"Ölkə prezidentinin Abşeron yarımadasında 3 milyona qədər ağac əkilməsi haqqında tapşırığının icrası ilə bağlı görülən tədbirlər nəticəsində yaşıllıqlar ikiqat artacaq. Bunun üçün yerlər müəyyənləşdirilib, öyrənilib, o yerlərdə su mənbələri ortaya çıxarılıb". APA-nın məlumatına görə, bu sözləri YAP-ın saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, artıq bu məqsədlə layihələr də hazırlanıb:
"Daha çox elmi əsaslara söykənən layihələndirmə işləri aparılır, bu istiqamətdə 5-6 layihə hazırlanıb, 20-dək layihənin isə üzərində iş gedir. Düşünürük ki, builki əkin mövsümündə hava limanı ətrafında, keçmiş bazarların yerində böyük yaşıllıq massivləri salınsın. Aeroport yolunun yaxınlığındakı böyük gölməçələrin yerində geniş yaşıllıq sahələri salmağı qərara almışıq. Ümumilikdə, həmin ərazidə 2 min hektara qədər yaşıllıq sahəsinin salınması nəzərdə tutulur".
H.Bağırov bildirib ki, dövlət başçısının göstərişindən sonra Bakıda ağacların kəsilmə halları xeyli azalıb: "Cəmiyyət də diqqətli olmalıdır. Ölkədə ictimai nəzarət də güclüdür, hər kəsilən ağac üçün etiraz səsi qaldırılır. Əkilən ağacların sayı kəsilən ağacların sayından qat-qat çoxdur. Ağacların kəsilməsinə görə böyük cərimələr nəzərdə tutulur. Məsələn, son 2-3 ayda təkcə Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub".
Nazir erməni tərəfin Azərbaycan təbiətinə vurduğu ziyandan da danışıb: "Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın "yaşıl soyqırım" siyasəti və ən nadir təbiət abidələrini darmadağın etməsi, eyni zamanda Araz çayını çirkləndirməsi barədə beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər etmişik". Nazir sözlərinə əlavə edib ki, ekoloji təcavüz də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir:
- İşğalçılar güllə atmasalar belə, çayları, gölləri çirkləndirir, meşələri qırırlar. Ermənilər hər sahədə - informasiya sahəsində də, ekologiya sahəsində də Azərbaycanla müharibə aparırlar. Beynəlxalq təşkilatlara şikayət etsək də, qarşı tərəf daha çox susmağa üstünlük verir.
H.Bağırov Avropanı bu problemə yanaşmada ikili standartda təqsirləndirib: "Bir çox ölkələr, beynəlxalq təşkilatlar ermənipərəst mövqe tutub. Biz beynəlxalq təşkilatların böyük tədbirlərində və ikitərəfli görüşlərdə problemi qaldırırıq. Çalışırıq ki, bu faktları daha geniş formada dünyada yayaq və Ermənistanın təcavüzünün təkcə Azərbaycan üçün deyil, bütün region üçün böyük təhlükə yaratdığını beynəlxalq aləmə çatdıraq".
Nazir digər dövlətlərin Xəzərin ekoloji problemləri ilə maraqlanmadığından şikayətlənir:
"Xəzəryanı dövlətlər içərisində Azərbaycan yeganə ölkədir ki, Xəzər dənizində ekoloji tarazlığın qorunub saxlanmasında böyük layihələrlə çıxış edir", Xəzər sularının ekoloji mühafizəsini gücləndirir. Nazirin sözlərinə görə, bəzi böyük ölkələr Xəzər dənizindən siyasi məqsədlər üçün istifadə edirlər, amma ekoloji cəhətdən heç bir qayğı göstərmirlər: "Dənizin çirklənməsi Volqa çayının dənizə qovuşan yerində 80 faiz, Ural çayının dənizə qoşuşan yerində 7-8 faizdir. Bu gün Xəzərin Qazaxıstan akvatoriyasında elə neft sahələri var ki, çirkab konservasiya olunmayan quyulardan birbaşa dənizə axır. İranda dəniz sahillərində isə 14 milyon insan yaşayır və nəzərə almaq lazımdır ki, heç bir ölkədə dəniz sahilində bu qədər əhali yaşamır. Amma bu ərazilərdə heç bir təmizləyici qurğu mövcud deyil. Kür və Araz çaylarına gəldikdə, bu çaylar Gürcüstan və Ermənistan ərazisində çirklənir. Baxmayaraq ki, bu çayların suyu bir neçə dəryaçada durulur, təmizlənir və nəticədə dənizə tökülür. Biz bu məsələnin də qarşısının alınması üçün tədbirlər həyata keçiririk".
Nazir bildirib ki, ölkə prezidentinin müvafiq sərəncamları ilə gündə 6140 m3 sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran və Novxanı-Sumqayıt sahilboyu ərazilərində 17 stansiya istismara verilərək "Xəzər dənizinin ekoloji mühitinin mühafizə sistemi" yaradılıb.
Nazir Kilimancaro vulkanına səfəri barədə mətbuatda səslənən tənqidi fikirlərə də münasibət bildirib. Nazir deyib ki, bu ekspedisiyanı məzuniyyəti dövründə həyata keçirib və məqsədi Azərbaycanı dünyada tanıtmaq olub.
|