Yevlax rayonunda "vəhhabilik" və "nurçuluğ"un qanunsuz təbliği ilə məşğul olan 13 nəfər həbs edilib. Bu barədə APA-ya Yevlax rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, polis əməkdaşlarının rayon ərazisində radikal dini cərəyanların qanunsuz təbliğinin qarşısını almaq məqsədilə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinə mənsub bir qrup şəxsin toplaşdığı yer aşkarlanıb.
Həyata keçirilən əməliyyat zamanı orada qanunsuz dini təbliğatla məşğul olan 10 nəfər - Zəfər İbrahimov (1972), İbrahim Əliyev (1970), Elgün Abdullayev (1981), Bilal İsmayılov (1982), Vahid Nağıyev (1969), Zəka Zeynalov (1983), Tural Abdullayev (1987), Fərhad Qarayev (1972), Elməddin Sadıqov (1982) və Kənan Qasımov (1973) saxlanılıb. Onlardan yayılması yasaq olunmuş müxtəlif adda dini ədəbiyyat götürülüb.
Məlumatda polis tərəfindən saxlanan Zəfər İbrahimovun rayon vəhhabilərinin başçısı olduğu göstərilir.
Yevlax polisinin həyata keçirdiyi digər əməliyyat zamanı isə "nurçuluq" dini təriqətini təbliğ edən üç nəfər - Hasil Məmmədov (1974), Yusif Məmmədov (1977) və Arif Yunusov (1968) saxlanılıb. Adıçəkilən şəxslərdən də yayılması yasaq olunmuş dini ədəbiyyat götürülüb. Hər iki təriqətin fikirlərində zərərli ünsürlərin varlığı qeyd olunur.
Təriqətçilərin hamısı barəsində Yevlax rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
|