Dövlət İpoteka Fondu bu il 55 milyon manatlıq ipoteka istiqrazları satışını həyata keçirəcəyini bəyan edib. Satışdan əldə edilən vəsait adi ipoteka kreditlərinin verilməsinə yönəldilir. Fond indiyədək 30 milyon manatlıq ipoteka istiqrazı satıb. Fonddan bildiriblər ki, ipoteka proqramı başladıqdan sonra 600 nəfərə yaxın vətəndaşa ümumi həcmi 25 milyon manat təşkil edən ipoteka krediti verilib. Bununla da, 2006-cı ilin martından başlayaraq Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 100 milyon manatı keçib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasına görə, hərraclar vasitəsilə ipoteka istiqrazlarının yerləşdirilməsi və əldə edilən vəsaitin ipoteka kreditləşməsinə yönəldilməsi müsbət hal olsa da, hərracların təhlili müəyyən narahatlıq yaradır. Mərkəzin İH sədri Vüqar Bayramovun izahına görə, hərraclarda iştirak edən investorların sayında müşahidə edilən azalmalar göstərir ki, bu metodla ipoteka proqramını uzun müddət davam etdirmək mümkün deyil. Belə ki, əgər iyunun 16-da keçirilən hərracda 8 investor iştirak etmişdirsə, sonrakında investorların sayı 4-ə enib. İyulun 27-də təşkil edilən növbəti hərracda cəmi 3 və nəhayət 24 avqust 2009-cu ildə keçirilən hərracda isə 2 investor iştirak edib.
Yalnız birinci hərracda satışa 15 milyon manatlıq ipoteka istiqrazı çıxarılıb. Digər 3 hərracda isə satılan istiqrazların dəyəri eyni olub - beş milyon manat. Vüqar Bayramov: "İstiqrazların dəyərinin sabit qalmasına baxmayaraq, hər hərracda əvvəlkinə nisbətən 1 investorun "yoxa çıxması" və sonda investorların sayının 2-dək azalması məhz hərraclara marağın azalmasından xəbər verir. İpoteka Fondunun hərraclara marağın artması ilə bağlı açıqlamalarına baxmayaraq, real vəziyyət tamamilə fərqlidir: ipoteka istiqrazlarına investorların marağı azdır. Doğrudur, fond bu hərraclarda tələbin təklifi üstələdiyi ilə bağlı açıqlamalar yayır, amma investorların sayının azalması fonunda bu, kifayət qədər şübhəli təsir bağışlayır".
Vüqar Bayramov deyir ki, fond illik gəliri 3 faiz olan ipoteka istiqrazlarını hərraclar vasitəsi ilə yerləşdirməklə davamlı ipoteka proqramı həyata keçirə bilməz: "1000 manatlıq ipoteka istiqrazının illik gəliri 30 manatdır və bu kommersiya banklarında yerləşdirilən eyni məbləğdə əmanətin gəlirindən ən azı 5 dəfə azdır. Belə olan halda isə, istiqrazlara ciddi marağın olacağını gözləmək sadəlövhlük olardı. Başqa tərəfdən, fond istiqrazların satışından əldə etdiyi vəsaiti qısa müddətdə reallaşdırır. Bu isə o deməkdir ki, ən yaxşı halda oktyabrın sonunda adi ipoteka proqramını davam etdirmək üçün pul olmayacaq. Belə ki, əgər iyun ayında yalnız 1 milyon manatlıq ipoteka krediti verilmişdirsə, iyulda 16 milyon manatlıq kredit təqdim edilmişdir. Avqustun ilk yarısında isə 8 milyon manatlıq kredit verilmişdir. Praktik olaraq, fond 2007-ci ildə buraxdığı səhvləri təkrarlayır: təqdim edilən kreditlər fondun gəlirlərinin məbləğinə uyğunlaşdırılmayıb".
İSİM rəhbəri deyib ki, fond dövlət büdcəsindən asılılığının aradan qaldırılması ilə bağlı yalnız bir addım atmış - ipoteka istiqrazlarını dövriyyəyə buraxmışdır. "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" prezidentin 16 sentyabr 2005-ci il tarixli fərmanında ipoteka kreditləşməsinə yönəldilən vəsaitin həcminin davamlı olaraq artırılmasına nail olmaq məqsədilə Mərkəzi Bankın, Dövlət Neft Fondunun və institusional investorların (o cümlədən, sığorta şirkətlərinin, investisiya fondlarının və s.) maliyyə resurslarının İpoteka Fonduna cəlb olunmasına dair təkliflərin 1 aya dövlət başçısına təqdim edilməsi tapşırılmışdı. Amma bu sahədə heç bir ciddi addım atılmayıb.
Əslində institusional investorları cəlb etməklə problemi kifayət qədər yumşaltmaq və ən vacibi - dövlət büdcəsindən asılılığı azaltmaq olar. Eyni zamanda, ötən müddətdə ipoteka kreditlərinin verilmə sistemində institutların formalaşması yönündə addımlar atılmamağı prosesdə daha çox kredit paylamaq təsiri yaratdı.
Prezidentin 23 yanvar 2007-ci il tarixli "Azərbaycan Respublikasında Güzəştli İpoteka Kreditlərinin verilməsi qaydaları haqqında" fərmanında İpoteka Kreditləri Zəmanət Fondunun yaradılması və həmin fondun kredit məbləğinin ən az 20 faizinə zəmanət verdiyi halda kredit məbləğinin daşınmaz əmlak bazarı qiymətinin 100 faizi həcmində ola bilməsi qeyd edilirdi. Xatırladaq ki, indi əmlakın 85 faizi həcmində kredit verilə bilər.
V.Bayramovun izahı: "Bəlkə də, fondda vəsaitlərin tükəndiyi və ipoteka kreditlərinə marağın yüksək olduğu halda bu elə də əhəmiyyətli görünməyə bilər. Ola bilər ki, alınan əmlakın 15 faizini ödəməklə ipoteka kreditlərinə sahib olanların sayının çox olması bu institutun yaradılmasını arxa plana keçirib. Amma sosial layihələrdə, o cümlədən ipoteka kreditləşməsində "tələb-təklif müvazinəti", demək olar, işləmir. Məsələ ondadır ki, Zəmanət Fondunun formalaşdırılmamağı məhz prosesdən daha çox mənzilə ehtiyacı olan aztəminatlı əhalinin deyil, kreditlərdən kommersiya məqsədləri üçün istifadə edənlərin "işinə yarayır". Razılaşaq ki, bu gün ipoteka krediti fəlsəfəsinə daha uyğun gələn, amma ilkin məbləği ödəyə bilməyən çoxlu sayda aztəminatlı evsiz ailələr prosesi, sadəcə, seyr etməklə kifayətlənir. Ən azı ona görə ki, fondun vəsaitlərindən istifadə heç də prosesin keyfiyyətini göstərmir, əsas məsələ kreditlərin səmərəlilik dərəcəsindədir".
V.Bayramov əlavə edir ki, ipoteka proqramının təkmilləşdirilməsi istiqamətində addımlar atılmasa, 2007-ci ildə olduğu kimi, bu il də kreditləşmədə fasilə yarana bilər.
|