edir
 |
"AKP Türkiyənin, yoxsa Ermənistanın hökuməti?"
Şənbə, 05.09.2009
|
|
ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanou bir sıra problemlər, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün Türkiyəyə gəlib. Bu barədə "Turan"ın Vaşinqtondakı əməkdaşına Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə bürosunda məlumat verilib.
Müzakirə edilən məsələlər arasında: Ermənistan-Türkiyə barışığının hazırkı gedişi, Kipr problemi, ikitərəfli Amerika-Türkiyə münasibətləri və beynəlxalq arenada əməkdaşlıq var. Tina Kaydanou Ankaraya oxşar məsələləri müzakirə etdiyi Yunanıstandan gəlib. Bu Kaydanounun dövlət katibi müavininin köməkçisi qismində ilk turnesidir.
Həmin mənbə bildirir ki, Kaydanou Cənubi Qafqaz ölkələrinə də səfər etməyi planlaşdırır, lakin bunun vaxtı hələ müəyyənləşməyib. Dövlət Departamentində onu da bildirdilər ki, cümə axşamı Ankaraya bu qurumun Ermənistan-Türkiyə barışığı və Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək digər yüksək vəzifəli nümayəndəsi Vilyam Bers gedib.
Tanınmış ekspert, Vaşinqtonda Hadson İnstitutunun rəhbəri Zeyno Baran "Turan"ın Vaşinqtondakı əməkdaşına müsahibəsində Ermənistan-Türkiyə barışığı prosesi və Qafqaz regionunun digər məsələlərilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması barədə razılaşma Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin artmasına yardım edərdi. "Azərbaycanın Türkiyədə də bir çoxlarının anlaşmaya ilə qarşıladığı narahatlığını başa düşürəm. Ancaq Türkiyənin Azərbaycanın maraqlarına zidd hər hansı bir addım atacağına inanmıram. Bu təkcə strateji münasibətlər və Azərbaycanın enerji resurslarının Türkiyə ərazisindən ixracının artması səbəbindən deyil, həm də iki xalqın yaxınlığına görədir".
Zeyno Baran bildirib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması Ermənistanı Qərbə yaxınlaşdırar, hazırkı tərəfdaşları olan İran və Rusiyaya alternativin olmasına imkan yaradar. Bu, ermənilərə və türklərə öz keçmişlərinə baxmağa və gələcəklərini yaxşılaşdırmaq üçün çalışmağa imkan verəcək.
Bu proseslər Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edəcək? Suala cavabında Z.Baran bildirib: "Ankara ilə Yerevan arasında danışıqlardan sonra tərəflər ilin sonuna qədər sərhədlərin açılmasının mümkünlüyündən danışır. Bu, Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları surətləndirə, onları daha səmərəli edə bilər. Hazırkı razılaşma tərəflərin münaqişəni gələcəyə saxlamamaq, indi nizama salmaq istəyindən xəbər verə bilər".
Ekspert inanır və ümid edir ki, Azərbaycan sakitliyini, Türkiyə ilə yaxın və möhkəm əlaqələrini qoruyub saxlayacaq. "İnanmıram ki, Türkiyə də Azərbaycanı özündən uzaqlaşdırmaq istəsin. Yaxın bir neçə ayda hər üç hökumət (Ermənistan, Türkiyə və Azərbaycan) birlikdə bu çətin və vacib məsələlər kompleksinin həllinə can atacaqlar. Bu, regiona qarşılıqlı ittiham və hədələr arenası kimi qalmamağa imkan verər", - deyə o qeyd edib.
Bu arada Türkiyə Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Canan Arıtman Türkiyə hökumətinin Ermənistanla razılaşdırdığı protokollarla bağlı çox sərt açıqlama yayıb.
APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, C.Arıtman paraflanan protokollarda Ermənistanın Türkiyənin mövcud sərhədlərini tanımasının İrəvanın Ankaraya güzəşti kimi qiymətləndirilməsinə etiraz edib: "Ermənistanla sərhədlərimizi müəyyənləşdirən Moskva və Qars müqavilələri beynəlxalq səviyyədə tanınmış anlaşmalardır. Bu protokollarda sanki Ermənistanın bizə hədiyyəsi olaraq sərhədlərin qarşılıqlı tanınması barədə maddənin olması Türkiyə Cümhuriyyəti üçün qəbuledilməzdir. Ermənistan sərhədimizi tanısa nə olacaq, tanımasa nə olacaq? Beynəlxalq hüquq bu sərhədləri çoxdan tanıyıb".
Müxalifətçi millət vəkili Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Ermənistanın küncə sıxışdığına diqqət çəkib: "Ermənistanın bütün problemlərini həll edəcək protokolları imzalamaq hansı ağlın məhsuludur və kimə, nəyə xidmət edir? Bu protokollar yalnız Ermənistanın xeyrinədir və Türkiyə ilə Azərbaycanın əleyhinə işləyəcək. Üstəlik, Türkiyə ilə Azərbaycanın münasibətlərini də pozacaq. Baş nazir Ərdoğan Azərbaycan parlamentində Türkiyə dövləti adından söz vermişdi ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq. Bu sözün üstündə mütləq dayanmaq lazımdır. Bu söz Rəcəb Tayyib Ərdoğanın seçki zamanı meydanlarda verdiyi sözlərə bənzəməz. Türkiyənin qürurunu, prestijini zədələyəcək davranışlara heç kimin haqqı yoxdur. Bunun əksi istiqamətdə addımlar atmaq cinayətdir".
C.Arıtman bildirib ki, AKP hökuməti Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyəni anormallaşdırır: "AKP Türkiyənin, yoxsa Ermənistanın hökumətidir? AKP hökumətinə tövsiyəm budur ki, Türkiyə və Azərbaycana xəyanət protokolunu Böyük Millət Məclisinə gətirməsin. Sarkisyana da tövsiyəm odur ki, oktyabrın 14-də matça tamaşa etmək üçün Türkiyəyə gəlməsin. Əks təqdirdə, inanılmaz etiraz aksiyaları ilə üzləşəcək".
Türkiyə Demokrat Partiyasının lideri, parlamentin sabiq sədri Hüsaməddin Cindoruk da hökumətin Ermənistanla razılaşmalarını növbəti dəfə kəskin tənqid edib. Partiyasının Əskişəhər təşkilatının verdiyi iftar yeməyinə qatılan Hüsaməddin Cindoruk hökumətin birdən-birə Ermənistanla iki protokol paraflayaraq ictimaiyyətə açıqladığını bildirib: "Dilimiz, dinimiz, soy ağacımız eyni olan Azərbaycanı incidirik. Azərbaycan bizim can və qan qardaşımızdır. Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal edib. Bakının bəzi yerlərində Qarabağda şəhid olanların məzarları var. Azərbaycanın bir qismini işğal etmiş Ermənistanın prezidenti Bursadakı matçı izləməyə gəlməklə nə baş verəcək? Gəlməz olsun. Buna görə Azərbaycanı incitməyə dəyərmi?"
Hüsaməddin Cindoruk ermənilərlə problemləri olmadığını söyləyib: "Ermənilər İstanbulda rahat gəzir. Bizim problemimiz Ermənistanın Azərbaycan türklərinə qarşı düşmənçilik və işğalçılıq əməlləridir".
Demokratik Sol Partiyasının (DSP) üzvü, millət vəkili Süleyman Yağız isə Ermənistanla paraflanan protokollarla bağlı baş nazir Rəcəb Tayyib Ərdoğana yazılı sorğu ilə müraciət edib. S.Yağız sorğuda R.T.Ərdoğanın Bakıda verdiyi vədləri xatırladıb: "Azərbaycana səfəriniz zamanı Dağlıq Qarabağın işğalına son qoyulmadan Ermənistanla sərhədlərin açılmayacağı barədə verdiyiniz söz azəri qardaşlarımız üçün çox önəmli təminat idi. Bu vədiniz Ermənistanla razılaşdırılmış protokollarla ziddiyyət təşkil etmirmi? "Dağlıq Qarabağın işğalı səbəb, sərhədin qapanması nəticədir" sözünüzün bir önəmi qalmadımı? Eyni səfəriniz zamanı "Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq gerçək bir qardaşlıqdır. Xalqlarımız birlikdə sevinmiş, birlikdə üzülmüş və lazım gələndə birlikdə savaşmışdır", demişdiniz. Ermənistanla razılaşdırılan protokollarla gerçək qardaşlığa zərər verilmiş olmadımı? Azərilərə verilən sözlərin yerinə yetirilməməsi Türkiyə hökumətinin beynəlxalq arenada zəifləməsinə, gücsüzləşməsinə və etibarını itirməsinə səbəb olmazmı?"
|
|
|
|
|
|
|