"Xarı bülbül" erməniləri susdurub
 |
Plagiatlıq artıq onlara kömək etmir
Şənbə, 05.09.2009
|
|
Xanəndə Qoçaq Əsgərovun Özbəkistanda keçirilən "Səmərqənd" müsabiqəsində birinci yerə layiq görüldüyü barədə artıq xəbər verilib. Ötən gün mətbuat konfransı keçirən təmsilçilərimiz səfər təəssüratlarını təfərrüatı ilə bölüşdülər. Söhbəti açan musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırovanın sözlərinə görə, əslində müsabiqə təşkilatçılarına ayrı-ayrı orqanlardan 5 iştirakçının adı təqdim olunub. Lakin sonda onun təqdimatında Qoçaq Əsgərovun adı üzərində dayanılıb.
Avqustun sonlarında yola düşən musiqiçi heyəti müsabiqədə çıxışlarına başlamazdan əvvəl 48 ölkənin musiqiçiləri arasında keçirilən dostluq görüşündə iştirak etmişdir. 5 nəfərdən ibarət "Xarı bülbül" qrupunun çıxışı ətrafda cəm olan bütün təbəqəli insanların diqqətini özünə cəlb edib. Bir qədər kənarda çıxış edən erməniləri isə dinləyən yalnız özləri olub.
Sənubər Bağırova deyir ki, "Səmərqənd" müsabiqəsində zəif iştirakçıya qapı açılmır. Ermənilərin orada uğur qazanmamağı buna bir dəlil idi. Söhbətə müdaxilə edən "Xarı bülbül" qrupunun rəhbəri, tarzən Əliağa Sədiyev isə mövzuya uyğun olaraq bildirdi ki, müsabiqə zamanı ermənilər Şirzad Fətəliyevə məxsus olan nəfəsli aləti, yəni zurnanı hansısa havanı ifa etmək üçün istəməsi, onların oğurluq iddialarını bir daha ortaya qoymuşdu: "Lakin biz onların müraciətinə məhəl qoymadan, məkanı tərk etdik".
Ə.Sədiyev deyir ki, ermənilərin repertuarı da plagiatlıqdan xəbər verirdi. Belə ki, türk mahnısı olan "Narın-narın" və ardınca bir neçə Azərbaycan mahnılarından kiçik elementləri oğurlayan ermənilər "repertuarlarını" bu şəkildə tamamlayıblar. Lakin münsiflər heyəti onların fonoqram ilə ifa etdiklərini görüb, təmsilçi ölkənin çıxışını zəif balla qiymətləndirib.
Azərbaycanlı iştirakçıların ilk çıxışı isə hərarətlə qarşılanıb. Bunu ötən gün lent yazıları ilə göstərən musiqiçilər bildirdilər ki, müsabiqənin birinci mərhələsində "Mahur" muğamını ifa ediblər. Münsiflər onların çıxışını birinci yerə layiq görüb. Sənubər xanım deyir ki, "Xarı bülbül" çıxış edərkən münsiflər heyətinin rəhbəri və bir üzvü şəxsi kamerası ilə həmin dəqiqələri lentə köçürüblər. Onların qalib olduğu bəlli olandan sonra sonuncu çıxışları müsabiqənin bağlanış dəqiqələrinə keçirilib. Bunu əvvəlcədən bəyan edən təşkilatçılar tamaşaçıların sona qədər zalı tərk etmədiyinə də nail ola biliblər. "Qarabağ şikəstəsi" səsləndirən musiqiçilər sonda müsabiqənin mükafatını və 7000 dolları əldə ediblər.
Sonda öz işi barədə danışan Qoçaq Əsgərov bildirdi ki, hələ Füzuli rayonunda yaşayarkən muğama böyük həvəs göstərib. Böyüyəndən sonra Bakıya gəlib və A.Zeynallı adına Musiqi Texnikumunda xanəndə Vahid Abdullayevin sinfində dərs alıb. 3 ildən sonra sənədlərini Azərbaycan Milli Konservatoriyasına təqdim edən Qoçaq Əsgərov 4 il müddətində Azərbaycanın xalq artisti Arif Babayevdən muğamın sirlərini öyrənib.
Bir neçə il əvvəl başlayan muğam müsabiqəsinə qatılan Qoçaq Əsgərov orada da finalçı kimi yüksək pillələrdən birinə sahib olub. Sənubər xanım deyir ki, həmin finalçılar arasında yeganə Qoçaq Əsgərovdur ki, bu ilin mayında onun Azərbaycan Dövlət Filarmoniyasında solo konserti keçirilib. Eyni zamanda xanəndə bir sıra xarici konsertlərdə uğurla çıxışlar edib. Onun növbəti səfəri isə noyabr ayına təsadüf edir. Xanəndə bu barədə mətbuata geniş açıqlama verəcəyini bildirdi.
|
|
|
Oxşar xəbərlər:
Qoçaq Əsgərov Alim Qasımovun rekordunu təzələdi
|
|
|