çap et  
Gənclər barışıq təklif ediblər
Gənclər barışıq təklif ediblər
Ombudsman Elmira Süleymanova Emin Milli və Adnan Hacızadə ilə görüşüb
Şənbə, 29.08.2009


S.Abbas

Ombudsman Elmira Süleymanova ünvanına daxil olmuş müraciətləri, məhkumların saxlanma şəraitini araşdırmaq məqsədi ilə ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) olub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmira Süleymanovanın ayrı-ayrılıqda qəbul etdiyi 20-dən çox təqsirləndirilən və məhkum edilmiş şəxs söhbət zamanı saxlanılma şəraitindən razı olduqlarını bildiriblər.

"Görüş zamanı bəzi saxlanılan şəxslər əsasən barələrində aparılan istintaqdan, məhkəmə qərarlarından və əsassız tutulmalarından şikayət edib, məhkəmə baxışı zamanı verilmiş vəsatətlərin hakimlər tərəfindən əsas gətirilmədən təmin edilmədiyini, barələrində ədalətsiz qərar qəbul olunduğunu söyləmişlər", - deyə açıqlamada bildirilir.

Elmira Süleymanova Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan, iyulun 8-də Səbayel rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş hadisə zamanı həbs edilən Adnan Hikmət oğlu Hacızadə və Emin Paşa oğlu Abdullayevlə (Emin Milli) də görüşüb. Sözügedən şəxslər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli olaraq yekunlaşdırıldığını, məsələnin barışıq yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Məlumata görə, Adnan Hacızadə və Emin Abdullayev bəzi qəzetlərdə onların siyasi motivlərə görə həbs edilmələri ilə bağlı verilən məlumatların həqiqətə uyğun olmadığını söyləyiblər. Onlar hər hansı bir siyasi partiyanın üzvü olmadıqlarını, iqtidar və ya müxalifət rəsmilərinin əleyhinə heç bir niyyətlərinin olmadığını, BİT-də saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətlənmədiklərini, vəkilləri ilə görüşdüklərini və qanunvericiliyə uyğun olaraq, ailələrindən sovqat aldıqlarını bildiriblər.

Elmira Süleymanova onların məsələsinin barışıq yolu ilə həlli üçün aidiyyəti qurumlara müraciət etdiyini və vəziyyətlərini diqqətdə saxladığını demişdir.