Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti, sinergetik
Türkiyə-Ermənistan münasibətlərində yeni bir "partlayış" baş verdi. İki ölkənin diplomatik dairələri arasında imzalanan saziş dərhal dünya mediasının diqqət mərkəzinə düşdü. Bir çox ölkələrin KİV-i 100 illik qarşıdurmaya son qoyulmağa başlandığını yazdı. Paralel olaraq çoxlu sayda siyasətçi və ekspertlərin baş gicəlləndirən bəyanatları yayıldı. Açıq görünür ki, bu məsələ bütün dünyanı əhatə edən problemlərə toxunur. Təsadüfi deyil ki, həmin məlumatdan dərhal sonra məhz Qafqazda siyasi diplomatik hərəkətlilik intensivləşdi. Ancaq rəsmi Bakı təmkinlidir, özü də çox təmkinlidir. O, qısa bəyanatlardan kənara çıxmır, mövqeyini aydın ifadə edir. Azərbaycanın maraqlarının istənilən formada gözlənməməsinə qarşı duracağını deyir.
İmzalanan sənəddə nə var?
Bu sənəddə Türkiyə ilə Ermənistanın diplomatik əlaqələr qurmaq istəkləri ifadə olunub. Bunun üçün təşkil olunacaq komissiya 6 həftə intensiv çalışacaq. Oktyabrın 14-nə qədər konkret bir qənaətə gəlinməlidir. Hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açılmalıdır. İqtisadi əməkdaşlıq bərpa olunmalıdır və s. Suallar doğuran məqamlar "erməni soyqırımı" və Dağlıq Qarabağ məsələsidir. Türkiyə tərəfinin dediyinə görə, hər iki ölkənin hökuməti tarixçilərdən ibarət komissiya düzəldib, o məsələni müzakirə edəcək.
Ermənistanın prezidenti S.Sarqsyanın dediyinə görə isə, söhbət hökumətin alt səviyyəsindəki mütəxəssislərdən ibarət komissiyadan gedir. Yəni Ermənistan məsələni siyasi müstəvidə görür.
Dağlıq Qarabağ məsələsində Türkiyə tərəfi baş nazir və xarici işlər nazirinin dili ilə Azərbaycanın maraqları təmin olunmasa, imzalanan sənədin etibarlı olmayacağını bildirir. Xarici işlər naziri Əhməd Davudoğlu sazişdən öncə ABŞ, Rusiya və Fransanın yüksək rəsmi şəxsləri ilə telefon danışıqları olduğunu deyib. Bu danışıqlarda Dağlıq Qarabağ məsələsinin həllindən sonra Türkiyə-Ermənistan sərhədlərinin açıla bilməsi birmənalı vurğulanıb. Türkiyə XİN-in rəhbəri hər üç ölkənin xarici işlər nazirlərinin bu məsələdə razılığının alınmasından sonra sənədi imzaladıqlarını bildirib. Və sənədin parlamentdə təsdiq olunmasa, qüvvəyə minməyəcəyini şərt kimi qoyublar. Baş nazir Ərdoğan da eyni fikri bildirib.
Ermənistandan isə başqa informasiyalar çıxır. Ermənilər Azərbaycanın Türkiyədəki səfirini narazılıq əlaməti olaraq geri çağırdığı haqqında məlumatlar yaydılar. Lakin səfirin özü Ankaradan bunu təkzib etdi. Ermənistan rəsmiləri deyirlər ki, nə "soyqırım", nə də Dağlıq Qarabağ məsələsi ön şərt kimi qoyula bilməz. Sənəddə də bu yoxdur. Üstəlik, Dağlıq Qarabağın müstəqilliyindən başqa variantla razılaşmağın mümkün olmadığını vurğulayırlar. S.Sarqsyan özü bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsi ilə sərhədlərin açılmasını əlaqələndirə bilməz. Türkiyə tərəfi isə bunları S.Sarqsyanın daxili siyasi durumu stabil saxlamaq üçün dediyini irəli sürür.
Bəyanatlar hələlik bu çərçivədə verilir. Əsl həqiqətin harada olduğu haqqında bu məlumatlardan nəticə çıxarmaq çox çətindir. Lakin sətiraltı bəzi məqamlar var ki, onlara görə məsələnin nə yerdə olduğunu təxmin etmək olar.
Proseslərin məntiqi nədən ibarətdir?
Yaxın Şərq və Qafqazda geosiyasi proseslər bir neçə bənd üzrə kəsişməyə başlayıb. Bunlar enerji, terrorla mübarizə, İranın nüvə proqramı, bölgə dövlətlərinin hərbi təhlükəsizliyi məsələsidir. ABŞ-la Rusiyanın bu məsələlər üzrə müəyyən razılığa gəldiyini deyirlər. Onu təsdiq etmək çətindir. Lakin bəzi erməni ekspertləri hesab edir ki, Dağlıq Qarabağ məsələsində Rusiya ilə ABŞ Türkiyə-Ermənistan sərhədini açmaq üçün razılığa gəliblər. Bu, Rusiyanın nəyinə lazımdır? Yəni ruslar könüllü olaraq erməniləri yankilərin ağuşuna atır? İnanmaq çətindir. Ancaq Rusiyanın Gürcüstan hadisəsindən sonra Güney Qafqazda imicini dəyişmək istəməsi və bunun üçün Türkiyə faktorundan yararlanmaq fikrinə düşməsi inandırıcı görünür.
Rusiyanın burada marağı ABŞ və Böyük Britaniya kimi kənar dövlətlərdənsə, qarşılıqlı maraqları olan Türkiyə ilə dil tapmağın daha perspektivli olmasından qaynaqlanır. Rusiya Türkiyənin xarici ticarətdə ən böyük tərəfdaşıdır. Buna baxmayaraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan sərhədinin açılması bağlılığından rəsmi Vaşinqtonun ssenarisi əsasında həll edilməsinə razı olacağı çox az ehtimal olunur. Çünki bununla Ermənistan sürətlə Rusiyanın təsiri altından çıxacaq ki, strateji baxımdan şimal qonşumuza sərf etməyən haldır.