Elmin qabaqcıl nailiyyətləri əsasında iqtisadiyyatını yeniləşdirməyi və inkişaf etdirməyi düşünən, vətəndaşlarının rifahının daim artmasını istəyən bir ölkə mütləq müasir təfəkkürü, bilik və bacarıqları olan, dünyanın aparıcı tədris mərkəzlərinin məzunları ilə rəqabət apara bilən mütəxəssislərə malik olmalıdır. Belə mütəxəssislər hazırlamaq üçün təhsil sistemində, xüsusilə orta ümumtəhsil səviyyəsində köklü islahatlar getməli, müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) tətbiq edilməlidir.
29 şagirdə 1 kompüter
Etiraf edək ki, son illər Azərbaycanda ümumtəhsil məktəblərinin informasiyalaşdırılmasına diqqət xeyli artıb. 2004-cü ildə ölkədə 4521 orta məktəbdə cəmi 1570 müasir tipli kompüter var idi, bu da hər 1063 şagirdə 1 ədəd kompüter demək idi. Belə olan halda şagirdlərin biliklərinin yüksək səviyyəsindən danışmaq yersiz idi, o ki qaldı tədris olunan fənlərin öyrədilməsində qabaqcıl metod və texnologiyaların tətbiqindən...
2004-cü ilin avqustunda ölkə prezidentinin 353 saylı sərəncamı ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" adlı sənəd təsdiq edildi. Maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılmasını nəzərdə tutan bu Proqramda əsas məqsəd kimi ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təmin olunması, pedaqoji kadrların bu sahədə ixtisasının artırılması, yeni nəsil tədris materiallarının hazırlanması vəzifələri əks olunmuşdu. Vəsaitin böyük hissəsi - 80,6%-i texniki avadanlıq alınmasına, 15%-i isə proqram təminatının hazırlanmasına sərf edildi.
Proqrama dəstək məqsədilə BMT İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında müqavilə imzalandı - qarşı tərəf İKT avadanlıqları, Windows əməliyyat sistemi və Offise proqramları üçün lisenziya və sair xərclərdən ötrü 500 min dollar vəsait ayırdı.
Təhsil Nazirliyində bildirdilər ki, Proqramın icrası ilə bağlı 2005, 2006 və 2007-ci illərdə 3 tender keçirilmişdir, bunlarda yerli şirkətlərlə yanaşı xarici şirkətlər də iştirak etmişdir. Azərbaycan şirkəti - KÜR MMC-nin təklif etdiyi qiymət və şərtlər daha məqbul olduğundan İKT avadanlığı ilə bağlı tenderlərdə bu müəssisə qalib sayılmışdır.
TN şöbə müdiri İsmayıl Sadıxovun misal gətirdiyi rəqəmlərə görə, 2005-ci ildə 228 məktəb 5 725, 2006-cı ildə 946 məktəb 13 247, 2007-ci ildə isə 2 519 məktəb 11 602 ədəd kompüterlə təchiz olunmuşdur. Ümumilikdə 2005-2007-ci illərdə məktəblərə 30,5 mindən artıq kompüter, 437 noutbuk və proyektor verilmişdir. 2007-ci ilin sonuna ümumtəhsil məktəblərində orta hesabla 5-11 siniflərin hər 29 şagirdinə 1 kompüter, dövlət ali məktəblərində hər 28 tələbəyə 1 kompüter düşür.
Proqramın icrası dövründə 12 232 nəfər ümumtəhsil məktəb müəllimi və 12 367 nəfər dövlət ali məktəblərinin professor-müəllim heyəti İKT üzrə xüsusi kurs keçmişlər. 2006-cı ildə ayrı-ayrı fənlər üzrə audiovizual elektron vasaitlərin hazırlanmasına başlandı. Ümumtəhsil məktəblərində "Azərbaycan tarixi", "Kimya", "Biologiya" və "Fizika" fənlərinin tədrisi zamanı multimedia vasaitlərindən istifadə edilir.
İşin məntiqi davamı
Əldə edilmiş nailiyyətlərin davamı olaraq, təhsil sistemində informasiya infrastrukturunun səviyyəsini qaldırmaq məqsədilə ötən il "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul edildi. TN nəzdində yaradılmış Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyir ki, bu sənəddə əvvəlki illərdə görülən işlərin davamı kimi təhsil müəssisələrinin informasiya və kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter və digər zəruri rəqəmsal avadanlıqlarla təminatın yaxşılaşdırılması, elektron təhsil texnologiyalarının tətbiqinin yaxşılaşdırılması və digər fəaliyyətlər nəzərdə tutulmaqla, bir sıra yeni istiqamətlərdə işlər də nəzərdə tutulub.
Söhbət təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun yaradılmasından, onun idarəetmə və nəzarət sisteminin yaradılmasından, məktəblərin internetə çıxışının təmin olunmasından, təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin təşkilindən, təhsilin idarə olunmasının məlumat sistemlərinin inkişaf etdirilməsindən və təhsil sahəsi üçün əhəmiyyətli olan digər istiqamətlərdən gedir.
Dövlət Proqramının qəbulundan bir il keçib, lakin artıq müəyyən nəticələr əldə olunub. İlk növbədə bir neçə ay əvvəl yaradılmış Məlumat və Resurs Mərkəzini (MRM) qeyd etmək lazımdır. Mərkəzin funksionallığı olduqca genişdir - ölkənin təhsil şəbəkəsində internetə "giriş-çıxış nöqtəsi" olmaqla, təhsilə aid informasiya resurslarının da toplanacağı məkan olacaqdır. Burada quraşdırılmış avadanlıqlar xüsusi mərkəzləşdirilmiş antivirus proqramını məktəblərdəki kompüterlərə avtomatik olaraq yerləşdirəcək, şəbəkəyə qoşulmuş bütün məktəblərə eynivaxtlı mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq.
Məktəblər internetə çıxır
Proqramın ən uğurlu nəticələrindən biri məktəblərin İnternetə çıxış imkanının yaranmasıdır. Bu gün artıq 200 məktəb bu şansı əldə edib. Samir Məmmədov bildirdi ki, İnternetə qoşulacaq məktəblərin sayı ilin sonunda 500-ə çatmalıdır. Bu sıraya regionlarda yerləşən təhsil ocaqları da daxil olacaq. Yaxın illərdə isə ölkənin əksər orta təhsil müəssisələri İnternetdən yararlana biləcəklər.
Samir Məmmədov qeyd edir ki, məktəblərin internetə çıxışı MRM tərəfindən filtrasiya olunacaq. Söhbət müxtəlif oyunları, pornoqrafik saytları şagirdlər üçün əlçatmaz etməkdən gedir. Hazırda Dövlət Proqramı çərçivəsində aparılan fəaliyyətlərdən biri də ölkədə təhsil şəbəkəsinin yaradılmasıdır. Azərbaycan Təhsil Şəbəkəsinin (AZADUNET) əsas məqsədi bütün təhsil müəssisələrini vahid yüksəksürətli intranet-şəbəkə çərçivəsində birləşdirməkdir.
Bu şəbəkəni İnternetdən fərqləndirən odur ki, bura xaricdən müraciət etmək olmur. Amma internet-şəbəkədə olduğu kimi, intranet-şəbəkədə də NTML səhifələri, keçidlər, URL ünvanları, veb-saytlar yerləşdirmək mümkündür. Şəbəkə daxilində informasiya mübadiləsi çox yüksək sürətlə aparılır, bu isə xeyli vaxt qənaəti deməkdir. Beləliklə, intranet-şəbəkəyə qoşulacaq təhsil müəssisələri daha tez ünsiyyət qura biləcəklər.
Məktəblərdə, təhsil idarələrində, nazirlikdə CISKO telefonlar quraşdırılır. Sistem vasitəsilə təhsil naziri istənilən vaxt istənilən sinifdə videokonfrans rejimində dərsin gedişini müşahidə edə bilər. Bu videokonfransa IP-telefoniya sisteminə malik digər iştirakçılar da qoşula bilər.
|