Bölgəmizə dair Stalinin öz niyyətləri varmış
 |
Lakin o zaman tarix öz hökmünü başqa cür verdi
Şənbə, 05.09.2009
|
|
Bu həftənin əvvəlində - sentyabrın 1-də İkinci Dünya müharibəsinin başlanmasının 70 illiyi qeyd olundu. Polşanın Qdansk şəhərində bu məqsədlə törən keçirildi. Almaniya kansleri Angela Merkel və Rusiya baş naziri Vladimir Putin də burada idi. Belə ki, Avropada savaş Hitler Almaniyasının Polşaya hücumu ilə başlanmış və buna cavab olaraq Böyük Britaniya, Fransa, Avstraliya və Yeni Zelandiya Almaniyaya savaş elan etmişdilər. Bəşəriyyətə böyük fəlakətlər gətirmiş həmin hadisədən indi 70 il ötür. Aradan bu qədər uzun bir zaman keçməsinə baxmayaraq, o çağın bir çox hərbi-siyasi məqamlarının üstü indi-indi açılır. Çünki yeddi qıfıl altında olan arxivlərin çoxu araşdırıcıların üzünə son illərdə açılmağa başlamışdır.
Məsələn, Hitlerin yeni dünya nizamı barədə fikirlərini bilirik. Bəs, sovet lideri İosif Stalinin bizim coğrafiya barədə niyyətləri necə olub? Moskvada yaşayan azərbaycanlı tarixçi, müasir Amerika tarixi və İkinci Dünya müharibəsinin tarixi üzrə Rusiyanın ən nüfuzlu mütəxəssislərindən biri sayılan Cahangir Nəcəfov (Rusiya EA Ümumi Tarix İnstitutu, tarix elmləri doktoru) SSRİ xarici siyasət idarəsinin arxiv sənədlərinə istinadən əsaslandırır ki, Almaniya və SSRİ arasında imzalanmış 23 avqust 1939-cu il tarixli "Molotov-Ribbentrop" sazişindən Stalinin Yaxın və Orta Şərqin yeni modelini yaratmaq üçün istifadə etmək niyyəti varmış.
Bunu gerçəkləşdirməyə çalışarkən, Stalin 1941-ci ildə İran və Türkiyəyə qoşun yeritməyə hazırlaşırmış. Qars və Ərdahan bölgələri Ermənistana, başqa bir pay Gürcüstana, Cənubi Azərbaycan isə İrandan qoparılaraq Sovet Azərbaycanına birləşdiriləcəkmiş. Bu minvalla Azərbaycanın ərazisi 2 dəfə, Ermənistan ərazisi 80 faiz, Gürcüstan ərazisi isə 8 faiz genişlənəcəkmiş. Lakin 1941-ci il iyunun 22-də Hitler Almaniyasının SSRİ-yə qəfildən hücumu Stalinin bu planlarını pozmuş, yaxud arxa plana keçirmişdir.
Bu məqamlara şərh verməsi xahişi ilə tarixçi-alim, professor Musa Qasımlıya (BDU) müraciət etdik. O dedi:
- Stalinin bu niyyətləri barədə deyilənlər həqiqətə uyğundur. Görkəmli alim Cahangir Nəcəfovun bu fikirləri konkret tarixi faktları, gerçəkliyi əks etdirir. 1939-cu il avqustun 20-də 10 il müddətinə hücum etməmək haqqında sovet-alman müqaviləsi və "Molotov-Ribbentrop" paktı imzalandığı günlərdə Berlində aparılan danışıqlarda çoxlu məsələlərlə yanaşı, SSRİ tərəfi Yaxın və Orta Şərq barədə niyyətlərini də bildirmişdi. Stalinin Almaniyadan iki istəyi vardı: birincisi, Batumdan Qara dəniz boğazlarına qədərki ərazilərin, ikincisi, Bakıdan İran körfəzinə qədərki ərazilərin SSRİ-nin nəzarətinə verilməsi. Lakin alman tərəfi Moskvanın bu təkliflərini qəbul etməmişdi. Danışıqlar bu şəkildə uğursuzluqla başa çatdıqdan sonra sovet-alman münasibətlərində tədricən soyuqlaşma başladı. İki ölkə arasında ticarət dövriyyəsi aşağı düşdü. 1941-ci il iyunun 22-də isə Almaniya SSRİ-yə basqın etdi.
Müharibə Stalinin bizim bölgəyə dair planlarını bir qədər arxa plana keçirmişsə də, hər halda, 1941-ci ilin sentyabrında İran ərazisinə qoşun yeridilmişdi. Musa Qasımlı deyir ki, müharibədən sonra - 1946-cı ildə Sov.İKP MK Siyasi Bürosu "Türkiyə ərazisində əməliyyat keçirmək barədə" məxfi qərar qəbul etmiş və bu barədə sovet xarici kəşfiyyatına göstəriş də verilmişdi. Bu qərarın icrası son anda dayandırılmışdı. Bunlara dair arxiv sənədləri var və Moskvada nəşr olunmuş bir sıra kitablarda təfərrüatlara varılır.
Tarixçi-alim deyir: "Bilirsiniz, Sovet rəhbərliyi tarixən Çar Rusiyasının yeritdiyi siyasəti davam etdirir, əlverişli strateji mövqelərə, "isti dənizlərə" çıxmağa can atırdı. Stalin belə hesab edirdi ki, Qara dəniz boğazlarında təhlükəsizliyin təmini yalnız Türkiyədən asılı olmamalıdır, çünki SSRİ-yə yüklər bu boğazlardan keçirilib gətirilir, Türkiyənin isə istənilən anda boğazlardan qıfıl asmaq imkanı vardır".
Dünya müharibəsi ərəfəsində böyük güclərin Türkiyədə və İranda nüfuz sahibi olmaq uğrunda çəkişdikləri məlum həqiqətdir. "Stalinin bu istəkləri konkret olaraq Azərbaycanın, Gürcüstanın və Ermənistanın maraqları üçün deyil, Ümumən SSRİ-nin strateji niyyətlərini gerçəkləşdirmək üçün düşünülmüşdü", - deyə Musa Qasımlı şərhinə yekun vurdu. Görəsən, dövranın gərdişi Stalin deyən kimi olsaydı, bu gün bölgəmiz necə görünərdi? Çətin sualdır. Tarix öz hökmünü özü bildiyi kimi verir. Fəqət, bircə onu bilirik ki, Azərbaycanın qərar tutduğu bu bölgənin xəritəsini dəyişdirmək məsələsi hələ də gündəmdən çıxmayıb. Bu gün tək böyük güclərin deyil, bölgənin siyasi xəritəsində yer alan iri və xırda dövlətlərin açıq və gizli niyyətləri bir yana, hətta ayrıca dövləti olmayan xalqların da özünün bir "xəritə arzusu" var. Bu qorxulu mövzu heç də öz aktuallığını itirməyib.
|
|
|
|
|
|
|