"Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupundan başqa beynəlxalq mexanizm yoxdur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.
Jurnalistlərin Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsinin danışıqlar prosesinə necə təsir edə biləcəyi ilə bağlı sualını cavablandıran səfir Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin ATƏT-in Bakı ofisinə birbaşa aidiyyəti olmadığını söyləyib: "Bu problemlə mənim digər həmkarlarım məşğul olur, ona görə də çox şey deyə bilmərəm. Amma danışıqlar davam edir. Dəyişikliklər hər zaman ola bilər, heç kim bir yerdə daimi qalmır, hər kəs dəyişir. Amma hazırda münaqişənin həlli üçün Minsk Qrupundan başqa əlimizdə heç bir beynəlxalq mexanizm yoxdur. Azərbaycan hökuməti də bu məsələ ilə bağlı çox iş görür. Bu işlər davam edəcək".
Yeri gəlmişkən, dünən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT Bakı ofisinin rəhbərini onun xahişi ilə qəbul edib. Ombudsman Aparatı mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman görüşdə ATƏT-in Avropa məkanında nüfuzlu regional qurum kimi tanındığını diqqətə çatdıraraq Azərbaycanın Avropaya inteqrasiya yolunu seçdiyini qeyd edib.
Cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlama və istintaq təcridxanalarında insan hüquqlarının pozulması hallarının öyrənilməsi və şikayətlərin sürətli cavablandırılması məqsədilə hələ 2004-cü ildə ATƏT-in Bakı ofisi ilə birgə layihə çərçivəsində təsisatda qaynar xəttin yaradıldığı və indiyədək fəaliyyət göstərdiyi bildirilib.
Müvəkkil Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyini qeyd etmiş, ATƏT Minsk Qrupunun reallıqlara söykənərək daha qətiyyətli, səmərəli, açıq və şəffaf fəaliyyət göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.
Ə.B.Cankorel ombudsmanla görüşünün gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olduğunu söyləyib. O, qarşıdakı bələdiyyə seçkilərinə hazırlıq məsələsinə də toxunaraq, əhalinin seçkilərə psixoloji cəhətdən hazırlığının, seçki mədəniyyətinin inkişaf etdirilməsinin, bu sahədə birgə layihələrin həyata keçirilmə zərurətini qeyd edib.
Qonaq daha geniş əməkdaşlığa nail olmaq üçün ATƏT Bakı ofisinin ölkəmizin regionlarında nümayəndəliklərinin açılmasında maraqlı olduğunu və bu işdə ombudsmanın da dəstəyinə ümidvar olduğunu bildirib.
|