Hal-hazırda Ayna qəzetinin 05.09.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.09.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Ağcabədi məmurları müttəhimlər kürsüsündə
Ağcabədi məmurları müttəhimlər kürsüsündə
Onlar iş adamını öldürməyə hazırlaşmaqda ittiham olunurlar
Şənbə, 05.09.2009

Hacı Zeynalov mətn ölçüsü  

İş adamını öldürmək üçün sui-qəsd hazırlamaqda ittiham olunan Ağcabədi rayon polis idarəsi istintaq bölməsinin rəisi İbrahim Ağamirov, Ağcabədi rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Bulud Quliyev, Ağcabədi rayon sakinləri Şahbaz Cəlilov, Ələkbər Ələkbərov və Elçin Orucovun məhkəməsi başlayıb.

İş adamını öldürmək planının təfərrüatları

İttihama görə, istintaq bölməsinin rəisi, polis mayoru Ağamirov İbrahim Miriş oğlu, Ağcabədi Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Quliyev Bulud İnqilab oğlu, rayon sakinləri Cəlilov Şahbaz İsmayıl oğlu, Ələkbərov Ələkbər Rövşən oğlu və Elçin Orucov bu ilin aprel-may aylarında rayonun Aşağı Avşar kənd sakini Rüstəmov Füzuli Yəhya oğluna ziyan vurmaq məqsədilə ona məxsus əmlakı yandırmaq və partlatmaq yolu ilə məhv etməyə cəhd göstərib və onun qəsdən öldürülməsi üçün hazırlıq işləri görüblər.

Müəyyən edilib ki, İbrahim Ağamirov xidmət etdiyi ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Füzuli Rüstəmovdan qisas almaq niyyətilə Rüstəmovun rayonun girəcəyində yerləşən "Yəhya-Petrol" yanacaqdoldurma məntəqəsini yandırmaq və partlatmaq, bundan sonra isə onu öldürmək qərarına gəlib.

İşi başa çatdıra bilməyən "killerlər"

İbrahim Ağamirov bu məqsədlə tanışı Bulud Quliyevə yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı, bundan sonra isə Füzuli Rüstəmovu öldürməyi sifariş verib. Quliyev sifarişin icrası üçün tanışı, qəsdən adamöldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Şahbaz Cəlilov ilə Bakı şəhərində görüşərək yanacaqdoldurma məntəqəsini partlatmağı və qətli törətməyi ona tapşırıb və bunun müqabilində 3 min, qətl üçün isə 10 min ABŞ dolları verəcəyini vəd edib. Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbər Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirib və bu cinayətin müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından 1 minini özünə götürəcəyini, 2 min ABŞ dollarını isə ona verəcəyini vəd edib. Quliyev və Ələkbərov qeyd olunan yanacaqdoldurma məntəqəsinin mayın 2-də gecə saat 01:03 radələrində yandırılması və partladılması barədə razılaşıblar. Bulud Quliyev ilkin olaraq Ələkbər Ələkbərova işin görülməsi üçün 500 dollar beh verib, pulun qalan hissəsini isə tapşırıq icra edildikdən sonra ödəyəcəyini vəd edib. MTN-in keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri ilə bu təhlükəli cinayətin qarşısı vaxtında alınıb, onu törətmək istəyən şəxslər yaxalanıblar.

Vəkil cinayət işinə xitam verilməsini istədi

Məhkəmə prosesində təqsirləndirilən Bulud Quliyevin vəkili Adil İsmayılov vəsatətlə çıxış edib. Vəkil bildirib ki, cinayət işinin araşdırılması aidiyyəti üzrə prokurorluğa aid olduğu halda, MTN istintaq şöbəsində araşdırılıb: "MTN-də işin araşdırılması qanuna ziddir. Cinayət işinə xitam verilib və yenidən araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa qaytarılmasını istəyirik".

"Heç bir günahım yoxdur"

Təqsirləndirilən Ələkbər Ələkbərov iddia etdi ki, heç bir günahı olmadığı halda cinayət məsuliyyətinə cəlb edilib. Onun sözlərinə görə, hadisə planlaşdırıldığı gün Ağdaş rayonuna gedib: "Bunu sübut edən dəlillərim də var. Taksi sürücüsü məhkəmədə dindirilsə, bu məsələyə aydınlıq gətirilər. Amma MTN-də aparılan istintaq zamanı məni Ağdaşa aparan taksi sürücüsü yox, başqa taksi sürücüsü dindirilib və öz maraqlarına xidmət edən ifadə alınıb. Məni Ağdaş rayonuna aparan taksi sürücüsü Seymur Ələkbərovun məhkəmədə dindirilməsini istəyirəm".

Təqsirləndirilən Şahbaz Cəlilov bildirdi ki, qardaşı Abbas Cəlilova məxsus maşına və atasına məxsus mülkə istintaq həbs qoyub. Onun sözlərinə görə, qardaşına məxsus maşın o həbs edilən gün MTN-in avtomaşın dayanacağına gətirilib və bu günə kimi də geri qaytarılmayıb: "Həmin maşından MTN əməkdaşları guya mənə məxsus olan narkotik vasitə tapıblar. Daha sonra evimə keçirilən baxış zamanı avtomat silahın patronlarını tapıblar. Bunların heç biri mənə aid deyil.

REKLAM

Lakin istintaq dövründə onların mənə məxsus olmasını təsdiqləməyimin səbəbi var. MTN-də əməliyyatçılar mənə dedilər ki, bizə silah ver, evindən tapılan avtomat silahının patronlarını və maşından tapılan narkotik vasitəni cinayət işindən xaric edək. Mən də onlara inandım və qardaşıma zəng edərək, "TT" markalı tapançanın yerini dedim. Qardaşım da həmin tapançanı taparaq, istintaqa təhvil verdi. Amma cinayət işi ilə tanış olanda onların dedikləri kimi evimdən tapılan avtomat silahın patronları və maşından tapılan narkotik vasitə cinayət işindən xaric edilməyib. Hörmətli hakimlər, bunun nəzərə alınmasını xahiş edirəm".

"Cinayət işində heç bir sübut yoxdur"

Daha sonra prosesdə çıxış edən təqsirləndirilən Şahbaz Cəlilovun vəkili Novruz Hüseynov bildirdi ki, müdafiə etdiyi şəxsin əməlində qeyd olunan ittihamlarla bağlı cinayət tərkibi yoxdur və işə xitam verilməlidir: "İstintaq materiallarında Şahbaz Cəlilovun Füzuli Rüstəmovu öldürməyə hazırlıq görməsi və cəhd etməsi ilə bağlı heç bir sübut yoxdur".

Vəkil daha sonra qeyd etdi ki, Şahbaz Cəlilov istintaq materiallarında qeyd olunan "Makarov" tipli tapançanı, 14 ədəd 5,45 mm çaplı avtomat patronunu istintaqa könüllü təhvil verib: "Amma müdafiə etdiyim şəxsə qarşı CM-in qanunsuz silah saxlama (228) maddəsi ilə ittiham verilib. Qanuna görə, istintaqa silahı könüllü şəkildə təqdim edən şəxsə qarşı cinayət işi başlanmır. Buna görə də həmin ittihamın verilməsini düzgün hesab etmirik və ona da xitam verilməsini xahiş edirik".

"Şahidlərə hüquqları izah edilməyib"

Vəkil bildirdi ki, Şahbaz Cəlilovun Bakı şəhərindəki mənzilində aparılan axtarış qanuna uyğun olmayıb. Onun sözlərinə görə, axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşları bir sıra qanun pozuntusuna yol veriblər: "Əməliyyatçılarda belə fikir formalaşıb ki, evdə aparılan axtarış zamanı silah tapılacaq. Buna görə də əvvəlcədən hal şahidləri dəvət edilib. Əməliyyatçılar axtarış zamanı ev sahibinə və hal şahidlərinə hüquqlarını izah etməyib. Buna görə də hesab edirik ki, evdən tapılan silah-sursat istintaq materiallarında sübut kimi qəbul edilə bilməz. Həmin sübutların çıxarılmasını xahiş edirəm".

Vəkil müdafiə etdiyi şəxsin qardaşına məxsus "BMV" markalı avtomaşının üzərinə qoyulmuş həbsin götürlməsi barədə də vəsatət qaldırdı: "Qanuna görə, təqsirləndirilən şəxsin adına olan mülkiyyət üzərinə həbs qoyula bilər. Lakin istintaq orqanı Şahbaz Cəlilovun qardaşı Abbasa məxsus avtomaşının üzərinə həbs qoyub və heç bir əsas olmadan Milli Təhlükəsizlik Nazirliyinin avtodayanacağında saxlanır".

"İstintaqda qanun pozuntusuna yol verilib"

Təqsirləndirilən Ələkbər Ələkbərovun vəkili Ceyhun Yusifov da bildirdi ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Vəkil işə xitam verilməsi barədə vəsatət qaldırdı. Vəkil qeyd etdi ki, Ələkbər Ələkbərovla şahidlərin üzləşdirilməsi zamanı qanun pozuntusuna yol verilib. Onun sözlərinə görə, Ələkbər Ələkbərov həbsdə olduğu halda, şahidlərlə onun özü ilə yox, fotoşəkili ilə tanıtma aparılıb: "Bunu da istintaq orqanı izah edə bilməyib. Ona görə də tanıtma ilə bağlı üzləşdirmə protokolları sübutlar siyahısından xaric edilməlidir".

"MTN özünə aid olmayan bir işi araşdırıb"

Bundan sonra vəsatətlə çıxış edən vəkil Əlayif Həsənov bildirdi ki, narahatlıq yaradan məqamlardan biri də cinayət işinin Ağcabədi Prokurorluğuna aid olmasına baxmayaraq MTN-də araşdırılmasıdır: Bununla bağlı müvafiq qurumlara müraciət etsək də, bir nəticəsi olmayıb. Baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov işin MTN Baş İstintaq İdarəsi tərəfindən aparılması barədə qərar qəbul ediblər. Lakin həmin qərar əsaslandırılmayıb. Biz hesab edirik ki, MTN özünə aid olmayan bir işi araşdırıb. Bu cinayət işi rayon prokurorluğu səviyyəsində araşdırılmalı idi".

Vəkil bildirdi ki, müdafiə etdiyi şəxsi Bulud Quliyevin ifadəsi əsasında tutublar. Onun sözlərinə görə, Bulud Quliyev sonradan İbrahim Ağamirovla bağlı verdiyi ifadəsini dəyişib: "O bildirib ki, həmin ifadəni işgəncə, təzyiq altında verib. Hesab edirik ki, işgəncə, təzyiq altında alınan ifadə qərəzlidir və sübutlar siyahısına daxil edilməməlidir".

Əlayif Həsənov daha sonra bildirdi ki, istintaq orqanı istintaq sirrinin kütləvi informasiya vasitələrində yayılmaması barədə ona xəbərdarlıq edib. Dediyinə görə, həmin xəbərdarlıqdan bir neçə gün sonra cinayət işi ilə bağlı MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi geniş məlumat yayıb və həmin məlumat telekanallarda göstərilib və rəsmi dövlət qəzetlərində geniş dərc edilib. Vəkilin dediyinə görə, bundan əlavə, İbrahim Ağamirovla bağlı xüsusi reportaj da dövlət televiziyasında göstərilib: "Həmin reportaj yayımlanandan sonra İbrahim Ağamirova qarşı şikayətlər artmağa başladı. Hesab edirəm ki, istintaq orqanı bunu bilə-bilə edib".

Prokuror vəsatətlərin təmin edilməməsini istədi

Dövlət ittihamçısı Nəriman Ələkbərov vəkillərin iradlarının əsaslı olmadığını bildirdi. O qeyd etdi ki, cinayət işinə xitam verilməsinə heç bir əsas yoxdur. Sübutların siyahıdan çıxarılmasına gəlincə, dövlət ittihamçısı bunun məhkəmə araşdırması zamanı müəyyən edilməsinin mümkün olduğunu bildirdi və qeyd etdi ki, hazırkı mərhələdə bunu müzakirəyə çıxarmağa əsas yoxdur. Dövlət ittihamçısı təqsirləndirilən Ələkbər Ələkbərovun fotoşəkli ilə şahidlərin tanıtmasının keçirilməsini təhlükəsizlik tədbiri ilə əlaqələndirdi. Zərərçəkmiş Füzuli Rüstəmov isə təqsirləndirilən şəxslərin və onların vəkillərinin qaldırdıqları vəsatətlərin təmin edilməməsini istədi. O qeyd etdi ki, onlar Ağcabədi rayonunda soyqırım hazırlayıblar.

"Məni döyərək, hansı vəziyyətə salınmağım barədə şahidlərim var"

Təqsirləndirilən Ələkbər Ələkbərov isə ibtidai istintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirdi: "Məndən ibtidai istintaq zamanı təzyiqlər altında ifadə alıblar. Zərərçəkmişi tanımamışam, amma mənə israrla cinayəti törətdiyimi bildirirdilər. Az qalırdılar ki, kişiliyimi əlimdən alsınlar. Məni o dərəcəyə gətirmişdilər ki, intihara cəhd etmək istəyirdim. Mənim döyülüb hansı vəziyyətə salınmam barədə şahidlərim var. Həmin şahidlər MTN-in kameralarındadır".

Bütün tərəfləri dinləyəndən sonra hakim heyəti vəsatətləri müşavirə otağında müzakirə etdi. Müşavirədən qayıdan hakimlər vəsatətləri təmin etmədilər. Hər halda, bu cinayət işi ibtidai istintaq orqanının gəldiyi nəticədir və tərəflərin səsləndirdiyi mülahizələrdir.

Məhkəmə sentyabrın 11-dən start götürür və prosesdə bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək. Kimin təqsirkar, kimin təqsirsiz olduğunu məhkəmə sonda elan edəcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ər-arvadı qətlə yetirib evi qarət etdi
Sonra isə 15 il cəza aldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər