çap et  
Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"
Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"
Bir kinorejissor kimi isə musiqili filmlər çəkməyə üstünlük verir
Şənbə, 05.09.2009

Sevinc İsmayıl

Əməkdar İncəsənət xadimi, "Şöhrət" ordenli, "Muğam" teatrının direktoru və baş rejissoru Arif Qaziyev ilə Muğam Teatrından danışırıq. Onu necə yaratdıqları ilə maraqlanırıq:

- "Şur" filmim işıq üzü görəndə mən dünyada bir çox millətlərin bizim muğamlara olan marağını gördüm. Muğam bizim musiqi sənətinin köküdür. Baletdir, operadır, müasir musiqidir - bunlar bizimki deyillər, onları kənardan mənimsəmişik. İstədim özümüzün bir muğam teatrımız olsun və artıq 20 ildən çoxdur İçərişəhərdə bu teatrı yaratmışam və onun baş rejissoruyam. Bütün xanəndələr, sənətçilər burda oxuyublar, nə qədər yaradıcılıq və xatirə gecələri keçirmişik. Orta Asiyada, İranda, Ərəb ölkələrində, Türkiyədə muğam oxunsa da, dünyanın heç bir yerində muğam teatrı yoxdur. Rəhmətlik Üzeyir bəy Hacıbəyov yeddi muğamı elə səliqə-səhmana salmışdır ki, bizim xanəndələrimiz kimi muğam ifa edən yoxdur. Bir də mən hər zaman ssenarini elə qururam ki, muğam dəstgahı oxunanda hamı oturub qulaq asmalıdır. Onu söyləyə bilərəm ki, Muğam Teatrının dünyada bənzəri yoxdur.

- "Yol getmək ibadətin bir formasıdır". Bu sənət yolunda qarşınızı kəsənlər olubmu?

- Yox, o vaxtlar belə şeylər yox idi. Bir çoxları çalışırdı ortaya atılsın, özünü göstərsin. Vaxt olub səhərəcən yatmamışam, montajda olmuşam. 1967-ci ildə mənim birinci "Şur" filmim çəkiləndə çox narazılıqlar olub. Mənə qədər heç bir rejissor muğamdan film çəkməmişdi. Bu müzikldə dahi Fikrət Əmirovun simfonik muğamından istifadə olunmuşdu və mən ilk dəfə olaraq, həm muğamdan, həm simfoniyadan istifadə edərək ortaya rəqs epizodu salmışdım. Və indi xalqımızın şad günlərində, bayramlarda hər dəfə bu filmi verirlər efirə. Bu filmi Moskvada da dəfələrlə nümayiş etdiriblər və hətta mən Kiyevdə bu filmə görə mükafata layiq görüldüm. Kinofestivalda "Şur" filmi ən yaxşı film kimi seçildi. Mənə məneçilik törədən insanlar olmayıb, mən özüm özümə maneçilik törətmişəm. Sadəcə, bəzən insan özü özünə qalib gəlməlidir, onda heç kəs onun yolunu kəsə bilməz. Mən çalışıram özüm özümə qalib gəlim.

- Müsahibələrinizin birində demişsiz ki, çox çətin uşaqlığınız, əziyyətli günləriniz olub...

- Mən 1938-ci ildə Gəncə şəhərində doğulmuşam. Atamı görməmişəm, anam isə bu sənəti seçməyimə mane olmayıb, əksinə, istəyirdi mənimlə ciddi məşğul olsunlar. Mən kasıblıq içində yaşamışam. Birotaqlı evdə qalırdıq və həmin evdə bir şüşəsi sınıq lampamız var idi. Anam həmin lampanın deşilmiş hissəsinə xəmir yapışdırardı ki, mən dərslərimi yazıb oxuya bilim. Məktəbə ayaqyalın getdiyim vaxtlar olub. Və mən bunları danışmaqdan utanmıram, əksinə, fəxr edirəm ki, mən bu çətinliklərdən keçmişəm və bu gün Allahım mənə hər şeyi verib.

Məktəbdə oxuyanda sinif-sinif gəzib uşaqların qabiliyyətini yoxlayardılar və şagirdləri müxtəlif dərnəklərə dəvət edərdilər. Mənim səsim vardı və başqa uşaqlarla birlikdə apardılar Pionerlər evinə. Bizi o vaxt rəhmətlik Qənbər Hüseynlinin rəhbərlik etdiyi ansambla daxil etdilər. Həmin Qəmbər Hüseynlinin ki, dünyaca məşhur "Cücələrim"i bəstələyib. Mən bu mahnının ilk ifaçısı olmuşam. Bu yaxınlarda həmin ansamblın bir çox üzvlərini Muğam Teatrında yığıb, tədbir keçirdik. "Cücələrim" mənim üçün bir başlanğıc idi.

Sonralar iş elə gətirdi ki, televiziya məkanında ilk peşəkar diktor oldum. Daha sonra aktyorluq da etdim, nəsə rejissorluq məni çox cəlb edirdi və mən Leninqrada oxumağa yollandım. Orda çox peşəkar rejissor müəllim çalışırdı - Georgi Tovstonoqov. Mən 90-na yaxın film çəkmişəm, əsasən musiqili filmlərdir. Rejissor həm rəssamlığı, həm memarlığı, həm kinonu, teatrı, hər bir sahəni yaxşı bilməlidir. Məni bu sənətə, Bakıya oxumağa Fikrət Əmirov gətirib. Ona həsr etdiyim bir neçə filmlərim var, bu yaxınlarda "Mən səni araram" filmi efirə getdi.

- Çəkdiyiniz "Ayna" filmində bir insanın bədbəxt həyatı əks olunur, amma sonda müəllifin əsas fikri ön plana çıxır: "İnsan sənətini sevirsə, bu onun xoşbəxtliyidir". Bu sənəti seçdiyinizə görə özünüzdən razısınızmı?

- Əlbəttə, razıyam. Bilirsiz, peşədir, işdir, ailə qurmaqdır - bunlar hamısı səndən özünü və həyatını tamamilə bunlara sərf etməyi tələb edir. Romantika indi keçmişdə qalıb - bir qızı sevirdin, onun dalınca düşürdün, pəncərəsinin altında yatıb qalırdın. İndi isə hər şey ucuzlaşıb. Oğlan qıza zəng vurur ki, səndən xoşum gəlir, gəl filan barda və yaxud kafedə görüşək, tanış olaq. Sonra ailə qururlar və həmin ailə 1-2 il keçir dağılır. Bizim günlərdə boşanma halları saysızdır. Söhbət aynadan gedirsə, ayna təmiz olmalıdır, sən o aynada özünü görməlisən. Amma ayna böyüdən şüşədir və insan həmişə özünü orda olduğundan da böyük və yaxşı görür.

- 1982-ci ildə xalq artisti Zeynəb Xanlarovaya həsr olunmuş "Salam, Zeynəb" filmini çəkmişdiniz. 25 il ötəndən sonra bu filmin davamını çəkdiniz. Bizim günlərdə isə portret verilişlər, portret filmlər çox dəbdədir. Sanki başqa janrlar yox kimidir...

- Doğrudur, o vaxt Zeynəb xanım ilk müğənni idi ki, onun haqqında film çəkilmişdi. Mən də hələ təzə başlamışdım film çəkməyə və çox həvəsli idim. Birinci filmdə uşaqları hələ balaca idilər, bu filmdə isə artıq oğlunun toy səhnələri, nəvəsi var. Hətta rəhmətlik həyat yoldaşı da çəkilmişdi. Bu filmlərdə sanballı qadının, həyat yoldaşının və sənətkarın ömür yolu və yaradıcılığı əks olunur. Fərq yalnız illərdədir. Mən bu janrlı filmlərin və verilişlərin bu qədər populyarlaşmasına pis baxmıram. Sadəcə, bundan şəxsi reklam kimi istifadə edənlər çoxdur. Söhbətimizin əvvəlində həyatda yaşamış olduğum çətinliklər barədə danışmışdım, amma həmin bu filmlərə, verilişlərə çəkilən sənətçilər özlərini elə təqdim edirlər ki, guya doğulduqları gündən imarət evləri, maşınları, villaları olub. Öz sadə keçmişlərini danırlar. Bu baxımdan efirdə səmimilik yoxdur. Portret film həqiqəti, reallığı əks etdirməlidir.

- "Natəvan" filminizdə baş rolu müğənni Aygün Kazımova oynamışdı. Nəyə görə bəs bu rolu aktrisaların birinə həvalə etmədiniz?

- Bilirsiniz ki, hörmətli Mehriban Əliyeva bizim muğamın inkişafına böyük diqqət yetirir. Bu filmi ərsəyə gətirmək ideyası Moskvada yaşayan həmyerlimiz Fərhad Əhmədovun idi. Natəvanı Azərbaycanın mütərəqqi bir qadını oynamalı idi. Bilirsiniz ki, Xurşudbanu Natəvan istedadlı uşaqları saraya yığar, orada onlara muğam dərsləri keçilərdi. Yəni bizim mədəniyyətimizin inkişafında böyük rol oynamışdı. Onun şəxsi həyatı, ərindən ayrılmış olması və s. kimi məqamlar heç bir rol oynamır. Məndən soruşanda ki, niyə məhz Aygün Kazımovanı seçmişsiniz, mən suala sualla cavab verirəm: Bəs hansı aktrisanı təklif edərdiniz? Xaricdə aktrisalara "Oskar" mükafatı verəndə onların şəxsi həyatını yox, sənətini götür-qoy edirlər.

- "Mənəviyyat çox asanlıqla korlanır və çox çətinliklə düzəlir". Dövlət Televiziyasında 30 ildən çox baş rejissor kimi çalışmısınız. Yəqin, mənimlə razılaşarsınız ki, televiziyanın mənəviyyata birbaşa təsiri var. Televiziya sizin həyatınızda nə kimi rol oynayır? Razı və narazı qaldığınız məqamları açıqlaya bilərsinizmi?

- Narazı qaldığım məqam ondan ibarət idi ki, illərdir bu sənətə can qoymuşdum, amma mənim sənətimə qiymət verən yox idi. Və elə bir an yetişmişdi ki, mənim köməkçilərim də, assistentlərim də ad almışdı, mən isə almamışdım. Çox sağ olsun Prezidentimiz İlham Əliyev və mədəniyyət nazirimiz Əbülfəz Qarayev, mənə "Əməkdar incəsənət xadimi" adı verildi və "Şöhrət" ordeni ilə təltif edildim. Təsəvvür edin ki, mənimlə çalışan bir çoxları fəxri adları məndən 25 il əvvəl almışdılar. Mənim gördüyüm işlərin məgər bədii dəyəri yox idimi?

Televiziyanın təsiri hər hansı universitetin təlim-tərbiyəsindən daha güclüdür. İnsan bir verilişə baxar və oxuduğu iki-üç kitabın ona verə bilmədiyi bilgini həmin bir saatlıq verilişdən öyrənər. Sadəcə, bir çox telekanallarda bu məqama fikir verilmir. Mənə görə, televiziyada təfəkkürlü insanlar çalışmalıdır. Televiziya dönüb olub böyüdücü güzgü: bir də görürsən adi bir xəbəri elə şişirdirlər ki, qarışqa dönüb fil olur.

- Azərbaycanda kinonun inkişafı zəif gedir...

- Eşidirik ki, o film çəkir, bu film çəkir, amma orta heç nə yoxdur. Dünya səviyyəsinə baxsaq, kinomuz hər zaman zəif olub. İndi nə "Məşədi İbad", nə də "Arşın mal alan" çəkən var. Bunlar bizim xarakter filmlərimiz idi, çox yüksək səviyyəli aktyor truppaları, rejissorlar, operatorlar vardı. Mənə elə gəlir, kino elə bir sahədir ki, heç kimin himayəsi altında ola bilməz.

- "Həyatda uğur əldə etmək üçün insanlarla ünsiyyət bacarığı istedaddan öndədir". Siz minlərcə insanlarla, artistlərlə ünsiyyətdə olursunuz. Sizcə, bunlardan hansı daha güclüdür: genlər, tərbiyə, yoxsa həyatın insana təsiri?

- Mən Fikrət Əmirov, Qara Qarayev kimi dahi insanlarla çalışmışam və fəxr edirəm ki, onların haqqında filmlər çəkmişəm. Onlarla bağlı olan çəkilişlər Moskvada aparılırdı. Çünki hər ikisinin əsərləri Moskvada böyük simfonik orkestrlə və dahi dirijorların rəhbərliyi ilə ifa olunurdu. Mənə həmişə deyirlər ki, siz həmişə elə geyinirsiz, sanki toya gəlmisiniz. İnsanın qavrama qabiliyyəti olmalıdır və mən həmişə korifeylərdən müsbət cəhətləri görüb-götürməyə çalışmışam. Misal üçün, Rəşid Behbudov hər zaman zövqlə geyinərdi. Həyatda hər şeyi kitab oxumaqla bilmək olmur, gərək görüb-götürəsən. Mən dahi bəstəkar Şostakoviçlə üzbəüz oturub söhbət etmişəm, çoxları isə onu uzaqdan görməyi arzulardı. Yeri gəlmişkən, Şostakoviç Azərbaycan musiqisi barədə çox yüksək fikirdə idi və Qara Qarayev onun tələbəsi olmuşdu.

- Rejissorun həyatında ədəbiyyatın nə kimi rolu var?

- Qəzetlərdən tutmuş, hər sahəyə dair kitabların, əlbəttə, böyük əhəmiyyəti var. Rejissor mütləq müəllifin fikrini doğru tutmalıdır. Fikri oğurlamaq yox, götürmək lazımdır. İndi informasiya dövrüdür və insan analiz edib doğru seçim etməlidir ki, hə, bu informasiya mənə lazımdır, bu isə yox.

- Rusiyada məşhur rejissorlar arasında keçirilən sorğunun nəticələrindən bəlli olub ki, ən ağır və çətin çəkilən səhnələr - ölüm səhnələridir. Siz nə deyərdiniz?

- Onsuz da həyatın sonu ölümdür. Gəlin filmlərdə daha çox gözəllikləri əks etdirək. Hansı kanalı qoşursan, hər yerdə detektiv, müharibə filmləri, atışmalar, ölüm səhnələri və s. Mən daha çox musiqili filmlər çəkmişəm və bu filmlər həmişə gözəl, pafoslu, insana ruh verən sonluqda bitir. Musiqili filmlərin əsas məqsədi insanları bədbinlikdən çıxarmaqdır.