Gələn ilin mayında Osloda keçiriləcək "Eurovision-2010" yarışmasında Azərbaycanı təmsil edəcək sənətçi və iştirakçının hansı mahnını ifa edəcəyi bu ilin noyabrına kimi məlum olacaq. "Eurovision" müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli bildirir ki, "Eurovision"da Azərbaycan təmsilçisinin seçilməsi üçün artıq I turu başa çatan milli seçimlərdə ancaq yerli sənətçilər iştirak edib: "Seçimlərdə iştirak üçün xaricdən heç bir təklif gəlməyib. Seçimlərdə ancaq yerli sənətçilər iştirak edib. Sözsüz ki, bu müsabiqədə duet formasında da, qrup şəklində də təmsil olunacağımız istisna deyil. "Eurovision" səhnəsində 6 nəfərdən ibarət musiqiçi ilə təmsil olunmağa icazə verilir. Bu hələ sonrakı mərhələdir. I turda bu müsabiqədə iştirak etmək istəyən sənətçilərin videorolikləri hazırlanıb. Növbəti mərhələdə isə artıq həmin iştirakçılar arasından seçim ediləcək. Bu turdan 10 nəfər də keçə bilər, 5 nəfər də".
Zəhra Bədəlbəylinin sözlərinə görə, Azərbaycan təmsilçisinin seçilməsində xarici mütəxəssislərin də rəyi nəzərə alınacaq: "Həmin videoroliklər və səs yazıları milli münsiflərlə yanaşı, xarici mütəxəssislərə də göndəriləcək. İsveç, Ukrayna və digər ölkələrdəki mütəxəssislərə göndərilən bu səs yazıları əsasında ən yaxşı namizəd seçiləcək. Yəni Azərbaycanı "Eurovision-2010" müsabiqəsində təmsil edəcək sənətçi, ya qrupun seçilməsində xarici mütəxəssislərin də məsləhətləri nəzərə alınacaq".
Musiqi koordinatoru qeyd edir ki, milli seçimlərdə xaricdən heç bir təklif olmasa da, xarici bəstəkarlar tərəfindən artıq çoxsaylı təkliflər var: "İştirakçımızın ifa edəcəyi mahnı üçün bir sıra təkliflər var. Xarici bəstəkarlardan bir neçəsi artıq mahnılarının hazır olduğunu və bu mahnıları bizə göndərmək niyyətində olduqlarını bildiriblər. Ancaq hələ mahnı qəbulu elan olunmayıb və bu proses üçün çox tezdir. Biz onlara gözləməyi məsləhət görmüşük".
"Eurovision-2010" müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçiminə iştirakçı məlum olduqdan sonra start veriləcək. Z.Bədəlbəyli deyir: "Artıq təmsilçimiz məlum olduqdan sonra mahnı qəbuluna başlanılacaq. Prosesin ardıcıl olaraq həyata keçirilməsi çox vacibdir. Sənətçi məlum olandan sonra mahnı seçimi asanlaşır". Həm təmsilçinin, həm də mahnının noyabra qədər məlum olacağını deyən musiqi koordinatoru bu proses başa çatdıqdan sonra müsabiqə hazırlıqlarına start veriləcəyini bildirib.
|