Şirvan şəhərinə kakao rəngdə su
 |
1 litr suda 157 min bağırsaq çöpü?
Şənbə, 05.09.2009
|
|
Səksən minlik Şirvan şəhərinə verilən suyun rəngi kakao rəngində olur. Təbii ki, bu su ilə nə yuyunmaq, nə də ki içmək olur. Bu su xəstəliklər törədir, santexniki avadanlıqları sıradan çıxarır. Əhaliyə su birbaşa Kür çayından təmizlənməmiş və durulmamış vəziyyətdə verilir. Onlara lazımi reagentlər vurulmur. Fasilələrlə verilən çirkli, bağırsaq çöpləri ilə zəngin olan bu su dəridə və gözdə də müxtəlif xəstəliklər əmələ gətirir, saçları tökür. Bu sudan istifadə edənlərin böyrəklərinin nə vəziyyətdə olduğundan danışmağa dəyməz. 1 litr suda 157 min bağırsaq çöpü var. Suyun qatılıq həddi normadan beş dəfə çoxdur.
Bu müdhiş təsvir "ARAN" İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əlibəy Zeynalova məxsusdur. Ə.Zeynalov müvafiq müraciətini ölkə prezidentindən, parlamentin spikerindən və müvafiq nazirlərdən tutmuş KİV orqanlarına qədər hər yerə ünvanlamışdır. Buna "həyəcan təbili" demək olar. Ə.Zeynalov bunu Şirvan əhalisinə qarşı "cinayət" adlandırır və əhaliyə qarşı bu rəftara görə Şirvan su kanalizasiya idarəsinin rəisi Xaləddin Şahbazovu təqsirləndirir. Onun redaksiyamıza göndərdiyi fotoşəkillər əhalinin su təminatının bərbad olduğunu təsdiqləyir.
Ə.Zeynalov bildirir ki, su günaşırı verildiyindən əhali evlərə ehtiyat su üçün çənlər qoyur, yaxud da ki böyük qabaritli qab-qacağa yığdığı suyu gün ərzində duruldur. Durulmuş su ilə çimir, əl-üz yuyur, çay içir, yemək bişirir, paltar yuyur. Başqa əlac yoxdur. Kür üstündə yerləşən Şirvan şəhərinə su günaşırı - 15 gün bir hissəsinə, 15 gün də o biri hissəsinə verilir. Bu sudan içmək istəməyənlər isə mağazalardan alınan sulara görə əlavə xərcə düşürlər.
Əslində bu suya görə əhalidən pul yığılmamalıdır. "Amma Şirvan su-kanalizasiya idarəsinin işçiləri qapı-qapı evlərə düşüb əhalidən "su"yun pulunu tələb edirlər. Pulu ala bilməyəndə qaynaq traktoru ilə başlayırlar su xətlərini kəsməyə. Elə bu da əhalinin əsəblərini gərginləşdirir, onları özündən çıxarır. Adamlar məhkəmə və polislə hədələnir. Bəzən iş dava-dalaşa səbəb olur. Vətəndaşların məhkəmə və prokurorluğa müraciət perspektivləri sıfıra bərabərdir. Çünki görünməyən və bilinməyən məmur təzyiqləri hesabına bu orqanlarda vətəndaşların xeyrinə heç nəyi həll etmirlər, ya da ki onların şikayətləri rədd edilir", - deyə Ə.Zeynalov bu əyalət şəhərindən bildirir.
Ə.Zeynalov əhalidən yığılan pulun təyinatı üzrə istifadə edilmədiyini, saxtakarlıqlara və mənimsəmələrə yol verildiyini də iddia edir.
|
|
|
|
|
|
|