![]() |
çap et |
|
|||
Sentyabrın 11-də Yerevanda cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Avropa birinciliyində Azərbaycan idmançılarının iştirakı əvvəlcə sual altında olsa da, hər iki ölkənin ali idman qurumları arasında təhlükəsizliklə bağlı razılaşma imzalanmasından sonra bu məsələ yoluna qoyulub. Beləliklə, cüdo yığmamızın Yerevana gözlənilən səfəri baş tutacaq.
Gənclər arasında Avropa çempionatında mübarizə aparacaq cüdoçularımızdan biri də Elmar Qasımovdur. O, iki həftə əvvəl Rotterdamda keçirilən böyüklər arasında dünya çempionatında beşinci yeri tutub. 100 kq çəki dərəcəsində mübarizə aparacaq gənc atlet yarış ərəfəsində "azerisrort.com"a açıqlama verib. Müsahibəni qısa ixtisarla oxucularımızın diqqətinə çatdırırıq. - Cüdoçularımızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi xəbərini necə qarşıladın? - Bu xəbərə çox sevindim. Çünki indiyə kimi heç bir azərbaycanlı idmançı Ermənistanda keçirilən yarışda çıxış etməyib. Odur ki, cüdo üzrə gənclərdən ibarət yığmamız Yerevanda mübarizə aparan ilk komanda olacaq. - Yəqin ki, bu yarışa münasibət də xüsusi olacaq... - Sözsüz. Heç də hər bir idmançının əlinə belə fürsət düşmür - Azərbaycan bayrağını Yerevanda qaldırmaq. - Yığmamız bu çempionatda nəyə ümid edir? - Yerevana medal qazanmaq üçün gedirik. Çünki indi komandada yüksək vəzifələrin öhdəsindən gələ biləcək atletlər var. Cüdoçularımızın hər biri yüksək əyarlı mükafatlar uğrunda mübarizə apara bilər. Məncə, bizim minimum iki medal qazanmaq şansımız var. - Bəs sən özün Yerevanda nəyə ümid edirsən? - Yerevanda Azərbaycan bayrağını qaldırmağa çalışacağam. - Dünya çempionatından sonra özünə gələ bilmişsən? - Hələ tam özümə gələ bilməsəm də, Avropa çempionatınadək əvvəlki formamı bərpa edəcəyəm. Bu yarışda nəyə qadir olduğumu göstərməyə çalışacağam. Bizdən həm də sıx yarış təqviminə öyrəşmək tələb olunur. Çünki gələn ildən lisenziya xarakterli yarışlar başlayacaq və London Olimpiadasına qədər istirahət olmayacaq. |