"Azərbaycan hakimiyyəti hökumətlə bağlı satira hazırlamış bloggerlərə qarşı irəli sürülmüş bütün ittihamları ləğv etməlidir". ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında belə deyilir ("Turan").
Sənəddə qeyd edilib ki, Emin Milli (ANTV onlayn video-bloqun müəllifi) və Adnan Hacızadə (OL! Gənclər Hərəkatının lideri) hökumətin müxtəlif sahələrdə siyasətini tənqid edən satirik süjetlər hazırlayıb və İnternetdə yerləşdiriblər. Bu süjetlər müxtəlif şəbəkə resurslarında çox məşhurlaşıb.
"Polis iyulun 8-də bloggerləri həbs edib və xuliqanlıqda ittiham edib, baxmayaraq ki, onlar özləri basqın qurbanı olublar. Onlar istintaq müddətinə (2 ay) həbs ediliblər və bu yaxınlarda onlara qarşı yeni - bədənə xəsarət yetirmək ittihamı irəli sürüblər. Təqsirləri sübut olunarsa, bloggerləri 2 ildən 5 ilə qədər həbs gözləyir, məhkəmə sentyabrın 4-nə təyin edilib. Milli və Hacızadəyə qarşı bu ittihamlar siyasiləşdirilib və biz Azərbaycan hakimiyyətini onları dərhal azad etməyə çağırırıq", - JMK-nın bəyanatında belə deyilir. Qurumun Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Nina Oqnyanova bildirib ki, tamaşa xarakterli təxribatlar Azərbaycanda müstəqil səslərin boğulması üçün sevimli üsula çevrilib.
Bəyanatda daha sonra deyilir ki, "yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Milli və Hacızadənin həbsini bir neçə dəfə pisləyiblər. Bu zaman qeyd edilib ki, gənc fəalların təqib olunmasına səbəb Bakıda mətbuat konfransında Azərbaycanda necə yaxşı yaşadığı barədə danışan eşşək haqqında videosüjet olub".
|