Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında bu qurumun sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirərək ali və orta ixtisas məktəblərinə builki qəbul imtahanları silsiləsinə yekun vurdu. İmtahanların yekunlarının elmi-statistik analizinə isə bu ay ərzində yekun vurulacaq və Azərbaycan toplumu ilin sonunadək bu nəticələrlə tanış ola biləcəkdir.
Açıqlanan rəqəmlərə gəlincə, qeyd olundu ki, fevraldan avqust ayına qədər 400 min nəfərə qədəri testdən keçiriblər və onların böyük qismi məktəblilər olub. 180 min şagird qəbul imtahanı verib, onlardan 110 min nəfərdən çoxu qəbul ola bilmişdir.
Magistraturaya qəbul olmaq istəyənlər, DİN, ədliyyə və vergi orqanlarında vəzifə tutmaq istəyənlər testlərdən keçiblər.
Ən sonda isə 9 illik təhsil bazasında orta ixtisas məktəblərinə qəbul olmaq istəyənlər imtahan vermişlər. Məleykə Abbaszadə qeyd edib ki, ölkədə orta ixtisas təhsilinə maraq artıb, bu il 9-cu sinif məzunları arasında yüksək rəqabət bundan xəbər verir. Qəbul olanların əksəriyyəti 170-180 bal toplayıblar. Sədr hesab edir ki, bunlar yüksək göstəricilərdir.
Bu il 900-ə yaxın abituriyent 600-dən çox bal toplayıb. Bu qabiliyyətli gənclər ölkənin 72 bölgəsini təmsil edirlər. Onlardan 102 nəfəri isə prezident təqaüdü alacaqlar.
|