Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində təlim zamanı faciəli hadisə baş verib. "MilAz"ın məlumatına görə, T-72 markalı tankın aşması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər ağır yaralanıb.
Zirehli texnikanın aşması nəticəsində tankın komandiri, gizir, 1983-cü ildə Ağstafada anadan olmuş Ramal Şofer oğlu Yusifov və müddətdən artıq hərbi xidmət qulluqçusu, Naxçıvan MR sakini, 1979-cu il təvəllüdlü Rahib Alim oğlu Qədimli həlak olublar. Yaralanan hərbçinin isə adı dəqiqləşdirilir.
Hadisə yerinə birləşmə komandiri, general-leytenant Kərəm Mustafayev, qarnizon hərbi prokuroru baş çəkiblər. Faktla bağlı cinayət işi açılıb və hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləsə də, araşdırmalar aparıldığını bildirir.
Bununla da 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrində itkilər 50-yə yaxınlaşıb. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən "Ayna"ya verilən məlumata görə, itkilərin 60 faizi qeyri-döyüş itkiləridir.
|