Azərbaycan - Qazaxıstan münasibətlərində "qızğın payız"
 |
Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsisində daha böyük irəliləyiş olacağı gözlənir
Şənbə, 29.08.2009
|
|
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov dünən "Novosti" agentliyinin ofisində təşkil etdiyi mətbuat konfransını ölkəsinin Konstitusiya gününə həsr etmişdi. Qazaxıstanda Konstitusiya günü hər il avqustun 30-da çox geniş bir şəkildə qeyd edilir. Bu il isə Əsas Qanunun qəbulunun 14-cü ildönümüdür. Səfir Əsas Qanunun ölkəsinin həyatında oynadığı sabitləşdirici və tənzimləyici roldan danışdı. Bundan əlavə, jurnalistləri maraqlandıran sualları cavablandırdı.
Təbii ki, ən çox maraq doğuran məsələ Aktauda qarşıdakı Xəzər sammiti idi. Səfir Serik Primbetov bildirdi ki, Qazaxıstan, Azərbaycan, Rusiya və Türkmənistan prezidentlərinin sentyabrın 11-13-də Aktau sammiti qeyri-formal xarakter daşıyacaq. Fəqət İran prezidentinin Aktauya dəvətli olmadığının səbəbi barədə sualları izah etməkdə çətinlik çəkdi. Bu barədə məlumatı olmadığını söylədi. Səfir yalnız onu dedi ki, sammitin gündəmi prezidentlərin özləri tərəfindən müəyyən ediləcək. Bununla belə, Aktauda Xəzərin hüquqi statusunun müəyyən edilməsi, enerji sahəsində əməkdaşlıq və s. mövzuların müzakirəsi gözlənir. Belə bir ehtimal var ki, bu dörd postsovet ölkəsi Xəzərin statusunda İrana qarşı vahid mövqe sərgiləyə bilər.
Xəzərdə sualtı boru kəmərləri çəkilişinə rəsmi Astananın münasibəti ilə bağlı suala da birbaşa cavab olmadı. Eyni zamanda, səfir qeyd etdi ki, onun ölkəsi enerji resurslarının ixracatında çoxvariantlılığa və boru kəmərlərinin çoxistiqamətliliyinə tərəfdardır. Nabukko layihəsinə Qazaxıstanın neft verməsi məsələsinə gəldikdə, səfir belə bir fikir söylədi ki, Kaşaqanda "əvvəl nefti çıxaraq, sonra baxarıq".
Diplomat Azərbaycan və Qazaxıstan arasında ticərət dövriyyəsinin ilin birinci yarısında azalma tendensiyası yaşadığını qeyd etdi. Rəqəm də gətirdi: 2009-cu ilin birinci yarısında Qazaxıstandan Azərbaycana taxıl göndərişi 89 mln.
dollardan (ötən ilin müvafiq dövründə) 10 mln. dollara enib. Serik Primbetov bunu Azərbaycanın özünün bu il kifayət qədər taxıl məhsulu hasil etməsilə əlaqələndirdi. Fəqət Qazaxıstanın bərk sortlu buğdasına ehtiyacın qaldığını sözlərinə əlavə etdi.
Azalma tendensiyası boru və metal məhsulları ixracında da özünü göstərir. Bu kimi halları beynəlxalq maliyyə böhranı ilə əlaqələndirən səfir, ilin ikinci yarısında ticarət dövriyyəsinin artacağını və sabitləşəcəyini gözlədiklərini bildirdi. Bakıda birgə taxıl terminalında unüyütmə istehsalatının işə salınmasına hesablanmış ümidlər böyükdür. Burada İsveçrə avadanlığı quraşdırılır. Aktauda Azərbaycan tərəvəzçilik terminalı ideyası isə, səfirin sözlərindən belə anlaşıldı ki, ideya olaraq qalacaq. Belə ki, Aktauda meyvə-tərəvəz Bakı bazarlarından ucuz imiş.
Təhsil sahəsində əməkdaşlıqda problemlər olur. Məsələn, valideynləri Qazaxıstandan Azərbaycana qayıdan tələbələrin burada müvafiq ali məktəbə dəyişilməsində əngəllər çıxır. Eyni zamanda, Azərbaycan hərbi-dəniz məktəbində təhsilin keyfiyyəti nəzərə alınmaqla, hazırda burada Qazaxıstandan 13 tələbə təhsil alır, onların 5 nəfəri bu il qəbul olunmuşdur.
Sentyabrdan başlayaraq iki ölkə rəsmilərinin təmaslarının intensivləşcəyini nəzərdə tutmaqla, səfir Serik Primbetov "qızğın payız"dan söz etdi. 30 sentyabr - 1 oktyabr tarixlərində prezident Nursultan Nazarbayevin Bakıya rəsmi səfəri barədə danışarkən səfir qeyd etdi ki, əsas mövzu ticari-iqtisadi münasibətlərin müzakirəsi olacaq. Səfər ərəfəsində isə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası olacaq. Avtomobil nəqliyyatı, dəniz gəmiçiliyi, sənaye, kənd təsərrüfatı, fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında bir sıra ikitərəfli sənədlər üzərində razılaşma xarakterli işlər başa çatarsa, bu sənədlər Qazaxıstan prezidentinin Bakı səfəri zamanı imzalana bilər.
Qazaxıstan Senatının rəhbəri Kasımcomart Tokayevin səfəri isə başqa səpkidə olacaq. Spiker sentyabrın 28-29-da Türkdilli Dövlətlərin Parlament Assambleyasının sessiyasında iştirak məqsədilə Bakıya gələcək. Heyətə Qazaxıstan parlamenti yuxarı və aşağı palatalarının hər birindən 3 deputat olmaqla, 6 millət vəkili daxil olacaq.
Bilindiyi kimi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsisi haqqında qərar keçən il İstanbulda qəbul edilmişdi. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistan parlament spikerlərinin ilk konfransında bu məsələ müzakirə olunarkən Özbəkistan və Türkmənistan tərəddüd göstərmişdi. Bu ilin iyununda isə qurumun katibliyinin Bakıda yerləşməsi qərara alınıb. Bu isə hansısa bir irəliləyişin əlaməti kimi görülür. İdeya belədir ki, ya türk ölkələri AB, Rusiya və Çin arasında təsir altına düşərək assimilyasiya olunub getməli, ya da AB timsalında bir qurumda birləşərək dünya düzənində öz yerlərini müəyyənləşdirməlidirlər. Bu istiqamətdə görülən işlərdə daha böyük bir irəliləyişin olacağına ehtimallar böyükdür.
|
|
|
|
|
|
|