Güney Azərbaycan ərazisindəki tarixi abidələrin dağıdıldığı, İran "alim"lərinin diyarın tarixini saxtalaşdırmağa çalışdıqları barədə xəbərlər bir-birini əvəz edir.
Bəlli olduğu kimi, bir müddət öncə Güney Azərbaycanın Xudafərin bölgəsində də məqsədli araşdırma aparılıb və bununla bağlı yaxın zamanlarda kitab buraxılacağı gözlənir. Həmin kitabda bölgənin tarixi panfarsist məfkurəyə sərf edən şəkildə təqdim olunacaq. Yəni Xudafərin körpüsünün farslara mənsub olduğu öz əksini tapacaq. Halbuki bölgədə tapılan tarixi-mədəniyyət örnəklərinin çoxu Kür-Araz mədəniyyətinə və buranın qədim sakinləri olan türklərə aiddir.
İranın Mədəni Abidələri Qoruma İdarəsindən olan məsul şəxslərinin verdiyi bilgiyə görə, artıq eksponatlar yoxa çıxıb. Aşkarlanan əşyalırın xəbərsiz-ətərsiz Tehrana aparıldığı sonra üzə çıxıb. Hazırda onların harada saxlandığı və sonrakı taleyinin necə olacağı bəlli deyil.
Bənzər hadisələr əvvəllər də baş verib. Onların izləri sonralar Avropa muzeylərindən aşkarlanıb. Bundan başqa, bir neçə il öncə Güney Azərbaycan qəbristanlıqlarında "qoç heykəllərin", başdaşlarının dağıdıldığı, yaxud yoxa çıxdığı barədə xəbərlər yayılırdı. Sonradan bilindi ki, bu tarixi abidələr keçmiş prezident Haşimi-Rəfsəncaninin oğlunun başçılıq etdiyi qrup tərəfindən oğrulanır, xaricə satılır, eləcə də dağıdılır. Amma hazırda dini ekspertlər şurasına başçılıq edən bu zatın oğluna qarşı hər hansı ölçü götürülmədi.
"Baybak"ın məlumatında bildirilir ki, Güney Azərbaycanın Qərb bölgəsinin Tikantəpə (indi bura "Tikab" (?) deyirlər) rayonundakı Qaraömər kəndi yaxınlığında qədim mağara tapılıb. Bu mağaranın içində bir neçə otaq və əşyalar aşkarlanıb. Əlavə etmək lazımdır ki, Tehran başqa ərazilər kimi Qərbi Azərbaycan əyalətinə aid bu rayonun da adını dəyişməklə, bölgənin türklərə məxsus olmadığını "sübuta yetirmək" niyyətindədir.
|