çap et  
Əcnəbilər Bakıdan nə qədər qonorar aparır?
Əcnəbilər Bakıdan nə qədər qonorar aparır?
Siyahıda birinciliyi Elton Con tutur
Şənbə, 05.09.2009

Z.Rüstəm

Son illər Bakıda bir çox dünya ulduzlarının konsertləri təşkil olunub və bu ənənə davam etməkdədir. Təbii ki, bu sənətçilər Azərbaycanda konsert proqramı ilə çıxış etməyin müqabilində böyük miqdarda qonorar tələb edirlər. APA-nın yazdığına görə, bu vaxta kimi Azərbaycanda verdiyi konsertin müqabilində ən böyük qonorarı Elton Con alıb. O, Bakı səhnəsində çıxış etmək üçün nə az, nə çox - 2 milyon avro qonorar tələb edib. Müğənni bu qonorarı aldıqdan və bütün istəklərinin həyata keçiriləcəyinə əmin olduqdan sonra Bakıda konsert təklifini qəbul edib.

Mövzunu genişləndirmək məqsədi ilə bir sıra tanınmış sənətçilərin Bakı səhnəsində çıxışları üçün nə qədər qonorar tələb etməsi ilə maraqlandıq. Araşdırmanın birinci hissəsində bu zamana kimi Azərbaycanda konsertləri təşkil olunan sənətçilərin aldıqları qonorarın, ikinci hissədə isə çoxlu qonorar istəmə səbəbi ilə bu vaxta kimi Azərbaycan tamaşaçısı qarşısında çıxış etməyən ulduzların tələb etdikləri məbləği təqdim edirik. Bir az əvvəl Elton Condan söhbət düşdüyündən əlavə edək ki, dünya ulduzunun tələb etdiyi qonorarla yanaşı, onun konsertində istifadə olunan texniki avadanlıq da bu zamana kimi Bakı səhnəsində qurulan ən bahalı avadanlıq olub. Bakı səhnəsində çıxış edən dünya ulduzlarından fransalı müğənni Patrisiya Kaas konserti üçün 100 min avroya yaxın qonorar alıb. İtaliyanın tanınmış sənətçisi Al Bano öz Bakı konsertinə görə 200 minə yaxın qonorar alıb. Toto Kutunyo Bakıda konsert üçün 50 min dollar, keçmiş "Modern Talking" qrupunun üzvü Tomas Anders 40 min avro qonorar əldə edib.

Ötən gün paytaxtımıza təşrif buyuran və vida turnesi çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Alla Puqaçovanın qonorarı 110 min avrodur. Bəlli olub ki, Alla Puqaçova Rusiya estradasında ən çox qonorar tələb edən müğənnidir. Bu sırada sonrakı yeri onun duet ortağı Maksim Qalkin tutur. Həm şoumenlik, həm də müğənnilik edən bu ulduz indiyədək bir neçə dəfə bakılı tamaşaçılar qarşısında çıxış edib. O hər çıxışı üçün 50 min avro tələb edib.

Təşkilatçılardan eyni miqdarda qonorarı Rusiyanın xalq artisti Nikolay Baskov da tələb edib. Bu sənətçi də bir neçə il əvvəl Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib və 50 min avro qonorar əldə edib. Bakı konsertləri üçün rusiyalı sənətçilərdən Dima Bilan 40 min avro, Valeri Miladze 25 min avro, Anjelika Varum və Leonid Aqutin 25 min avro, "Lyube" qrupu 20 min avro, "Tatu" və "A studio" qrupları 15 min avro, Lolita 15 min avro, "Na-Na" qrupu isə 10 min dollar qonorar alıb. Bu günə kimi Bakıda konsert verməyən, lakin arzu olunan "Bi-2", "Neapra", "İvanuşka" qrupları isə cəmi 15 min avro qonorar tələb ediblər. Çox güman ki, adları çəkilən qruplar yaxın müddətdə Bakıya təşrif buyuracaqlar. Təşkilatçılar üçün Türkiyə estradasında ən bahalı müğənni meqa-star Tarkan hesab olunur. Bu müğənni hər gəlişində Bakı tamaşaçısının böyük sevgisi ilə qarşılanır və konsertləri həmişə anşlaqla keçir. Maraqlıdır ki, Tarkanın Bakı səfərində də tələb etdiyi qonorarın miqdarı həmişə fərqlənib. Onun əldə etdiyi ən yüksək məbləğ 200 min avro olub. Bu vaxta kimi dəfələrlə paytaxt səhnələrində konsert verən türkiyəli sənətçi İbrahim Tatlısəs isə hər gəlişində 120 min dollar qonorar tələb edib. Sezen Aksu və Ajda Pekkan Bakıda bir günlük konsertləri üçün 100 min avro qonorar alıblar. Bakıda konsert proqramı ilə çıxış edən Kayahan 70 min avro, Kənan Doğulu 60 min avro, Gülbən Ərgən 50 min dollar, Kibariyyə 30 min avro, Alişan 30 min dollar, Fərhad Köçər və Hadisə 30 min avro, Bengü 20 min avro, Kerem Cem 20 min avro, Azəri qızı Günel 15 min avro qonorar tələb ediblər və arzuladıqları məbləğdə pul alıblar. Bülənt Ersoy isə bu zamana kimi Azərbaycana bir dəfə təşrif buyurub. Onun bu səfərini xalq artisti Aygün Kazımova həyata keçirib. Əldə etdiyimiz bilgiyə görə, Bülənt Ersoy səfəri ərzində 50 min avro məbləğində qonorar əldə edib. Azərbaycanda ən çox konsertləri təşkil olunan məhz türkiyəli sənətçilərdir.

Bu vaxta qədər Azərbaycanda konsertləri təşkil edilməyən türkiyəli sənətçilər Murad Boz 20 min dollar, Funda Arar 30 min dollar, "Hepsi" qrupu isə 20 min avro qonorar tələb edir. Qaldı daha böyük məbləğdə qonorar tələb edən dünya ulduzlarına, onlar arasında ən yüksək qonorarı hazırda Madonna tələb edir. Dünyanın ən bahalı sənətçisi olan Madonna hansısa bir ölkədə səhnəyə çıxması üçün düz 4 milyon avro istəyir. Ötən il ərzində bu sənətçiyə dünyanın müxtəlif ölkələrindən 400 konsert təklifi gəlsə də, Madonna onlardan yalnız səkkizinə razılıq verib. Qeyd edək ki, bu 400 təklif arasında Azərbaycanın adı yoxdur. Bu sənətçi yalnız Sankt-Peterburqdan təklif gələn zaman tələb etdiyi qonorarın miqdarında endirim edir. Buna səbəb isə Madonnanın bu şəhərdə konsert verməkdən xüsusi zövq almasıdır. Çoxlarının xəyalında yaşatdığı Stinq isə bir konsert üçün 1,5 milyon avro qonorar tələb edir. Dünya ulduzları arasında Ceniffer Lopez və Jastin Timberleyk isə həmkarlarına nisbətdə daha az - 1 milyon avro məbləğində qonorar tələb edirlər. Necə deyərlər, "çox aşağı" qonorar tələb edən dünya ulduzları sırasında isə Şakira 800 min avro, Beyons 800 min avro, Rikki Martin 600 min avro, Adriano Çelentano 50 min dollar, "Eurovision-2009" müsabiqəsinin qalibi Aleksandr Rıbak isə 30 min avro qonorar tələb edir. Yerli təşkilatçılardan aldığımız məlumata görə, iyunun 25-də dünyasını dəyişən pop-ulduz Maykl Ceksonla aparılan son danışıqlarda o, Azərbaycana gəlmək üçün 8 milyon dollar qonorar istəyib. Yerli təşkilatçılarla söhbətdən belə nəticə çıxarmaq olar ki, adlarını çəkdiyimiz və çox yüksək qonorar tələb edən dünya ulduzlarının Azərbaycanda konsertlərini təşkil etmək hələlik qeyri-mümkündür. Təşkilatçıların sözlərinə görə, hər bir sənətçinin istədiyi qonorar onların tək özləri üçün tələb etdikləri miqdardır. Yəni bu məbləğə konsert salonunun texniki avadanlıqla təmin edilməsi, sənətçinin özüylə gətirdiyi heyətin Bakı otellərindən birində yerləşdirilməsi, avtomobillə və mühafizə xidməti ilə təminatı daxil deyil. Bu işləri görmək təşkilatçıların öhdəsinə düşür. Bu siyahıya Bakı konserti üçün təşkilatçılar qarşısında irəli sürülən məxtəlif şıltaq tələblər də daxildir.

Eyni zamanda bu sənətçilərin Azərbaycanda konsertlərinin təşkili üçün onların arzu etdikləri səhnəni qurmaq mütləqdir. Əks-təqdirdə, həmin sənətçilər son anda səhnəyə çıxmaqdan imtina edirlər. Belə sənətçilərin qonorarı adətən konsertdən əvvəl nağd şəkildə ödənilir ki, bu da Azərbaycan təşkilatçılarının büdcəsinə uyğun deyil.