![]() |
çap et |
|
|||
Azərbaycan Premyer Liqasında II turun oyunları keçirildi. "Bakı" və "Qarabağ" Avropa Liqasında çıxış etdiyindən, turun nəzərdə tutulan 6 qarşılaşmasından 4-ü baş tutdu.
Mövsümdə ilk oyununu keçirən "Xəzər-Lənkəran" prinsipial rəqiblərindən biri - "İnter"i bir qolla məğlub etdi. Öz meydanında "Turan"a qalib gələn "Neftçi" isə iki qələbə qazanan yeganə komanda oldu. Adrian Neaqanın 11 metrlik cərimə zərbəsindən vurduğu top həm mövsümün ilk penaltisi, həm də "flaqman"ın milli çempionatlar tarixində 900-cü qolu kimi əlamətdar oldu. Bu qələbədən sonra "Neftçi" turnir cədvəlində birincidir. İkinci pillədə isə "Muğan"dır. Salyan təmsilçisi bu dəfə Zaqataladan bir xalla qayıdıb. İlk turda öz meydanında uduzan "Olimpik-Şüvəlan" bu dəfə səfərdə qalib gəlib. "Karvan"ı məğlub edən bakılılar turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. Sabiq komandasını iki qolla məyus edən Anatoli Doroş sərrast oyunçular siyahısında birincidir. II turun nəticələri: "Xəzər-Lənkəran" - "İnter" - 1:0, "Neftçi" - "Turan" - 2:0, "Simurğ" - "Muğan" - 0:0, "Karvan" - "Olimpik-Şüvəlan" - 2:3. Premyer Liqanın III turu avqustun 28-dən 30-dək keçirilməli idi. Lakin AFFA-nın qərarına əsasən, turun qarşılaşmaları başqa vaxt oynanılacaq. Buna Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlaşması səbəb olub. Yığmanın seçmə mərhələ oyunlarında daha yaxşı çıxış etməsini istəyən AFFA rəhbərliyi qurumun İcraiyyə Komitəsinin üzvləri ilə razılaşaraq III turun təxirə salınması haqqında qərar qəbul edib. Xatırladaq ki, Azərbaycan yığması dünya çempionatının seçmə oyunları çərçivəsində sentyabrın 5-də Bakıda Finlandiya milli komandasını qəbul edəcək. Senyabrın 12-də isə millimiz səfərdə Almaniya komandasının qonağı olacaq. III tur təxirə salındıqdan sonra komandalar bir də sentyabrın 11-13-də meydana çıxacaq. |